Bu il siyasi partiyaların özləri üçün necə yadda qaldığı, hansı yeniliklərin olduğu isə maraq doğurur.
Modern.az bununla əlaqədar olaraq, partiyalar arasında sorğu keçirib.
Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Tamilla Qulami qeyd edib ki, 2025-ci il ölkəmiz üçün sıradan bir təqvim ili kimi yadda qalmasa da, şükürlər olsun ki, bu gün dövlət səviyyəsində ciddi itkilərimiz yoxdur, sərhədlərimizdə suverenliyimizi və müstəqilliyimizi əldə etdikdən sonra atəşkəsdir.
Azərbaycan Ümid Partiyası hər zaman dövlətin, xalqın, millətin yanında olub, dövlətin xarici siyasətini dəstəkləyib, üzərimizə gələn, bizi istəməyən bütün qüvvələrə qarşı dövlətimizlə bərabər addımlayıb, belə də davam edəcək.
Hər il olduğu kimi partiyamız öz fəaliyyətini yalnız təşkilati çərçivədə deyil, xalqın real daxili problemləri dinləyərək, onların həlli istiqamətində təkliflər verməyi özünün prioriteti hesab etdi.
7 fevral 2024-cü il Prezident seçkilərindən sonra Ümid Partiyası özünün Proqram partiyası olduğunu elan etdi.
Cəmiyyətə, dövlətə dəyişməsi, yeni idarəetməyə keçməsi üçün təkliflər verən bir partiya əlbəttə ki, özü də dəyişikliklər etməlidir. Belə ki, ötən il partiya daxilində strukturlaşma, gənclərin və qadınların daha aktiv iştirakının təmin olunması, qərarvermə mexanizmlərinin daha açıq və kollektiv xarakter alması istiqamətində mühüm addımlar atıldı. Biz vitrin siyasəti yeridən partiya yox, dövləti, xalqı üçün çalışan, onun problemlərinin həlli istiqamətində addımlar atan, təkliflər verən bir partiyayıq. Ötən il də daxil olmaqla, partiyamız Nizamnaməmizə uyğun olaraq, qarşıdurmaların əleyhinə olan siyasət yürütməyə davam etdi.
Biz düşünürük ki, cəmiyyətə gərginlik deyil, doğru istiqamətlənmə, mariflənmə lazımdır. Məhz buna görə siyasi ritorikamızda davamlı olaraq, emosional ittihamları deyil, arqumentləri və təklifləri önə çəkdik.
Bir proqram Partiyası olaraq, fəaliyyətimizi bir neçə əsas istiqamət üzərində cəmlədik. Bu istiqamətlər əlbəttə ki, təhsil, səhiyyə, sosial ədalət və gənclərin gələcək perspektivi üzərindən quruldu. Biz bu mövzuları kampaniya aləti kimi deyil, uzunmüddətli siyasi xətt kimi cəmiyyətimizin rifahı üçün təqdim etdik, etməyə də davam edirik.
Hər həftə ərzində partiya yetkililərimiz – partiya sədri və İdarə Heyətinin üzvləri də daxil olmaqla, ölkənin tanınmış yerüstü və internet televiziyaları ilə milyonlarla tamaşaçı qarşısına çıxıblar.
Bu gün Ümid Partiyası Azərbaycanın tanınmış, strukturlaşmış bir partiyası olaraq, hər il olduğu kimi 2025-ci il də partiya sıralarına yeni üzvlər qəbul edir, müvafiq orqanları vasitəsilə cəmiyyətin problemlərinin həlli istiqamətində addımlar atır, təkliflər verir.
Biz Konstitusiya dəyişikliyi təklif edən, proporsional seçki sisteminin bərpasını təklif edən partiyayıq. Beləliklə, partiya olaraq hesab edirik ki, ölkədə sosial şərait, əhalinin yaşam tərzi yaxşılaşdırılması, əhalinin aztəminatlı hissəsinə xüsusi güzəştlər olması, kommunal xərclərin aşağı salınması, uşaqpullarının verilməsi, demokratik cəmiyyət idarəçiliyinin olması, insan haqlarının qorunması, məhkəmələrin azad qərarlar qəbul etməsi ölkədaxili həlli ediləcək ən mühüm addımlardandır.
44 günlük Vətən müharibəsində Azərbaycan əldə etdiyi qələbədən sonra dünyanın hesablaşdığı dövlətlərdən biri kimi Orta Dəhliz layihəsində mühüm rol oynayan, xarici siyasətində effektivlik əldə edən bir ölkə müstəvisinə qalxdı.
Ümid Partiyası olaraq, hesab edirik ki, xarici siyasətimizdə əldə etdiyimiz uğurlar kimi mütləq şəkildə bu siyasət ölkəmizin daxilinə də sirayət etməlidir. Ötən il də partiyamızın məhz bu istiqamətdə apardığı siyasətlə yadda qaldı deyə düşünürəm. Ölkəmizə barış, sülh, rifah arzulayırıq və bu istiqamətdə müsbət nəticələr üçün bir partiya olaraq, əlimizdən gələni də etməyə davam edəcəyik…
Qarşıdan gələn Həmrəylik günü və Yeni İlin xalqımıza, dövlətimizə xeyirli, uğurlu, düşərli olmasını diləyirik!
Turqay Musayev
Modern.az
Şərh yaz




