Xamenei “əleyhinəyəm” dedi, SEPAH-la bağlı ŞOK iddia yayıldı – İranda nə baş verir?- Tamilla Qulami şərh edir…
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əli Xəzərian ali lider Müctəba Xameneinin mövcud şərtlər daxilində ABŞ ilə danışıqların davam etdirilməsinin əleyhinə olduğunu açıqlayıb.
Xəzərianın sözlərinə görə, Müctəba Xamenei hazırkı vəziyyətdə danışıqların uzadılmasını qəti şəkildə dəstəkləmir. Analitiklərin fikrincə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranda çevriliş edərək nəzarəti əlinə alıb və Müctəba Xamenei öz iradəsi ilə hərəkət etmir.
Globalinfo.az-a danışan Azərbaycan Ümid Partiyası İdarə Heyətinin üzvü Tamilla Qulami deyib ki, bir xəbərdən SEPAH-ın İranda çevriliş etdiyi nəticəsinə gəlmək hələ tezdir:
“Çünki bu barədə hələlik ciddi bir fakt yoxdur. Heç kimə sirr deyil ki, İran idarəetməsində hərbi təsir üstünlük təşkil edir. Ona görə də hazırkı şəraitdə belə bir ssenarini ehtimal etmək mümkün olsa da, bunu təsdiqlənmiş məlumat kimi təqdim etmək qeyri-ciddi yanaşma olar. Daha çox ehtimal olunan variant İran daxilində güc balansının dəyişməsi və ya sərt xətt tərəfdarlarının mövqelərinin güclənməsidir.
Xatırladaq ki, İranın keçmiş ali dini lideri Əli Xameneinin ABŞ-la danışıqlara münasibəti tarixən ehtiyatlı və şərtli olub. Bu münasibət yalnız cari situasiya ilə deyil, ümumilikdə İranın təhlükəsizlik doktrinası ilə bağlıdır. ABŞ və İran arasındakı münasibətlərdə etimadsızlıq, xüsusilə 2015-ci ildə İran ilə böyük dövlətlər arasında imzalanmış nüvə razılaşmasından – JCPOA – ABŞ-ın çıxması ilə daha da dərinləşib.
Müctəba Xamenei tutduğu mövqeyə görə ölkə daxilində və xaricində təsirli fiqur kimi qəbul olunur. Hələlik onun həyatda olub-olmaması ilə bağlı dəqiq məlumat yoxdur. İranda ali dini liderin sərt mövqe tutması sistem daxilində yeni hal deyil və daha çox inqilabi xəttin davamı kimi qiymətləndirilir”.
Müctəba Xameneinin ali dini lider seçilməsi məsələsini gündəmə gətirən də məhz SEPAH olub. Ölkədə sərt idarəetmənin davam etdirilməsi üçün bu addımın atıldığı iddia edilir. İslam İnqilabı Keşikçiləri Korpusu son illərdə klassik hərbi qurumdan daha çox siyasi-iqtisadi güc mərkəzinə çevrilib. Onların təsiri hökumət daxilində yüksək olsa da, bunu klassik hərbi çevriliş kimi qiymətləndirmək düzgün deyil.
Politoloqun sözlərinə görə, İranın siyasi sistemi elə qurulub ki, SEPAH ilə dini liderlik arasında qarşıdurmadan çox qarşılıqlı asılılıq mövcuddur:
“Buna görə də hazırkı mərhələdə ABŞ ilə danışıqların dayandırılması və ya uzadılmaması daxili konsensusun nəticəsi ola bilər. Çünki SEPAH və sərt xətt tərəfdarları regional riskləri – İsrail, ABŞ və daxili etiraz ehtimalını – əsas gətirərək daha qapalı siyasətə üstünlük verirlər.
Əgər, həqiqətən də, çevriliş baş versəydi, ali liderin ictimai çıxışları məhdudlaşdırılmalı, orduda və siyasi elitada açıq parçalanmalar müşahidə olunmalı, paytaxtda və digər böyük şəhərlərdə fövqəladə təhlükəsizlik rejimi tətbiq edilməli və genişmiqyaslı həbslər həyata keçirilməli idi. Hələlik bu kimi siqnallar müşahidə olunmur. Ona görə də SEPAH-ın hər hansı çevriliş etdiyini düşünmürəm. Onsuz da real hakimiyyət mexanizmləri böyük ölçüdə onların əlindədir.
Müctəba Xameneinin danışıqlara qarşı çıxması ehtimal ki, SEPAH-ın çevrilişi ilə deyil, İran daxilində sərt xəttin güclənməsi və xarici təhdidlərin artması ilə bağlıdır. Çünki İran siyasi sistemi daxilində qərarlar çox vaxt müxtəlif güc mərkəzlərinin razılaşması əsasında formalaşır, qəfil hakimiyyət dəyişikliyi nəticəsində deyil”.
Turan Rzayev
Şərh yaz




