HƏMAS-dan gözlənilməz bəyanat: 4 şərt irəli sürüldü, bir istək var – TALEH ƏLİYEV şərh edir…

“The National” qəzeti HƏMAS-ın İsraillə münaqişənin hərtərəfli həlli və bütün israilli girovların azad edilməsi ilə bağlı geniş paketli danışıqlara daxil olmaq istədiyini yazıb.
Təşkilatın Siyasi Bürosunun sədri Xəlil əl-Hayya qrupun artıq qismən sazişlərlə kifayətlənmək niyyətində olmadığını söyləyib. Əl-Həyya HƏMAS-ın hüquqi baxımdan möhkəm əsaslara malik, son nəticəyə qədər davam edəcək danışıqlar tələb etdiyini bildirib. O əlavə edib ki, bu paketə müharibənin sona çatdırılması, bütün girovların azad edilməsi, məhbus mübadiləsi və Qəzzanın bərpası daxildir.
Beləliklə, HƏMAS-la İsrail arasında qarşıdurma sona çata və Qəzza zolağına sülh gələ bilərmi?
Globalinfo.az-a danışan Azərbaycan Ümid Partiyası Mərkəzi Aparatının rəhbəri Taleh Əliyev deyib ki, İsrail və Qəzzada münaqişənin bitməsinə çalışan beynəlxalq təşkilatlar, o cümlədən Qərb dövlətləri gələcək danışıqlar prosesində HƏMAS-ın iştirakını istəmirlər:
“Qəzzada quruculuq və idarəetmə mərhələsində HƏMAS-sız bir dövrün başlanması arzulanır. Buna görə də, terror təşkilatının əlində qalan azsaylı məhbuslar üzərindən belə genişmiqyaslı bazarlığa cəhd etməsi, mənasız danışıqlar imitasiyası həyata keçirməsi sanki məsuliyyəti öz üzərindən ataraq, qarşı tərəfi sülh danışıqlarının aparılmamasında, girovların azad edilməməsində ittiham etmək cəhdindən başqa bir şey deyil.
Ötən müddət ərzində bu təşkilatın həyata keçirdiyi müdafiə xarakterli tədbirlər göstərdi ki, münaqişədən ən çox zərər çəkən fələstinlilərdir. Bölgənin və iqtisadiyyatın tamamilə dağıdılması, infrastrukturun məhv edilməsi, həmçinin onminlərlə fələstinli mülki əhalinin ölümündə məsuliyyət əsasən HƏMAS-ın üzərinə düşür. Bu təşkilatının 7 oktyabr tarixində həyata keçirdiyi terror aktı Qəzzaya böyük ziyan vurdu.
Mən elan edilən prosesin HƏMAS-İsrail münaqişəsini tezliklə sona çatdıracağını düşünmürəm. Çünki əsas məqsəd başqadır — HƏMAS-ı danışıqlardan kənarlaşdırmaq. Ona görə də, Qəzza zolağına sülhün gələcəyinə ümid etmək çətindir”.
Şərh yaz