BƏƏ-dən “barıt çəlləyinə kibrit”: ABŞ ilə yeni hərbi plan…- Anar İsayev şərh edir…
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hörmüz boğazını gəmiçiliyə açmaq üçün ABŞ-yə hərbi yardım göstərməyə hazırlaşır.
“The Wall Street Journal” qəzetinə görə, Əbu-Dabi BMT Təhlükəsizlik Şurasının belə bir addımı təsdiqləyən qətnaməsi üçün lobbiçilik edir.
Bundan əlavə, BƏƏ diplomatları Avropa və Asiya ölkələrini Hörmüz boğazından naviqasiya azadlığını təmin etmək üçün koalisiya yaratmağa çağırırlar.
Maraqlıdır, BƏƏ-nin bu addımı Yaxın Şərqdə hansı proseslərə səbəb olacaq?
Məsələ ilə bağlı TodayPress TV-də danışan Azərbaycan Ümid Partiyası İdarə Heyətinin üzvü, politoloq Anar İsayev bunun region üçün ciddi geosiyasi nəticələr doğura biləcəyini deyib:
“BƏƏ-nin belə bir addımı əslində təkcə Hörmüz boğazı ilə bağlı texniki məsələ deyil. Bu, regionda güc balansına, təhlükəsizlik arxitekturasına və böyük güclərin qarşıdurmasına birbaşa təsir edən strateji qərardır. Hörmüz boğazı İran üçün “qırmızı xətt” sayılır. BƏƏ-nin ABŞ ilə birlikdə hərbi şəkildə gəmiçiliyi qorumağa çalışması Tehranda İranın suverenliyinə və təsir zonasına müdaxilə, ABŞ-nin regionda hərbi mövcudluğunu artırmaq cəhdi kimi qəbul ediləcək. Bu isə İranın hərbi cavab riskini artıra bilər (məsələn, pilotsuz aparat hücumları, mina yerləşdirmə, tanker insidentləri), eyni zamanda proksi qüvvələr (Yəməndə husilər, İraqda şiə milislər) vasitəsilə təzyiqin artmasına səbəb ola bilər”.
Analitik, həmçinin əlavə edib ki, bu, körfəz ölkələri daxilində parçalanma da yarada bilər:
“Bütün ərəb ölkələri bu addımı eyni şəkildə dəstəkləmir. Belə ki, Səudiyyə Ərəbistanı bu plana ehtiyatlı dəstək verə bilər, amma birbaşa eskalasiyadan çəkinir. Qətər və Oman daha neytral xətt saxlayır və İranla dialoqa üstünlük verir. Bu isə öz növbəsində Körfəz Əməkdaşlıq Şurasında fikir ayrılıqlarını dərinləşdirə bilər.
Lobbiçilik məsələsinə gəldikdə, əgər BƏƏ uğurlu lobbiçilik aparsa, ABŞ, Böyük Britaniya, Fransa kimi ölkələr artıq mövcud olan dəniz missiyalarını genişləndirə bilər. Yaponiya, Cənubi Koreya, Hindistan kimi enerji asılı ölkələr də dolayı şəkildə qoşula bilər. Amma Çin və Rusiya ehtimal ki, buna qarşı çıxacaq və ya alternativ təhlükəsizlik mexanizmləri təklif edəcək”.
Anar İsayevin fikrincə, BƏƏ-nin bu təşəbbüsü, əslində, naviqasiya azadlığını qorumaq məqsədi daşısa da, əksinə, regionu daha təhlükəli vəziyyətə gətirə və İranı daha sərt addımlar atmağa sövq edə bilər.
Qiymət Mahir
TodayPress TV
Şərh yaz




