Partiyalarda nə qədər gənc təmsil olunur? – SORĞU – TAMİLLA QULAMİ şərh edir

Fevralın 2-də Azərbaycanda Gənclər Günü qeyd edildi. Bu gün gənclər müxtəlif sahələrdə təmsil olunurlar. Zaman-zaman gənc kadrların əhəmiyyəti ilə əlaqədar fikirlər də səsləndirilir.

Maraqlıdır ki, siyasi partiyalarda gənclərin fəaliyyəti hansı səviyyədədir? 

Modern.az bununla əlaqədar partiyalar arasında sorğu keçirib.

Ümid Partiyasının sədr müavini Tamilla Qulami isə söyləyib ki, Ümid Partiyasının Gənclər Təşkilatı olduqca aktiv və təşkilatlanmış strukturdur:

“Öncəliklə, Gənclər Günü münasibətilə bütün gənclərimizi səmimi-qəlbdən təbrik edirəm. Arzu edirəm ki, hər zaman bu vətəndə yaşadıqları ilə fəxr edəcək şəraitləri olsun. Gənclər cəmiyyətimizin ən dinamik, yenilikçi və ölkə gələcəyinə yön verən əsas güclərindəndir. Onların ictimai-siyasi proseslərdə fəal iştirakçılığı sağlam və dayanıqlı inkişafın əsas şərtidir.

Azərbaycan Ümid Partiyasının Gənclər Təşkilatı bu baxımdan olduqca aktiv və təşkilatlanmış strukturdur. Bu gün partiya sıralarında minlərlə gənc üzv fəaliyyət göstərir və onlar müxtəlif layihələrdə, sosial təşəbbüslərdə, maarifləndirici və ictimai tədbirlərdə yaxından iştirak edirlər”.

 

Xanım müavin vurğulayıb ki, partiya rəhbərliyinin təxminən yarısı gənclərdən ibarətdir:

“Partiya gənclərə yalnız üzv kimi deyil, qərarverici qüvvə kimi yanaşır, mərkəzi qərargahda və rayon təşkilatlarımızda onların təkliflərinə müsbət yanaşır, müzakirə mövzularında iştirakına geniş yer ayırır. Məhz bunun nəticəsidir ki, partiya rəhbərliyinin demək olar ki, yarısı gənclərdən ibarətdir. Bu isə gənclərin potensialına, bilik və təşəbbüskarlığına verilən yüksək dəyərin bariz nümunəsidir. Gənclərimiz istər Bələdiyyə, istərsə də Parlament seçkilərində hər zaman fəal namizədlər kimi prosesdə iştirak edirlər.

Bir daha bütün gənclərimizi Gənclər Günü münasibətilə təbrik edir, onlara uğurlar və daim fəal olmağı arzulayıram! Onlar istiqbal qapısının açarlarıdır!”.

Turqay Musayev 

modern.az

https://modern.az/az/olke/564382/partiyalarin-ne-qeder-genc-uzvu-var-sorgu/

Şərh yaz