Ermənistan böyük qarşıdurmaya hazırlaşır – Proses başladı – ANAR İSAYEV şərh edir

Ermənistan Baş naziri Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasında qarşıdurma kəskinləşir. İllərdir davam edən mübarizə artıq fərqli müstəviyə keçib, daha şiddətli hal alıb.
Paşinyanın kilsə ilə açıq mübarizəyə girməsi nədən xəbər verir? O, hansı ictimai və ya xarici dəstəyə arxalanır? Ümumiyyətlə, bu qarşıdurma Paşinyana nə vəd edir?
Globalinfo.az-a danışan Azərbaycan Ümid Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Anar İsayev deyib ki, sözügedən qarşıdurma təkcə dini qurumla siyasi lider arasında fikir ayrılığı deyil, bunun ciddi siyasi məzmunu da var:
“Münaqişənin kökləri 2018-ci ildən başlayır. Paşinyan hakimiyyətə gəldikdən sonra köhnə elitanı və ona bağlı qurumları dəyişdirməyə, korrupsiyanı aradan qaldırmağa və dövlətin siyasi kursunu yeniləməyə başladı. Ondan əvvəl Ermənistan əsasən Rusiyayönlü siyasət yürüdürdü, Paşinyan isə Qərbpərəst mövqe sərgiləməyə başladı. Erməni Apostol Kilsəsi uzun illər Ermənistanın ənənəvi və ideoloji dayaqlarından olub və əvvəlki hakimiyyətlə sıx bağlı idi”.
A.İsayevin sözlərinə görə, kilsənin ictimai-siyasi proseslərə qarışmasından sonra Paşinyanla kilsə arasında münasibətlərdə gərginlik yaranıb:
“Kilsə mitinqlər təşkil edir, xüsusən Qarabağdakı məğlubiyyətdən sonra Paşinyanı əraziləri təhvil verməkdə günahlandırırdı. Paşinyan isə kilsənin köhnə sistemin qoruyucusu rolunu tərk etməsini istəyirdi. Kilsə də öz növbəsində Paşinyanı milli və dini dəyərləri dağıtmaqda ittiham edir.
Anar İsayev
2024-cü ilin dekabrında Paşinyan hakimiyyətinin təqdim etdiyi qanun layihəsində dini təşkilatların dövlət tərəfindən maliyyələşdirilməsinin azaldılması və onların siyasi fəaliyyətinə məhdudiyyətlər qoyulması nəzərdə tutulurdu. Bu layihə kilsə tərəfindən narazılıqla qarşılandı. Kilsə bu addımı dövlətin milli və dini maraqlarının dağıdılması kimi qiymətləndirdi. Münaqişə artıq təkcə siyasi yox, ailə-məişət kontekstində də şərh olunur”.
Siyasi şərhçinin sözlərinə görə, Apostol kilsəsi revanşist dairələrə və xüsusi ilə Rusiyaya arxalanır:
“Kilsəni siyasi proseslərə cəlb edən rəsmi Moskvadır. Paşinyan isə legitimliyini xalqın dəstəyinə əsaslanaraq müdafiə edir. O, kilsəni dövlətdən ayırmaq və sırf dini institut kimi formalaşdırmaq istəyir. Bu isə klassik Qərb yanaşmasıdır.
2025-ci ilin aprel ayında keçirilən son sorğulara əsasən, Paşinyanın reytinqi 37 faiz, kilsənin isə 44 faiz təşkil edir. Lakin kilsənin nüfuzunda əvvəlki illərlə müqayisədə ciddi azalma müşahidə olunur. Paşinyanın sabit dəstəkçiləri var və bura həm xalq, həm də Qərb dövlətləri daxildir”.
Safura Bənnayeva
Şərh yaz