Laricani ölümündən əvvəl Azərbaycanı hədəf alıb? – İlginc detallar – Tamilla Qulami şərh edir
İsrailin hücumu nəticəsində öldürülən İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricaninin daha öncə Azərbaycanla bağlı səsləndirdiyi fikirlər yenidən gündəmə gəlib.
Onun siyasi fəaliyyəti dövründə ölkəmizə qarşı bir sıra sərt fikirlərlə çıxış etdiyi, zaman-zaman SEPAH-ın Azərbaycan əleyhinə bəyanatlarını dəstəklədiyi deyilir. Bəzi analitiklər onu Azərbaycana qarşı daha sərt mövqedə olan siyasətçilərdən biri kimi qiymətləndirir, digərləri isə bu yanaşmanın tam obyektiv olmadığını və onun praqmatik siyasət yürütməyə çalışdığını bildirirlər.
Bəs əslində Laricaninin Azərbaycana münasibəti necə idi?
Globalinfo.az-a danışan Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Tamilla Qulami deyib ki, Əli Laricaninin Azərbaycana münasibətini emosional meyarlarla deyil, İranın geosiyasi maraqları çərçivəsində təhlil etmək daha doğru olardı:
“Əli Laricani uzun müddət İran parlamentinin sədri kimi fəaliyyət göstərib və bu dövrdə onun çıxışları əsasən ölkəsinin rəsmi xarici siyasət xəttini əks etdirib. İran üçün Azərbaycan hər zaman həm strateji qonşu, həm də Qərb və İsraillə münasibətlər çərçivəsində müəyyən risklər doğuran ölkədir. Bu səbəbdən də İran rəsmiləri ilə yanaşı, Laricaninin də ritorikası çox vaxt balanslı, amma ehtiyatlı olub.
Düşünürəm ki, onun Azərbaycana münasibəti ilə bağlı müxtəlif və ziddiyyətli fikirlərin mövcudluğu İranın siyasi mühitinin mürəkkəbliyindən irəli gəlir. Bəzi yanaşmaları ilə o, anti-Azərbaycan mövqedə dayanan siyasətçi kimi görünsə də, digər baxışlara nəzər salanda Laricanini daha çox praqmatik və balanslı xətt yürüdən dövlət xadimi kimi qiymətləndirmək olur.
Zənnimcə, Laricaninin Azərbaycana qarşı mövqe sərgiləyən fiqur kimi qiymətləndirilməsinin əsas səbəblərindən biri də İranın Qarabağ məsələsində birmənalı və açıq şəkildə Azərbaycanın mövqeyini dəstəkləməməsi ilə bağlıdır. Bundan əlavə, İrandakı Güney Azərbaycan türkləri ilə bağlı siyasət və regionda xarici təsirlərə qarşı yönəlmiş bəzi açıqlamaları da dolayısı ilə Azərbaycana ünvanlı mesaj kimi qəbul edilib. Bu kontekstdə Laricani də İran siyasi sisteminin hər bir nümayəndəsi kimi tənqid hədəfinə çevrilib.
Bununla belə, bəzi siyasi şərhçilər Laricaninin heç vaxt açıq və kəskin anti-Azərbaycan ritorikası ilə çıxış etmədiyini, daha çox regional sabitliyin qorunmasına üstünlük verdiyini vurğulayırlar. Həmçinin İran-Qərb münasibətlərində Laricani diplomatik münasibətlərin saxlanılması və gərginliyin artmaması istiqamətində balanslı yanaşma sərgiləyən fiqurlardan idi.
Unutmayaq ki, İranın siyasi sistemi fərdi şəxslərin mövqeyindən daha çox kollektiv qərar mexanizmi üzərində qurulub. Bu sistemdə Ali Dini Şura rəhbərliyi, SEPAH, ETTELAAT və digər güc mərkəzləri həlledici rol oynayır. Laricani isə bu struktur daxilində təsirli fiqur olsa da, ölkənin xarici siyasətini təkbaşına müəyyən edən şəxs olmayıb.
Bütün bunları nəzərə aldıqda görürük ki, Laricaninin mövqeyi daha çox İranın rejim maraqlarına uyğun formalaşan, praqmatik və ehtiyatlı siyasi xəttdən o yana keçməyib”.
Turan Rzayev
Şərh yaz




