İran Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Əmir Səid İrəvani vasitəsilə beş ərəb ölkəsindən təzminat tələb edib. Bəhreyn, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı İrana qarşı müharibədə İsrail və ABŞ ilə “əlbir olmaqda” ittiham olunur. İrəvani bildirib ki, bu ölkələrin hərəkətləri nəticəsində İrana həm fiziki, həm də mənəvi ziyan dəyib və bu ziyanın kompensasiya olunması tələb edilir. Tehran tərəfi iddia edir ki, həmin dövlətlər münaqişə zamanı “şərik tərəf” kimi çıxış ediblər və beynəlxalq öhdəliklərini pozublar.
Bu ittihamlar fonunda sual yaranır – regionda artan gərginlik yeni diplomatik qarşıdurmaya səbəb ola bilərmi?
Azərbaycan Ümid Partiyası İdarə Heyətinin üzvü Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranın bu addımı konkret olaraq 5 ölkəni hədəfləsə də, əslində bütün regiona mesaj xarakteri daşıyır: “Bu tip ittiham və təzminat tələbi daha çox siyasi-diplomatik alət kimi qiymətləndirilir, nəinki real hüquqi prosesin başlanğıcı kimi. Amma bunun regiondakı münasibətlərə təsiri real və ciddi ola bilər”.
Politoloq hesab edir ki, yeni diplomatik qarşıdurma ehtimalı olsa da, bu, böyük ehtimalla idarə olunan və məhdud xarakter daşıyacaq.
“İran bu addımla ərəb ölkələrinə mesaj verir ki, onların neytral olmadığını düşünür. Ərəb ölkələri isə böyük ehtimalla ittihamları rədd edəcək və məsələni siyasi ritorika kimi təqdim edəcək. BMT səviyyəsində belə iddiaların hüquqi nəticə doğurması çətindir (sübut və mexanizmlər zəifdir). Bu səbəbdən diplomatik gərginlik artacaq, amma açıq bloklaşma və ya kollektiv qarşıdurma dərhal gözlənilmir”, – deyə Anar İsayev bildirib. Politoloqun fikrincə, İran–ərəb münasibətləri pisləşsə də, tam qırılma ehtimalı aşağıdır.
Politoloq qeyd edib ki, son illərdə İran–Səudiyyə yaxınlaşması (Çin vasitəçiliyi ilə) və Körfəz ölkələrinin daha balanslı siyasət yürütməsi kimi faktorlar mövcuddur. Bu ittihamlar isə həmin yumşalma prosesinə müəyyən zərbə vura bilər. Belə ki, etimadın azalması, diplomatik kanalların zəifləməsi və regionda “səssiz rəqabət”in yenidən güclənməsi mümkündür. Ancaq görünən odur ki, Körfəz ölkələri açıq müharibə və ya eskalasiyada maraqlı deyil, eyni zamanda İran da regional təcridin dərinləşməsini riskli hesab edir.
Anar İsayevin fikrincə, İranın bu addımı daxili auditoriya üçün “tək deyilik” mesajı vermək, ərəb ölkələrinə təzyiq göstərmək və gələcək danışıqlarda mövqelərini gücləndirmək məqsədi daşıya bilər. Qarşıdakı mərhələdə rəsmi bəyanatlar və qarşılıqlı ittihamlar artsa da, gizli diplomatiyanın (xüsusilə Oman, Qətər kimi vasitəçilərlə) davam edəcəyi gözlənilir. Açıq iqtisadi və ya hərbi qarşıdurma ehtimalı isə aşağı olaraq qalır.
Anar İsayev yekun olaraq bildirir ki, bu addım regionda gərginliyi artırsa da, proses nəzarətdən çıxmayan diplomatik eskalasiya çərçivəsində qalır və tərəflər hələ də tam qırılmadan yayınmağa çalışır.
İradə Cəlil, Bizimyol.info
Şərh yaz




