Ölkəyə narkotik gətirənlərə ömürlük həbs cəzası verilməlidir – İQBAL AĞAZADƏ

“Ölkəyə narkotik gətirənlərə ömürlük həbs cəzası verilməlidir” – İqbal Ağazadə ilə müsahibə:
“Narkotikin yayılmasına şərait yaradan məmurlara qarşı cəzalar sərtləşdirilməlidir”
“Narkotik satışı ilə əlaqədar həbs olunan şəxslər heç bir halda əfv olunmamalı, vaxtından əvvəl azad edilməməlidir”
“Ölkəyə çox böyük həcmdə, böyük partiyalarla narkotik gətirirlər…”
Hər bir ölkədə narkomaniyanın başlıca resursu, tətikləyici qüvvəsi narkotik ticarətidir. Yəni, #narkoticarət nə qədər inkişaf edərsə, narkomaniya da bir o qədər “çiçəklənər”. Şübhəsiz, bu amil Azərbaycan üçün də keçərlidir. Təəssüflə qeyd etməliyik ki, illərdir, aidiyyəti dövlət qurumları səfərbər olunsa da, ölkəmizdə narkotik ticarətinin və narkomaniyanın qarşısının alınması müşkülə çevrilib. Bu isə cəmiyyəti narahat edən, dövlətimizin və millətimizin gələcəyini təhdid edən problemdir.
Odur ki, zaman-zaman mövzu ətrafında mediada müxtəlif təşəbbüslərlə çıxış edən sabiq millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağa-zadə ilə söhbətləşdik.
– İqbal bəy, müsahibələrinizin birində qeyd etmisiniz ki, narkotiklə bağlı qanunvericilikdə qüsurlar var. Məsələn, asılı şəxsin 1 qram narkotik istifadəsinə icazə verilməsini yanlış hesab edirsiniz. Sizcə, narkotik siyasəti qanuni müstəvidə necə tənzimlənməlidir? Qanunda daha hansı dəyişiklikləri görmək istərdiniz?
– Əvvəla, qanunla 1 qram narkotikin istifadəsinə icazə verilirsə, mütləq və mütləq onun satış yeri olmalıdır. Onun satış yeri yoxdursa, bəs, bu şəxs narkotiki haradan alır? Bu qeyri-leqal narkotik dövriyyəsini təşkil edir. İkincisi, hüquq-mühafizə orqanlarında rüşvət və korrupsiya üçün yol açır. Bunun üçün vətəndaş qeydiyyata düşməlidir. Qeydiyyata düşəndən sonra narkotikin satış yeri olmalıdır, vətəndaş getməlidir, kartını təqdim etməlidir, 1 qramını ölçüb, ona verməlidirlər. Onun əlində kağız olmalıdır ki, mən narkotikdən asılıyam. Bəli, narkotikdən asılı adamlar var, bunu gizlətməyə ehtiyac yoxdur. Hətta rəsmi statistika bu gün Azərbaycanda 40 min nəfər narkotik istifadəçisinin olduğunu desə də, bu, yanlış rəqəmdir. Azərbaycanda kifayət qədər narkotik istifadəçisi var.
– Qeyri-rəsmi rəqəmlərə görə, bu say 400 min civarındadır…
– Mən elə ona görə deyirəm, qeyri-rəsmi mənbələrdə bu da azdır, 400 mindən çox istifadə edən var. Ondan sonra qanunvericiliyin, Cinayət Məcəlləsinin tələbləri sərtləşdirilməlidir. Həm dövriyyə üçün qeydiyyatdan keçməyən yerlərdə narkotikin satışı üçün çox böyük şərtlər qoyulmalıdır, hətta 20-25 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq edilməlidir. Eyni zamanda, narkotikin qanunsuz dövriyyəsi ilə əlaqədar həbs olunan şəxslər heç bir halda əfv fərmanına düşməməlidir… Əfv haqqında qanuna da dəyişiklik edilməlidir ki, narkotik satıb cəmiyyəti, insanların gələcəyini korlayan, bu tipli məsələləri kütləvi yayanlar əfv fərmanı ilə, yaxud 1/3-lə azadlığa çıxa, yəni qanunun heç bir şərtinə görə, vaxtından əvvəl həbsdən azad oluna bilməzlər.
İkinci tərəfdən isə qeyri-qanuni istifadəçilər, yəni qeydiyyatdan keçməyərək narkotikdən istifadə edənlər də eyni dərəcədə cəzalandırılmalıdır. Burada da iki nüans var. Birinci, ictimai qınaq insanları tərbiyə edəcək. Qeydiyyatdan keçib rəsmi statistikada adı görünən adamlar narkotik alırlarsa, bunu artıq cəmiyyət biləcək. Hər kəsə bəlli olacaq ki, bu adam narkotikdən istifadə edir. Bu ictimai qınaq vasitəsilə insanlar tərbiyə olunacaq. Yenə hüquq sərtliyi də tətbiq olunacaq.
İkinci tərəfdən, Azərbaycanın Gömrük Məcəlləsinə, o cümlədən Sərhəd xidməti haqqında qanuna da çox ciddi şəkildə dəyişikliklər edilməlidir. Və ölkə ərazisinə qeyri-qanuni narkotik gətirənlər üçün, hansı ki, onlar artıq çox böyük həcmdə, böyük partiyalarla narkotik gətirirlər, onlara ömürlük həbs cəzası müəyyən olunmalıdır. Bu, qanunda öz əksini tapmalıdır.
Bunlar olmadan narkotiklə mübarizə aparmaq qeyri-mümkündür. Çünki narkotik istifadəçiləri bir şəbəkədir. Bu şəbəkə daim çevrəsinə daha çox adamlar cəlb etmək istəyir. Bununla həm satışı, həm istifadə edənləri artırırlar, həm də artıq narkotikin istifadəçisi kimi maddi vəziyyətlərini, imkanlarını itirərək müflisləşən, kasıblaşan insanlar daha çox adamı cəlb edirlər ki, onların hesabına qidalana bilsinlər, narkotik əldə etsinlər. Buna görə də mütləq çevrəni genişləndirirlər. Bu çevrəni də genişləndirmənin qarşısı məhz bu cür inzibati tədbirlərlə alınmalıdır.
Hesab edirəm ki, Penitensiar sistem haqqında da qanuna dəyişiklik edilməlidir. Penitensiar sistemdə ayrıca zona müəyyən olunmalıdır. Həbsdə məhkəmənin qərar verdiyi, cəza müddəti çəkən insanlar üçün ucqar bir yer ayrılmalıdır, narkotk istifadəçiləri, aludəçiləri, qeyri-qanuni narkotik ticarəti edənlər məhz orada saxlanılmalıdır. Oraya isə çox sərt nəzarət olunmalıdır. Onlar ümumi yerlərdə cəza çəkməməlidirlər. Bu, yavaş-yavaş, tədricən narkotikin durdurulmasına xidmət edən addım olacaq.
O cümlədən, dövlət narkotikdən müalicə üçün də xüsusi yer müəyyən etməlidir. İnsanlar var ki, satışla əlaqədar mühakimə olunub, amma artıq narkotik asılılığı yaranıb. Dövlət bunları cəmiyyətdən təcrid edərək, təkcə həbsxana həyatında cinayət məsuliyyəti yaradan hallarla yanaşı, həm də istifadəçi, narkotik aludəçisi olaraq onların özünü cəmiyyətə qaytarmaq, adaptasiya etmək üçün tədbirlər görməlidir. Bu məqsədlə də, mütləq elə bir müalicə müəssisəsi yaratmalıdır ki, o müəssisədə həm hüququn sərtliyi, həm də müalicənin keyfiyyəti digərlərindən ciddi şəkildə fərqlənməlidir. Yəni burada narkomanlar müalicə olunsun ki, cəmiyyətə yenidən qayıda bilsinlər. Əks təqdirdə, bu tipli ölkələrdə, xüsusilə sosial vəziyyətin ağır olduğu, o cümlədən qonşu ölkələrdən mütəmadi narkotik transferi üçün pəncərələr olduğu bir yerdə, Azərbaycan tipli ölkələrdə narkotikin yayılmasının qarşısını almaq çox çətin olacaq.
Biz 10 il əvvəlin, 20 il əvvəlin statistikasına baxsaq görərik ki, bu günün statistikası daha ağırdır. Bu, insanları da, cəmiyyəti də qorxudur. Bu da gələcəkdə boşanmaların və münasibətlər sistemində cinayətlərin artmasını şərtləndirən ən vacib amillərdən biridir. Biz ailənin qorunmasını, ailə quruluşunun təmizliyini təşkil etmək üçün Azərbaycan ailəsinin planlaşdırılması üçün bunları nəzərə almalıyıq. Boşanma statistikasına diqqət etsəniz və yaxud da münasibətlər sistemindən – yaxın çevrələrdən, tanıdıqlarınızdan öyrənsəniz, aydın olacaq ki, birinci irad nədir – “narkoman imiş, xəbərimiz olmayıb”. Bu, çox böyük faciədir. Bunun üçün də mütləq qeydiyyat və kart sistemi olmalıdır ki, insanlar artıq əvvəlcədən bunu bilsinlər. Qeydiyyat olmayacağı təqdirdə həbsxana qorxusu ilə 1 gün, 5 gün gizlənə bilər.
Əlbəttə, hüquq-mühafizə orqanlarının işində və buna yola açan, buna şərait yaradan faktorların özünü də ciddi şəkildə nəzarətdə saxlamaq mütlqədir. Cəzaları narkotik ticarəti qədər sərtləşdirmək lazımdır ki, əlində səlahiyyəti olan ayrı-ayrı şəxslər pul qazanmaq naminə narkotikin yayılmasına şərait yaratmasınlar, əksinə, onun yayılmasının qarşısını alsınlar.
– Siz az öncə gömrük məsələsinə toxundunuz. Son vaxtlar bir-birinin ardınca Azərbaycan gömrüyündən külli miqdarda, məsələn, dəyəri 50-80 milyon dollar olan 200, 250 kq heroinin maneəsiz çıxdığı, istər Gürcüstanda, istər də qardaş Türkiyədə ələ keçirildiyi haqda faktların şahidi olduq. Sizcə, İrandan daxil olan narkotik öncə Biləsuvar gömrüyündə, daha sonra “Qırmızı Körpü”də gömrükçülərimizin gözündən qaça bilərdi?
– O mənim problemim deyil, hüquq-mühafizə orqanlarının problemidir. Bayaq qeyd etdim ki, bütün bunlarla yanaşı, həm də hüquq-mühafizə orqanlarının, üzərinə məsuliyyət düşən şəxslərin cinayət məsuliyyətinə cəlb olunduğu müddətdə cəzaları eynən həm də vəzifə səlahiyyətlərini yerinə yetirməmək, məsuliyyət və s. səbəbdən, həm də narkotikin qeyri-qanuni dövriyyəsini təşkil etmək maddəsi ilə ittiham olunmalıdırlar. Və o da ya ömürlük, ya da 20 ildən aşağı olmamaq şərtilə azadlıqdan məhrum etmə cəzası ilə şərtlənməlidir. Çünki hüquq-mühafizə orqanları da pəncərə düşən anda həmən narkotikin yayılması üçün şərait yaratmasınlar.
– Necə düşünürsünüz, satış ittihamı ilə həbs olunan şəxsə ən azı 20 il müddətinə həbs cəzası nəzərdə tutulsa, rüşvət qarşılığında əsl günahkarların həbsə düşməməsi, günahı olmayanların da şərlənib həbsə atılması hallarının baş verməsi ehtimalı nə qədərdir?
– Bu, başqa ehtimaldır. Azərbaycan məhkəməsi qarşısına çıxarılan şəxslərin şərlənməsi bütün dönəmlərdə olub, bundan sonra da olacaq. Bunu narkotiklə mübarizəyə qatmaq lazım deyil. Bu artıq hüquq-mühafizə orqanlarında islahatların nəticəsi ola bilər ki, ümumiyyətlə, niyə bu şəkildə vətəndaşlar qeyri-qanuni surətdə həbsə atılır, üzərinə narkotik vasitə qoyulur, onu satışda ittiham edirlər və s. Bu, ayrı mövzudu, narkotiklə mübarizə mövzusunun məsələsi deyil. Məsələn, hüquq-mühafizə orqanlarında aylıq və yaxud da rüblük planlar dolmayanda tanıdıqları narkomanları gətirib doldururlar, cinayətin açılma faizini şişirdirlər ki, cinayət bu qədər açıldı. Bunlar ayrı şeylərdir. Buna başqa aspektdən yanaşmaq lazımdır. Buna məhkəmə azadlığını da əlavə etmək lazımdır, hətta o şərlənib gəlirsə, qanında narkotik yoxdursa, satılmağın tələbləri yoxdursa, baxın dırnaqarası “açılan” cinayət işlərinə. Narkotikin mənbəyi soruşulur və hamısında mənbəyi tanımadığı, şəxsiyyəti məlum olmayan iranlı göstərilir. Belə cinayət işi olmur. Tanımadığın iranlı nədir? Tanımadığın iranlı harada, necə vasitə olub? Bu gömrükdən keçibsə, necə keçib? Sənə bunu kim deyirdi, konkret olaraq, tanımadığın iranlı? Tanımadığın iranlı ilə necə ünsiyyətdə olmusan? Tanımadığın adam sənə necə gətirib bu qədər həcmdə narkotik verib? Yəni bunlar hamısı başqa şeydir və bunlar artıq hüquq-mühafizə orqanlarında, o cümlədən məhkəmə sistemində islahatların nəticəsi olacaq. Başqa bir şey olmayacaq.
– Dövlət və cəmiyyət olaraq narkoticarətin və narkomaniyanın qarşısını almaq üçün bəzi təkliflərinizi sadaladınız. Sizcə, narkoticarət və narkomaniyanın yayılmasında təhsil, sosial-iqtisadi durum, hüquqi səbəblərin rolu nə qədərdir?
– Təbii, bunlar da var. Məktəb, tərbiyə, təlim, valideyn-uşaq münasibətləri, asudə vaxtın səmərəli keçirilməsi və s. var. Bu faktorlardan nə qədər desəniz, saymaq olar. O faktorların hamısını aradan qaldırmaq üçün sistemi tamamilə dəyişmək lazımdır. Sistem dəyişməyənə qədər də mübarizə bu qədər sərt olmalıdır. Orada təhsilin də, valideynin də, sosial-iqtisadi vəziyyətin də yükü var, asudə vaxtın təşkili də, işsizlik də var və s. Hamısı bu faktorların içində var. Bunlar onu doğuran səbəblərdir. Amma onu doğuran səbəblərdən sonrakı – narkomaniyaya qarşı mübarizə budur. Təbii ki, bu da onun tərkib hissəsidir. Onun üçün də sistemli yanaşmaq lazımdır.
– Konkret olaraq maarifləndirmə ilə bağlı təklifləriniz nələrdən ibarətdir?
– Bilirsiniz, cəmiyyət nümunələrdən təşkil olunur. Sözlə cəmiyyət tərbiyə olunmur. Maarifləndirmə üçün mütləq nümunələr ortada olmalıdır, o nümunə olmayana qədər də mümkün deyil. Nümunə isə, bayaq dediyim kimi, əvvəla, narkotiki qeyri-qanuni istifadə edənləri, satışını təşkil edənləri cəzalandırmaq mütləqdir. Bunu istifadəyə meylli şəxslərə nümunə göstərəcəksən.
İkincisi, suçsuz insanları narkotiklə şərləyərək tutmayacaqsan ki, gerçək narkomanlarla narkotikdən istifadə etməyənlər arasında bir fərq olsun. Yoxsa, indiki nəsillə mübarizədə də, iqtisadi cinayətdə də, küçədə danışana qarşı da “narkotikdən istifadə” ittihamına rast gəlirik. Bu şərtlər olmadıqca, cəmiyyət hətta cinayətkarı belə, bəzən haqlı hesab edir. Deyir ki, əşşi, yəqin, üstünə şər atıblar, yəqin, belə deyil. Amma gerçək bunlar olsa, etmək olar.
Üçüncüsü, yenə deyirəm, təhsil sistemi də dəyişməlidir, tərbiyə sistemi də dəyişməlidir, işsizlik problemi də və s. həll olunmalıdır. Asudə vaxtın təşkili də normal qaydada həyata keçirilməlidir ki, bunların qarşısını almaq mümkün olsun.
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA
Şərh yaz