“Əgər Berlin və Paris Ukrayna strategiyasında fərqli mövqelər tutarsa, Aİ daxilində birlik parçalana bilər” – ANAR İSAYEV şərh edir…

“Əgər Berlin və Paris Ukrayna strategiyasında fərqli mövqelər tutarsa, Aİ daxilində birlik parçalana bilər” – Anar İsayev şərh edir…
62-ci Münhen Təhlükəsizlik Konfransı Almaniya və Fransa nümayəndələrinin Avropa birliyini bir daha nümayiş etdirə bilmədiyini göstərdi. “Berliner Zeitung” qəzetinə istinadən, Almaniyanın Fransaya etibarının azaldığı vurğulanır. Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merts arasında görüşdə salamın belə qulaqardına vurulduğu iddia edilir. Qəzet yazır ki, Almaniya Fransanın ABŞ ilə sıx əlaqələrini Avropanın strateji müstəqilliyi üçün risk hesab edir.
Azərbaycan Ümid Partiyası İdarə Heyətinin üzvü Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Almaniya–Fransa oxu Avropa İttifaqının “mühərriki” sayıldığı üçün bu xəttdə yaranan etibar problemi bütövlükdə Avropa siyasətinə təsirsiz ötüşmür.
“Almaniya və Fransa Aİ daxilində müdafiə və təhlükəsizlik siyasətinin əsas təşəbbüskarları, həmçinin büdcə və iqtisadi qərarların aparıcı formalaşdırıcılarıdır. Ukrayna, Rusiya, ABŞ və Çin siyasətində ton müəyyən edən ölkələrdir. Əgər bu iki ölkə arasında geosiyasi baxış fərqləri dərinləşərsə, koordinasiya zəifləyərsə və liderlər səviyyəsində siyasi düzən pozularsa, onda nəticələr belə ola bilər:
Qərarların geçikməsi.Aİ-də böyük qərarlar (müdafiə fondu, sanksiyalar, hərbi yardım mexanizmləri) Berlin–Paris konsensusu olmadan çətin qəbul olunur.
Müdafiə strategiyasının ləngiməsi. Fransa “strateji muxtariyyət” tərəfdarıdır (ABŞ-dan nisbi müstəqillik), Almaniya isə NATO-ya daha sıx bağlıdır.Bu fərq Avropa ordusu ideyasını zəiflədə bilər.
Polşa, İtaliya və ya Şərqi Avropa ölkələri bu boşluqdan istifadə edərək yeni güc mərkəzləri yaratmağa çalışa bilərlər.
Münhen Təhlükəsizlik Konfransı simvolik platformadır. Orada zəif görüntü bir neçə risk yaradır. ABŞ belə nəticə çıxara bilər ki, “avropa hələ də vahid geosiyasi aktor deyil. Bu da ABŞ-ın Avropaya münasibətdə daha selektiv və ya ikitərəfli siyasət yürütməsinə səbəb ola bilər, həmçimin Rusiya və Çin üçün fürsət yarana bilər. Daxili fikir ayrılıqları Rusiya üçün diplomatik manevr sahəsi yarada bilər, Çin üçün isə iqtisadi təsir imkanlarını artırar. Ukrayna məsələsində də parçalanma riski yarada bilər. Əgər Berlin və Paris Ukrayna strategiyasında fərqli mövqelər tutarsa, Aİ daxilində də xətt bölünməsi dərinləşə və birlik parçalana bilər”.
Almaniyanın Fransanın ABŞ ilə sıx əlaqələrinə narahatlığı hansı gərginliklər yarada bilər?
Politoloq qeyd edib ki, əslində burada paradoks var: Fransa illərdir Avropanın ABŞ-dan strateji müstəqilliyini müdafiə edir. Əgər indi Paris Vaşinqtonla daha yaxın işləyirsə, Berlin bunu Fransa artıq Aİ-ni deyil, özünü gücləndirir kimi qəbul edə bilər. Yəni avropa təhlükəsizlik arxitekturası Fransa–ABŞ xəttinə sürüşür və Almaniyanın təsir dairəsi zəifləyir. Bu da aşağıdakı gərginlikləri yarada bilər:
Berlin Avropada liderlik balansının Parisin xeyrinə dəyişməsindən ehtiyatlana bilər.
Hərbi layihələr (təyyarə proqramları, tank layihələri və s.) siyasi mübahisələrə qurban gedə bilər.
Xarici siyasətdə koordinasiya böhranı yarana bilər.Yaxın Şərq, Ukrayna, Çin siyasətində fərqli prioritetlər Aİ-ni “iki sürətli diplomatiya” modelinə sürükləyə bilər.
Bütün bu deyilənlərə baxmayaraq qeyd etmək vacibdir ki, tarix boyu Berlin və Paris arasında bu tipli böhranlar olub və adətən kompromislə yekunlaşıb. Çünki Paris-Berlin münasibətiləri struktur xarakter daşıyır və zərurət üzərində qurulub”.
İradə Cəlil, Bizimyol.info
Şərh yaz