25 noyabr Qadın zorakılığına qarşı Beynəlxalq Mübarizə Günüdür – TAMİLLA QULAMİ yazır

25 noyabr Qadın zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü idi…
Düşünürəm ki, bir gün yox, hər gün nəinki qadın, ailə, uşaq, ümumilikdə insan zorakılığına qarşı mübarizədə susmamaq, güclənmək və birlikdə dəyişmək lazımdır.
Hər il 25 noyabr dünyada bu gün qeyd olunur, sözügedən mövzuda yüksək tədbirlər təşkil edilir. Çünki bu gün təkcə bir tarix deyil, zorakılıqla üzləşən milyonlarla qadının səssiz qalan hekayələrinə diqqət çəkmək, onların müdafiəsini gücləndirmək və cəmiyyəti məsuliyyətə çağırmaq üçün mühüm bir fürsətdir.
Zorakılıq təkcə fiziki olaraq tətbiq olunmur, zorakılıq həm də psixoloji təzyiq, iqtisadi asılılıq, təhdid, sosial təcrid, məcburi davranışlarla qadınların həyatına ciddi zərər vurur. Təəssüf ki, bir çox hallarda zorakılıq ailə, iş və ya sosial çevrə daxilində baş verir və bu, qurbanların yardım istəməsini daha da çətinləşdirir.
Bütün bunları düşünərkən ağlımıza kifayət qədər suallar gəlir ki, 21-ci əsrdə qadınların qorxma səbəbləri nələrdir, onların həyat hekayələri nədən eşidilmir, niyə zorakılığa məruz qadınlar susmaq zorunda qalırlar?!
Təhsili, maarifi olmayan qadın ailəsinə faydalı olmaqda ciddi şəkildə çətinlik çəkir.
Müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyev deyirdi ki, bir oğlana təhsil verməklə təhsilli bir insan, bir qıza təhsil verməklə isə təhsilli bir ailə qazanarsınız.
Azərbaycan qadınını yaxın keçmişlə təcəssüm etsək, Qarabağ müharibəsinə nəzər salmaq kifayət olar bəlkə də. Bu savaş Azərbaycan tarixində yalnız hərbi gücün deyil, həm də xalqın bütöv şəkildə meydanda olduğunu göstərdi. Bu müharibədə kişilərlə çiyin-çiyinə Azərbaycan qadını həm ön cəbhədə, həm arxa cəbhədə, həm də informasiya müharibəsində böyük şücaət və fədakarlıq nümayiş etdirdi. Onların fəaliyyəti cəmiyyətin milli qürurunun mühüm bir parçası oldu.
İstər Birinci Qarabağ savaşı, istərsə də, Vətən müharibəsində çox sayda qadın hərbi qulluqçu – tibb bacıları, sanitarlar, kommunikasiya mütəxəssisləri, hərbi həkimlər və digər ixtisas sahibləri döyüş bölgələrində əsgərlərlə çiyin-çiyinə mübarizə apardılar, onların bu cəsarəti, peşəkarlığı və soyuqqanlılığı yüzlərlə əsgərin sağ qalmasına səbəb oldu.
Müharibə Azərbaycan qadınından həm də böyük mənəvi güc tələb etdi. Vətən uğrunda şəhid olan qadınlar, üzərində mərmi yağsa da, düşmən atəşindən çəkinmədən xidmətini davam etdirən qadın zabitlər…
Eyni zamanda yüzlərlə şəhid anası, şəhid həyat yoldaşı, şəhid bacısı, şəhid övladı bu xalqın ləyaqətini, qürurunu və iradəsini təcəssüm etdirdi. Onların səssiz dözümü və mərdliyi milli dirənişin ən yüksək forması idi.
Bu müharibədə informasiya savaşı da ən azı döyüş meydanı qədər həlledici idi. Qadın jurnalistlər, bloqçular, diplomatik sahədə çalışan qadınlar və ictimai fəallar həqiqətləri dünyaya çatdırdı, dezinformasiyaya qarşı mübarizə apardı, Azərbaycan reallıqlarını beynəlxalq auditoriyaya tanıtdı. Bir sözlə, onların səsi Azərbaycanın səsi oldu.
Gecə-gündüz əsgərlər üçün isti yemək, geyim və ləvazimat hazırlayan qadınları da unutmayaq, onlar könüllü şəkildə yardım kampaniyaları, Ordunun vətənpərvər ruhunu gücləndirən sosial təşəbbüslər təşkil etdilər. Onların əlləri ilə bişirilən çörək də, toxunan corab da, yazılan məktublar da döyüşçülərə güc verdi.
Qarabağ savaşı göstərdi ki, qadın yalnız ailənin deyil, həm də dövlətin dayağıdır.
Onlar həm döyüşdü, həm dua etdi, həm yaratdı, həm birləşdirdi. Səngərdə də, xəstəxanada da, media meydanında da, yardım mərkəzlərində də bir məqsəd vardı: Vətən!
Azərbaycan qadını vətənpərvərliyin, cəsarətin və fədakarlığın simvoludur. Onların bu müharibədə yazdığı qəhrəmanlıq tarixin səhifələrində daim yaşamağa layiqdir.
Bugünlərdə qəhrəmancasına həlak olmağının 1 ili tamam olacaq Höküməmizi də unutmuruq. O, Rusiya tərəfindən faciəvi şəkildə vurulan təyyarəmizdə kişili, qadınlı, körpəli, qocalı – bütün sərnişinlərə ÜMİD oldu, DAYAQ oldu, onların GÜVƏN yeri oldu… Özü mələk olub, göylərə uçdu, müqəddəs kəlimələri isə bir ömürlük insanların ürəyinə qazındı… Eyni zamanda o təyyarədən möcüzəvi şəkildə sağ qalan, ölümün gözünə dik baxan Rəşadət Ordenli Aydan Rəhimlini də yaddan çıxarmaq olmaz…
Biz Tomris, Qətibə Xatun, Sara Xatun, Tuti Bikə, Nisa Xatun, Sona Vəliyevaların nəvələri, Qəhrəman Şəhid qadınlarımız Gültəkin, Salatın Əsgərovalar, Mətanət Orucova, Aygün Məmmədova, Səbinə Tağıyevaların övladları, onlarla qadın polis, hərbi həkim, tibb bacısı, psixoloq və rabitəçilərin davamçılarıyıq. Azərbaycan qadını Tomrisdən Gültəkinə, Salatından 44 günlük müharibənin adsız qəhrəmanlarına qədər, hər əsrdə, hər dövrdə cəsarətin, sərkərdəlik ruhunun və VƏTƏN sevgisinin simvolu olub.
Belə bir anaların övlarları olaraq, – kişili-qadınlı – üzərimizə düşən kifayət qədər vəzifələr var. Bütün sahələrdə ölkənin bütün sektorları əksiklikləri bilməli, çətinliklər və problemləri aidiyyəti üzrə çatdırmaq və həllinin tələbinə dair addımlar atmalıyıq. Zorakılıqla mübarizə ən başda hüquq-mühafizə orqanlarının işi olsa da, biz kənara çəkilib baş verə biləcəkləri izləməli deyilik. Bu, hər birimizin – ailələrin, məktəblərin, vətəndaş cəmiyyətlərinin, siyasi institutların, media qurumlarının, qeyri-hökumət təşkilatlarının və sıravi vətəndaşların üzərinə düşən ortaq məsuliyyətdir.
Ata biləcəyimiz addımlardan biri və birincisi qadınların təhlükəsiz şəkildə yardım alacağı mühitlər yaratmaq, onlarla birgə həyat yoldaşlarını da maarifləndirməyə cəlb etmək, buna görə də ailə münasibətlərində birgə yaşayışın optimal variantlarını onlar üzərində tətbiqini təşkil etmək, stereotiplərlə mübarizə aparmaq, zorakılığa məruz qalanların səsini eşitmək, onları günahlandırmamaq, qanunvericiliyin icrasını gücləndirmək və mexanizmləri daha əlçatan etmək mütləqdir. Çünki bu mübarizə yalnız qadınların mübarizəsi deyil.
Zorakılıqla mübarizə cəmiyyətin sağlamlığını, ailələrin güvənliyini və gələcək nəsillərin düzgün formalaşmasını təmin edən ən vacib proseslərdən biridir. Qadınların azadlığı və təhlükəsizliyi – bütöv bir millətin inkişafının şərtidir.
Bütün hallarda zorakılığa qarşı susmaq zorakılığı davam etdirməkdir.
Bütöv bir cəmiyyət kimi dəyişikliyə doğru addımlamaq, ehtiyacı olanların ÜMİDi olmaq, ölkəmizi qadınlı-kişili güvənli mühitdə yaşatmaq üçün əlimizdən gələni birlikdə etməliyik!
Şərh yaz