Əziz balalar!
İlk növbədə Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi günü münasibətilə bütün insanlığı xilas edəcək, insanlığa sahib çıxacaq uşaqları, bəşər övladının hər birini təbrik edirəm. Çox istərdim ki, dinindən, dilindən, məzhəbindən, irqindən asılı olmayaraq, hər bir uşaq xoşbəxt, azad, firavan, sülh içində böyüsün.
Heç bir uşaq aclıqdan, yoxsulluqdan, imkansızlıqdan, müharibədən, savaşdan əziyyət çəkməsin. Amma təəssüflər olsun ki, bu gün dünyamız istədiyimiz səviyyədə deyil. Dünyamızın hər köşəsində uşaq ağlayır, dünya adlı evimizin hər yerində ac-yalavac, yoxsul, qaçqın, didərgin uşaqlar var.
Təəssüflər olsun ki, ölkəmizin taleyinə bu acılardan az yazılmayıb.
Bizim də bu gün torpaqlarının böyük bir hissəsini işğal, müharibə səbəbindən görməyən xeyli sayda uşaqlarımız var. O balalar 2020-ci ilin 44 günlük Vətən müharibəsinə qədər valideynlərindən, yaxınlarından, doğmalarından hər gün öz ata-baba yurdlarının adlarını eşitsələr də, təəssüf ki, oranın necə yurd olduğunu, o hissin nə olduğunu anlamayıb, duymayıb, bilmirdilər. Yaşadıqları hər yer onlar üçün kirayə evi, müvəqqəti sığınacağı xatırladır, hətta onlara nə qədər yaxşı şərait yaradılsa, nə qədər xoş gün-güzəran keçsə belə, valideynlərininin içindən gələn o nisgil hökmən onların da həyatına təsir edirdi.
O müharibə uşaqlarının çoxu böyüdü, Qarabağımızdan qucaqda gələn o körpələr, Qarabağımızı qucaqda bizə qaytaran igidlər oldular.
Vətən torpağımızın azadlığı, suverenliyi uğrunda qəhrəmancasına canından keçən, hər biri VƏTƏN boyda olan Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə can sağlığı arzulayır, yaralalılarımıza Allahdan şəfa diləyirik.
Diləyirəm ki, vətənimizin ərazisini işğaldan azad edənlərimizin özləri, ailələri, balaları gələcəkdə bir daha müharibə görməsinlər. Biz həm də torpaqlarımızı ona görə azad etdik ki, müharibəni o uşaqlara buraxmayaq. Ona görə də bu gün bizim üzərimizə düşənləri həll etməliyik ki, gələcəkdə övladlar, fidanlar o müharibənin nə olduğunu hiss etməsinlər.
Çox istərdim ki, Azərbaycanda uşaqlara təkcə valideynlər atalıq, babalıq etməsinlər, DÖVLƏT uşaqlara BABAlıq etsin. Hər bir uşaq, hətta hər bir valideyn düşünmədən, qorxmadan, çəkinmədən onun övladlarının Dövlət adlı bir babasının olduğunu düşünsün. Maddi vəziyyətinin yaxşı və ya pis olmağından asılı olmayaraq, hər bir uşağın özünün büdcəsi olsun, o büdcəni dövlət ayırsın. 18 yaşına çatan hər bir uşağa o yaşa qədər dövlət mütləq vəsait ayırsın və mütləq o uşaqlar doğulandan bu vəsaitlə böyüyüb, bu dövlətin babalığını görsünlər. Onlara elə bir dövlət ərməğan edək ki, onlar bizim çəkdiklərimizi və bizim düşündüklərimizi heç zaman ağıllarına belə gətirməsinlər.
İstəmirəm, övladlarımızın sədası müharibə meydanlarındakı qəhrəmanlıqlardan, savaşlardan, döyüşlərdən gəlsin. İstəyirəm ki, övladlarımızı Nobel mükafatı laureatları kimi, dünyanın ən yeni texnologiyalarını mənimsəyən və dünyaya yeni texnologiyalar təqdim edən, sağalmayan xəstəlikləri müalicə edən, tibbi preparatları kəşf edən insanlar kimi tərbiyə edək, böyüdək. Bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik!
Peyğəmbər Rəsulunun gözəl bir sözü var. Deyir ki, uşaq qoxusu cənnət qoxusudur. Heç birinizin evinizdən cənnət qoxusu əskik olmasın.
Balaları təbrik edir, öpüb bağrıma basıram!
Sözün əsl mənasında bayram kimi ömrünüz olsun!
Sevgi və sayğılarla
İqbal Ağazadə
İQBAL AĞAZADƏ uşaqları təbrik etdi
Şərh yaz