İran üçün şad xəbər: ABŞ hücuma keçsə, bu ölkə dəstək verəcək!- Bakir Həsənbəyli şərh edir…
ABŞ İrana hərbi hücum edəcəyi təqdirdə Talibanın Tehrana yardım və dəstək göstərməyə hazır olduğu açıqlanıb.
Bu barədə Talibanın sözçüsü Zəbiullah Mücahid məlumat yayıb.
“Müraciət olarsa, əfqan xalqı İranla əməkdaşlıq edəcək, amma bu, avtomatik olaraq Talibanın ABŞ-yə qarşı cavab müharibəsində iştirak edəcəyi anlamına gəlmir”, – Mücahid bildirib.
Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan Azərbaycan Ümid Partiyası İdarə Heyətinin üzvü, politoloq Bakir Həsənbəyli qeyd edib ki, İran–ABŞ münasibətləri hər gün daha kritik mərhələyə qədəm qoyur:
“Bölgəyə bir-birinin ardınca hərbi gəmilərin göndərilməsi, ABŞ-ın Yaxın Şərqdəki bazalarının silah-sursat təminatının yenilənməsi qarşıdurmanın qaçılmaz olduğu qənaətini yaradır”.
Ekspert bildirib ki, İranın siyasi və hərbi rəhbərliyi mövcud vəziyyəti diqqətlə analiz etmək imkanına malikdir:
“ABŞ-nin mümkün hərbi müdaxiləsi ötən ilin iyununda baş verən 12 günlük müharibədən daha dağıdıcı ola bilər. Hazırda bölgəyə cəmlənən ABŞ donanmasında 100-dən çox qırıcı təyyarə və helikopter var.
Donanmanın əsas daşıyıcılarının funksiyaları uzunmüddətli münaqişədə önəmli rol oynayır. Bundan başqa, ABŞ-nin Yaxın Şərqdəki 50-ə qədər bazasında təxminən 53 min hərbçi xidmət göstərir. Ən başlıcası isə Vaşinqton İranla bağlı mövqeyində prinsipiallıq nümayiş etdirir”.
Onun sözlərinə görə, İran üçün “qırmızı xətt” isə dini liderlə bağlı ABŞ Prezidentinin son çıxışıdır: “Ən yaxşı hadisə rejimin dəyişməsidir”:
“Uzun illərdir ki, İranın Yaxın Şərqdə yaratdığı proksi imperiyası ciddi zərbə alıb, lakin hələ tam sıradan çıxmayıb. İran kritik məqamlarda masada əlini gücləndirmək üçün proksilərdən istifadə edir. ABŞ-ın mümkün hücumu fonunda da bu strategiya davam etdirilə bilər. Ən azından İsrailə qarşı hücumların baş verməsi mümkündür”.
Politoloq diqqətə çatdırıb ki, Əfqanıstandakı Taliban hərəkatının özünü İranın proksisi kimi təqdim etməsi mühüm məqamdır:
“Halbuki İranın dini elitası ilə Taliban arasında münasibətlər həmişə gərgin olub və məzhəb fərqliliyi bu əlaqələrin isti olmasına imkan verməyib. Buna baxmayaraq, Talibanın bu dəfə “eyni cəbhədə döyüşəcəyi” barədə açıqlaması daha çox ehtiyat addımı və “həmrəylik mesajı” kimi dəyərləndirilir”.
Ekspertə görə, Talibanın həm maliyyə, həm də hərbi imkanları geniş miqyaslı müharibə aparmağa imkan vermir:
“Bu baxımdan, Çin və Pakistan kimi regional aktorlar da açıq dəstəkdən çəkinəcəklər. Pakistanın Talibanla münasibətləri kritikdir və bölgədə heç bir siyasi və hərbi güc hazırda onlara açıq dəstək verə bilməz”.
Həsənbəyli hesab edir ki, Talibanın bu açıqlaması ABŞ-ın İrana qarşı mövqeyinə və mümkən teokratik rejim dəyişikliyi ssenarisinə hazırlıq kimi qiymətləndirilə bilər.
Onun sözlərinə görə, ABŞ Prezidentinin “ən yaxşı hadisə rejimin dəyişməsidir” fikrindən sonra Taliban düşünür ki, əgər rejim dəyişərsə, növbəti hədəf ola bilər və buna görə öz mövqeyini əvvəlcədən nümayiş etdirir.
Atilla Rzasoy
Şərh yaz




