Noyabrın 18-19-da İranın Gilan vilayətinin Rəşt şəhərində Xəzəryanı ölkələrin sahilyanı regionlarının rəhbərlərinin görüşü keçirilib.
Görüşdə beş Xəzəryanı dövlətin (Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Türkmənistan) nümayəndələri iştirak edib. İki gün davam edən görüşdə qarşılıqlı ticarət əlaqələrinin inkişafı, nəqliyyat-tranzit məsələləri, balıqçılıq, qarşılıqlı sərmayə yatırımı, ekologiya, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin infrastrukturu və digər məsələlər müzakirə olunub. Tədbirdə rəsmi şəxslərlə yanaşı, Xəzəryanı dövlətlərin İranda fəaliyyət göstərən diplomatları, eləcə də iş adamları və biznes strukturlarının nümayəndələri də iştirak ediblər.
Məsələ ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Ümid Partiyası İdarə Heyətinin üzvü Anar İsayev bildirib ki, İranın Rəşt şəhərində keçirilən Xəzəryanı ölkələrin sahilyanı regionlarının rəhbərlərinin görüşü zahirdə regional toplantı təsiri bağışlasa da, əslində strateji məqsəd daşıdığı üçün xüsusi əhəmiyyətə malikdir:
“2018-ci ildə Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandıqdan sonra ölkələr qarşısında duran növbəti mərhələ praktiki əməkdaşlığın dərinləşdirilməsidir. Bu əməkdaşlıq ekoloji layihələr, balıqçılıq zonalarının tənzimlənməsi, çirklənməyə qarşı birgə tədbirlər və sahilyanı infrastruktur layihələri kimi sahələrdə operativ fəaliyyət tələb edir”.
Anar İsayevin sözlərinə görə, görüşün gündəliyində təkcə ekoloji məsələlər deyil, həm də regionun nəqliyyat və logistika xəritəsini formalaşdıracaq mühüm istiqamətlər yer alır:
“Xəzər regionunda yeni nəqliyyat və logistika xəttinin qurulması — xüsusilə Şimal–Cənub Nəqliyyat Dəhlizi və Transxəzər marşrutu üzrə koordinasiyanın artırılması mühüm müzakirə mövzularındandır. Rusiya–İran ticarətinin Xəzər vasitəsilə genişləndirilməsi, Azərbaycan–Qazaxıstan–Türkmənistan xəttinin sinxronlaşdırılması və Rəşt–Astara dəmir yolu layihəsi bu mənada xüsusi diqqət tələb edir”.
Anar İsayev hesab edir ki, görüş ticarət yollarının regionlar səviyyəsində “tənzimlənməsi” baxımından da əhəmiyyətlidir:
“Bu format sahilyanı regionların qarşılıqlı iqtisadi koordinasiyasını gücləndirmək üçün mühüm platformadır və Xəzəryanı dövlətlər arasında logistika əlaqələrinin optimallaşdırılmasına ciddi töhfə verə bilər”.
O əlavə edib ki, toplantıda Xəzərin ekoloji təhlükəsizliyi məsələsi də əsas müzakirə mövzularından biri olacaq:
“Xəzər dünyanın ən qapalı su hövzələrindən biridir və çirklənməyə qarşı effektiv tədbirlər yalnız beş sahilyanı dövlətin birgə fəaliyyəti ilə mümkündür. Neft hasilatının ekoloji riskləri, sənaye tullantıları, bioresursların — xüsusilə nərə cinslərinin azalması və Xəzərin suyunun səviyyəsinin enməsi kimi problemlər daha konkret regional həll mexanizmləri tələb edir”.
Anar İsayev sonda qeyd edib ki, Rəşt görüşü siyasi sənəd imzalanacaq nəhəng zirvə olmasa da, Xəzərin idarə olunmasında mühüm koordinasiya mərhələsi rolunu oynayır:
“Bu toplantı Xəzər regionunda texniki, iqtisadi və ekoloji sahələr üzrə əməkdaşlığın inkişafı üçün çox vacib həlqədir və dövlətlərarası dialoqun praktiki müstəviyə keçməsi baxımından xüsusi önəm kəsb edir”.
Qiymət Mahir
TodayPress TV
Şərh yaz




