Sakinlərin çoxu bu layihənin baş tutması ilə razı deyil – İQBAL AĞAZADƏDƏN mövqe

Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub ki, azad edilmiş ərazilərdə bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış məntəqələrinin bərpası və yenidən qurulması ilə bağlı təsdiq olunmuş planlara uyğun baxıla bilər.
Nazirlər Kabineti məsələyə baxılacağını bildirib. Düzdür, hələ ki ortada dəqiq bir qərar yoxdur. Amma maraqlıdır, belə bir qərar qəbul oluna bilərmi? Köçkün vətəndaşlarımız öz yurdlarını özləri bərpa edə biləcəklərmi?
Ümid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadə vətəndaşlara bərpa-quruculuq işlərində şərait yaradılmasını ilk təklif edənlərdən biridir.
O, Pressklub.az-a açıqlamasında deyib ki, təklifi reallaşdırmağın iki yolu var:
“Birincisi, evini özü tikmək istəyən imkanlı sakinlərə pul vermədən əzəli torpaq sahəsini təhvil verməkdir. Bu sənədlər keçmiş kənd sovetlərində, indiki icra nümayəndəliklərində var. İkincisi, də həmin sakinlərə yeni şəhərsalma qaydalarına uyğun ev verməkdir. Digər tərəfdən, sakinlərə kvadratmetrə uyğun məbləğ ayırmaq olar. O da pul şəklində deyil, materiallar alınarkən hissə-hissə ödənilə bilər. Yalnız işçinin pulunu nağd ödəyə bilərlər”.
Müsahibimiz hesab edir ki, təklifi reallaşdırmaq mümkündür. Çünki Qarabağın bərpa işləri uzun illər çəkə bilər. Ona görə də sakinlər uzun müddət gözləmədən öz istəklərinə uyğun ev tikə bilsələr, yaxşı olar.
Bu qərarın qəbul edilməsi sakinlər üçün əlverişli olacaq. Çünki bəzi sakinlər kəndlərdə əsl kənd həyatı quraraq, məskunlaşmaq istəyir. Amma dövlətin apardığı bərpa-quruculuq prosesində kəndlər klassik kənd formatından çıxaraq, şəhər tərzində qurulur. Hətta kənd daxilində tövlə, hin tikilməsinə, heyvan saxlamaq üçün digər infrastrukturun qurulması nəzərə alınmır. Layihəni icra edən Bakı Abadlıq Xidmətinin yanaşması belədir ki, kənddə heyvan saxlamazlar, çünki heyvanların pis qoxusu ətrafa yayılır, heyvan saxlamaq istəyənlər bunu kəndin kənarında, ayrıca fermada edə bilər. Sakinlərin çoxu isə bu fikirlə, yəni, “ağıllı kənd” layihəsi ilə razılaşmır, əvvəlki həyatlarını bərpa etmək istəyirlər.
Şərh yaz