“Rusiyanın məğlub olmasına icazə verməyəcəyik” — Çinin SƏS-KÜYLÜ BƏYANATI – Tamilla Qulami şərh edir
Çinin xarici işlər naziri Van Yi Çin mediasına müsahibəsində diqqətçəkən ifadə səsləndirib. O bildirib ki, Çin Rusiyanın məğlub olmasına və çökməsinə əsla maraqlı ola bilməz:
“Pekin Rusiyanın Ukrayna müharibəsində məğlub olmasına icazə verə bilməz, çünki bu, Çinin təhlükəsizliyinə və maraqlarına ziddir”.
Maraqlıdır, Çin “Rusiyanın məğlub olmasına icazə vermərik” deyəndə nəyi nəzərdə tutur? Hansı addımı ata bilər?
Sözügedən məsələni TodayPress TV-yə şərh edən Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Tamilla Qulami Çinin heç vaxt müharibədə iştirakın tərəfdarı olmadığını bildirib:
“Bu bəyanatı təhlil edərkən ilk növbədə bizə elə gələ bilər ki, Çin Rusiya ilə birlikdə birbaşa Ukraynaya hərbi müdaxilə edə bilər; əslində isə belə deyil. Çin heç bir halda qonşu və ya digər güc dövlətləri ilə müharibədə iştirakın tərəfdarı olmayıb. İqtisadiyyatı dayanmadan inkişaf etdirən, dünyaya bazar dövləti kimi çıxan Çinin əsas məqsədi sadəcə Pekinin geosiyasi, təhlükəsizlik və iqtisadi maraqlarını qorumaqdır. Həm də qeyd etmək lazımdır ki, Rusiya-Ukrayna savaşında qazanan dövlətlərdən biri məhz Çindir. Rusiya Çin üçün sadəcə qonşu dövlət deyil, həm də qlobal güc balansında kritik rol oynayan strateji tərəfdaşdır”.
Ekspert Rusiyanı Çinin Qərbə qarşı əsas dayaqlarından biri adlandırıb:
“Çinin Qərblə münasibətlərini analiz edərkən görünür ki, Rusiya beynəlxalq sistemdə Çinin Qərbə qarşı əsas dayaqlarından biridir. Moskvanın zəifləməsi və ya çökməsi Amerika Birləşmiş Ştatlarının Pekinin qarşısında daha da güclənməsi deməkdir. Çünki Rusiya çöksə və ya zəifləsə, ABŞ Çinlə rəqabətə daha çox fokuslanacaq, NATO şərqə doğru genişlənəcək. Xatırladaq ki, sanksiyalara baxmayaraq, Çin Rusiya nefti və qazının ən böyük alıcılarındandır. Ucuz Rusiya enerjisi Pekinə sərf edən əsas amillərdəndir və sənaye gücünün stimullarından biridir. Ona görə də Rusiyanın məğlub olması Çinin həm də enerji tədarük zəncirini poza, qiymətləri artıra bilər.
ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gəlmədən öncə mesajlarında deyirdi ki, onun üçün əsas prioritet məsələlərdən biri Rusiya, Çin və İranı zəiflətmək və öz nəzarətləri altına keçirməkdir. Buna görə də Çinin Xarici İşlər nazirinin bəyanatı həm də göstərir ki, Rusiya zəifləsə və ya çöksə, bu, Çinin qlobal strategiyasını ciddi şəkildə poza bilər”.
Tamilla Qulami qeyd edib ki, Çinin nəinki iqtisadi, həm də siyasi narahatlıqları var:
“Kimsəyə sirr deyil ki, hər hansı ölkənin zəiflədiyini görən Qərb həmin ölkələrdə rejim dəyişikliklərinə təkan verən addımlar atır, daxildə mübarizə aparan alternativ qüvvələri dəstəkləyir. Rusiyanın məğlubiyyəti Kremlin zəifləməsi, Çin üçün isə xaos və hətta siyasi çevriliş riski deməkdir. Əlbəttə, bu da Çin üçün təhlükə sayılır. Çin Rusiyanı müharibədə qalib etmək niyyətində deyil; onun məqsədi sadəcə Moskvaya məğlub olmamağa yardım etməkdir, çünki yuxarıda qeyd edildiyi kimi, bu dəstəkdə özü də qazanır.
Bir tərəfdən də Rusiyaya dəstək verən Çin BMT və digər beynəlxalq platformalarda Rusiyanın tam izoliyasiya olmasının qarşısını alır, sərt sanksiyalara qarşı çıxır, Qərb blokunun birləşməsini zəiflətməyə çalışır və Rusiyanı dialoq masasında qoruyan ikinci mərkəz rolunu oynayır”.
Analitik əlavə edib ki, Çinin Rusiyaya açıq şəkildə silah satmasına baxmayaraq, ikiqat təyinatlı texnika və istehsalat komponentlərinin ixracı Rusiyanın hərbi imkanlarını qoruyur. Pekin sanksiyalardan çəkinərək bunu yalnız dolayı kanallar vasitəsilə həyata keçirir.
O, sonda Çinin niyə birbaşa hərbi müdaxilədən çəkindiyinin səbəbini izah edib:
“Bütün bunları nəzərə alsaq, unutmamalıyıq ki, Çin birbaşa hərbi müdaxilə etməz, NATO ilə qarşıdurmanı gözə almaz, Rusiyanı tam maliyyələşdirməz və dünyanın supergücləri ilə konfrontasiyaya getməz. Çünki bunu açıq şəkildə etsə, özünə ciddi zərbə vurmuş olar. Çinin əsas məqsədi iqtisadi maraqlarını qorumaq, məhsullarını satmaq və istehsal üçün ucuz təbii sərvətlərdən maksimum istifadə etməkdir. Xatırladaq ki, Çin Qərblə də müharibəyə getməz, çünki iqtisadiyyatının təxminən 60%-i Avropa ölkələri ilə ticarətdən asılıdır”.
Qiymət Mahir
TodayPress TV
Şərh yaz




