Azərbaycan Ümid Partiyası İdarə Heyətinin
qərarı ilə təsdiq edilmişdir
Protokol № 08; 08 noyabr 2023-cü il
Azərbaycan Ümid Partiyasının
PROQRAMI
Partiyanın cəmiyyətdəki yeri və rolu
Ümid Partiyası 1993-cü ildə yaradılmasına və Ədliyyə Nazirliyində qeydə alınmasına baxmayaraq, ciddi tanınan və kütləvi təşkilata çevrilən partiya kimi fəaliyyət göstərmirdi.
2002-ci il dekabrın 15-də keçirilən növbəti Qurultaydan sonra partiyanın həyatında əhəmiyyətli dönüş başladı.
Partiya yeni rəhbərlik və siyasi kursla Azərbaycanda demokratik cəmiyyət quruculuğu, dövlətçiliyin möhkəmləndirilməsi, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün böyük mübarizəyə başladı.
Qısa müddət ərzində Partiya quruculuq istiqamətində böyük uğurlara imza atdı, əksər rayonlarda yerli təşkilatlar yaratmaqla yanaşı, əhalinin rəğbətini qazanan siyasi təşkilata çevrildi.
Günü-gündən təşkilatlanan Partiya sıralarına tanınmış elm xadimləri, ictimai-siyasi aktivistlər, gənclər qoşuldu.
Partiya kütləvi informasiya vasitələri ilə yeni iş metodu qurmaqla, siyasi təşkilatın təbliğat və təşviqatına yenilik gətirdi. Hər gün ən yüksək tirajlı qəzetlərdə Partiyanın xüsusi səhifəsi təşkilatın fəaliyyəti ilə bağlı geniş oxucu kütləsinə məlumat verirdi.
II, III, IV çağırış Milli Məclisdə təmsilçilik Parlament tribunasından istifadə üçün də imkanlar yaratdı. Milli Məclisdə Partiyanı təmsil edən Partiya sədri təkcə seçildiyi ərazinin yox, Azərbaycanın hər bir seçicisinin hüquqlarını müdafiə edir, problemlərini parlament kürsüsündən səsləndirirdi.
Yerlərdə vətəndaşlarla görüş, onları dinləmək, problemlərinin həlli üçün dövlət strukturları ilə səmərəli əməkdaşlıq Partiya sədrinin prioritet addımlarından idi.
Parlamentdəki aktiv və səmərəli fəaliyyət KİV və sosioloji sorğu mərkəzləri tərəfindən yüksək qiymətləndirilir, hətta ilin ən fəal millət vəkili kimi Partiyanın sədri xüsusi qeyd edilirdi.
Milli Məclisdəki çıxışlar internet kanallarında bu gün də baxış sayına görə olduqca yüksək göstəricilərə malikdir.
Ümid Partiyası üç dəfə Prezident seçkilərində iştirak edib. İlk dəfə blokda iştirak edib, başqa partiya sədrini dəstəkləsə də, 2008 və 2013-cü il Prezident Seçkilərində öz namizədi ilə iştirak etdi. Ölkə reallıqlarına və şərtlərinə uyğun yüksək və yenilikçi təbliğat formalarından istifadə edərək, böyük rəğbət qazandı.
Nəticələr Partiya hədəflərini özündə ehtiva etməsə də, seçicilərlə iş və tərəfdar toplamaq baxımından çox faydalı oldu.
2005, 2010, 2015, 2020-ci illərdə keçirilən Parlament seçkilərində Partiya öz namizədləri ilə iştirak etdi. Aktiv iştiraka baxmayaraq, ümumi nəticələr Partiyanı qane etmədi. Həm qeydiyyat prosesində, həm də səsvermələrin sonuclarına görə namizədlərin hüquqları pozuldu, səs faizi dəyişdirildi.
2005 və 2010-cu illərdə Partiyanın yalnız bir namizədinin haqqı tanındı.
Lakin bütün bunlara baxmayaraq, Partiya bu gün də seçki institutlarının sıradan çıxmaması, təbliğatın aparılması və hakimiyyətə gəlməyin tək seçki yolu ilə gerçəkləşməsi fəlsəfəsinə söykənərək, yorulmadan mübarizəsini davam etdirir.
Azərbaycan Ümid Partiyası ölkədə keçirilən bələdiyyə seçkilərində də aktiv iştirak edib. 2004-cü il bələdiyyə seçkiləri xaric, 2009, 2014, 2019-cu illərdə bələdiyyə seçkilərində müxalif təşkilatlar içərisində ən çox namizədlə seçkilərdə iştirak edən Ümid Partiyası olub. Nəticələr ürəkaçan olmasa da, hər kənd bələdiyyəsində namizədlə seçkidə iştirak təşkilatlanmaya əlavə stimul verib.
Partiya ölkədə keçirilən referendumlarda da aktiv mövqe sərgiləyib. Konstitusiyaya dəyişiklərlə bağlı keçirilən 2009 və 2016-cı il Referendumlarında Ümid Partiyası təklif olunan dəyişikliklərlə bağlı Antireferendum Koalisiyasının yaradılmasında aktiv iştirak edib. 2009-cu il “Qarabağ və Respublika uğrunda Vətəndaş Hərəkatı” Antireferendum Koalisiyasının yaradıcılarından biri, 2016-cı ildə isə Ümid Partiyası olaraq geniş fəaliyyət göstərib.
Mərkəzi, Dairə və Məntəqə Seçki komissiyalarının formalaşmasında da Ümid Partiyası aktiv iştirak edib.
Azərbaycanda ilk dəfə dairə seçki komissiyalarının formalaşmasında iştirak etmək istəyən Partiya üzvləri arasında imtahan keçirilmiş, test üsulu ilə yüksək bal toplayanlar dairə komissiyalarında təmsil olunmuşlar.
Ümid Partiyası ölkəmizin dövlət maraqlarını həmişə partiya və şəxsi maraqlarından üstün tutmuş, milli problemlərin həll olunması istiqamətində ardıcıl, prinsipial mövqe sərgiləmiş, bəzən də Partiyanın ictimai nüfuzunu zərbə altında qoymaqdan çəkinməyərək, dövlət maraqlarının qorunmasında cəsarətli addımlar atıb, bundan sonra da atmaqda davam edəcəkdir.
Siyasi və ictimai mövqeyindən, üzvlüyündən asılı olmayaraq, Partiya keçən illər ərzində hüququ pozulan hər bir Azərbaycan vətəndaşının haqqı üçün mübarizə aparmış, qanunun imkan verdiyi çərçivədə mücadiləsini davam etdirmişdir. İnsan haqlarının, söz, mətbuat azadlığının qorunması Ümid Partiyasının prioriteti olmuş, bundan sonra da hər şeyin Azərbaycan insanının hüquq və azadlığının qorunmasına xidmət etmək prioriteti olacağı şübhəsizdir.
Ümid Partiyası dünyada yaşayan həmvətənlərin hüquqlarının qorunması istiqamətində də aktiv siyasi mövqe sərgiləyib.
Dünya Azərbaycanlıları Konqresinin yaradılması işinin təşkili, Güney Azərbaycanda yaşayan soydaşlarımızın istiqlal və demokratiya uğrundakı mübarizəsini daim diqqətdə saxlamaqla, iştirak etdiyi bütün platformalarda sözügedən məsələni önə çəkib.
Mütəmadi olaraq, ölkədə və xaricdə Güney Azərbaycandan olan ictimai-siyasi fəallarla görüşlər keçirib, onların tələblərinin müxtəlif instansiyalara çatdırılmasında vasitəçi olub. Görünən o ki, Partiyanın bundan sonra da fəaliyyətinin əhəmiyyətli hissəsi məhz Güney Azərbaycanla bağlı olacaq.
Ümid Partiyası Borçalı və Qaraçöpdə, Dərbənddə yaşayan soydaşlarımızın dil, məktəb, toponim problemlərini də diqqətdə saxlamış, onlarla əlaqələrini heç zaman kəsməmişdir.
Bununla belə, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində həm ölkəmizdə, həm də onların yaşadıqları ölkələrdə təklif, xahiş və tələblərlə çıxış etmişdir.
Partiya korrupsiya və rüşvətxorluqla mübarizə istiqamətində çoxsaylı təkliflər təqdim edib, cəmiyyəti içindən sarsıdan bu bəlaya qarşı xüsusi dəst-xətt göstərib, istər Parlament, istərsə də Parlamentdənkənar fəaliyyəti dövründə bu sahəyə önəm verib.
Ümid Partiyasının siyasi fəaliyyətinin əsas prioritetlərindən biri Ermənistan-Azərbaycan münaqişəsinin həlli, torpaqlarımızın işğaldan azad edilməsi, məcburi köçkünlərin və qaçqınların hüquqlarının qorunması olub. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dəfələrlə proqram xarakterli çıxışlarla yanaşı, onların kompakt yaşadığı ərazilərdə görüşlər keçirib, səlahiyyətli dövlət qurumları ilə səmimi münasibət çərçivəsində onların həllinə çalışıb.
2016-cı ilin aprel döyüşlərində, 2020-ci ilin 27 sentyabrında başlayan II Qarabağ savaşında Partiya bütünlükdə dövlətin siyasətini dəstəkləmiş, üzvləri ordu sıralarında qulluq edib, sıralarından şəhid verib.
Ümid Partiyası beynəlxalq təzyiqlərə qarşı dövlətimizin mövqeyinin qorunması istiqamətində ölkədə fəaliyyət göstərən digər siyasi partiyalarla əlaqəli işləmiş, birgə bəyanatlar, müraciətlər qəbul etmişdir.
Ümid Partiyası barış və dialoqa həmişə xüsusi önəm vermiş, bu istiqamətdə daima təşəbbüskar olmuşdur.
2020-ci ildən başlayan iqtidar-müxalifət münasibətlərindəki yeni mərhələyə böyük ümidlərlə qatılaraq, iqtidarın dialoq təşəbbüsünü tərəddüd etmədən dəstəkləmiş, bütün çoxtərəfli və ikitərəfli görüşlərdə iştirakçılığı olmuş, cəmiyyətimizi narahat edən məsələləri müzakirə etmişdir.
Ümid Partiyası bu gün də Azərbaycanın barış, milli həmrəylik, dialoq mühitində yaşaması üçün bütün müsbət çağırışları dəstəkləyir, ölkəmizin demokratikləşməsi, çiçəklənməsi və inkişafı üçün siyasi qüvvələr və iqtidarla dialoqu davam etdirir.
Partiya hədəflərinə çatmaq istiqamətində böyük kadr bazasına malikdir. Partiya yetkililəri hər gün ölkənin yerli elektron və yazılı KİV-də çıxış edir, fikir və düşüncələrini, partiyanın proqram və təkliflərini vətəndaşlara çatdırır. Yerlərdə partiyanın rayon təşkilatları və özək strukturları fəaliyyət göstərir.
Partiya bütün təklif və çıxışları zamanı qeyd edir ki, növbəti illərdə də Nizamnamə və Proqramında qarşısına qoyduğu məqsədlərə çatmaq üçün bütün güc ilə çalışacaq, vətənin inkişafı, vətəndaşların rifahı üçün bundan sonra da bilik və bacarığını əsirgəməyəcək.
Vəzifələrimiz:
Azərbaycan Ümid Partiyası Nizamnamə və proqramı ilə üzvləri qarşısında vəzifələr müəyyən edən siyasi təşkilatdır.
Müstəqillik və suverenlik
1991-ci ilin 18 oktyabrında Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi. Bu, böyük tarixi nailiyyət və qələbə idi.
1918-ci il Cümhuriyyəti 23 ay yaşasa da, müstəqilliyimizin bərpası məhz varislik prinsipi ilə Cümhuriyyətimizin uğuru idi. Müstəqilliyimizin qorunması və bir daha 1920-ci ilin 28 aprel hadisələrinin yaşanmaması Ümid Partiyası üzvlərinin əsas vəzifəsidir. Müstəqilliyimizin qorunması üçün bütün şəxsi və partiya maraqlarımızı qurban verə biləcək nəsil yetişdirməklə yanaşı, prinsip və dəyərlərimizi də bu istiqamətdə formalaşdırmalıyıq.
Müstəqilliyimizi bərpa etsək də, təəssüflə qeyd etməliyik ki, suverenliyimiz ərazimizin bütün subyektlərində təmin olunmadı. Separatçılıq və xəyanət uzun illər ərazimizin böyük bir hissəsinin Ermənistanın işğalı altında qalmasına səbəb oldu. Yalnız 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən II Qarabağ savaşı, o cümlədən 19 sentyabr 2023-cü ildə keçirilən antiterror tədbirləri ölkə ərazisinin hər bir qarışında suverenliyimizi bərpa etdi. Xalq, iqtidar-müxalifət birliyi, cəsarətli və düşünülmüş addımlar ərazi bütövlüyümüzü, dövlət sərhədlərimizi bərpa etməklə yanaşı, suveren hüquqlarımızı da təmin etdi.
Üzvlərimizin əsas vəzifələrindən biri də bundan sonra suverenliyimizə xələl gələcək hər hansı bir addım atmamaq və suverenliyimizi qorumaqdır.
Dövlətçilik
Dövlətimizin qurulması və qorunması tarixi vəzifəmiz və məsuliyyətimizdir. Azərbaycan torpaqları bizə ata-babalarımızın mirasıdır. Bu mirası qorumaq, vahid dövlət fəlsəfəsi Ümid Partiyasının fəaliyyətində xüsusi yer tutur. Buna görə də Partiya:
- Dövlətin inkişafında xalqın iradəsini, hər bir vətəndaşın əqli imkanlarından istifadəni, hüquqi dövlət və vətəndaş cəmiyyəti ənənələrini inkişaf etdirməyi, dövlətçiliyin qorunmasını və möhkəmləndirilməsini özünün başlıca vəzifəsi hesab edir.
İrsilik və inkişaf
Azərbaycan dövləti 1918-ci ildə elan olunmuş və 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olsa da, yüzillərlə fəaliyyət göstərmiş dövlətçilik ənənəsini özündə yaşadan müasir, demokratik, azad və hüquqi, liberal dövlət modelinə üstünlük verir.
Partiya milli adət-ənənələrin qorunması ilə yanaşı yeniliyə açıq, elmi, təkamülü başlıca prnsip kimi qəbul edərək, demokratik dəyərlərə sadiqliyini hifz edir, yaşadır.
Dövlətçilik təfəkküründə varislik və inkişafın vəhdətini qoruyur.
Barış və dialoq
Ölkədə vətəndaş həmrəyliyinin qorunması, barış və dialoq mühitinin yaradılması partiyamızın əsas prinsiplərindəndir.
Partiyalarla qarşılıqlı əməkdaşlıq, vətəndaş cəmiyyəti ilə etibarlı tərəfdaşlıq, rəqiblərlə konstruktiv və hüquqi mübarizə Ümid Partiyasının barış və dialoq istiqamətində başlıca prioritetləridir.
Ümummilli məsələlərdə, dövlətçilik və mili maraqların qorunmasında qeyri-şərtsiz əməkdaşlıq üzərimizə düşən ən böyük vəzifə məsuliyyətdir.
İnsan resurslarının dəyərləndirilməsi və sosial ədalət prinsipi
Partiyanın əsas qayələrindən biri Azərbaycan insanını qorumaq, ölkənin insan resursunu artırmaq, ona dəyər vermək, təhsilli və sağlam vətəndaş yetişdirmək, hər bir insanın sosial cəhətdən güvənli cəmiyyətdə yaşamasını təmin etməkdir.
Bunun üçün ölkənin iqtisadi, siyasi, mədəni və sosial sahələrinin vəhdətdə inkişafına nail olmaqdır.
Ümid Partiyası əhalinin rifah halının yaxşılaşdırılması, mövcud sosiumun tərəqqisini nəzərdə tutur:
- Davamlı sosial inkişaf və bu inkişafı təmin edəcək idarəetmə mexanizmlərinin müəyyənləşdirilməsi əsasında fərdin və cəmiyyətin tarazlaşdırılmış tərəqqisinə nail olmaq üçün əsaslı tədbirlər planı və strategiya həyata keçirəcək;
- Sosial ədalət prinsipindən çıxış edərək, cəmiyyətdə heç bir ayrı-seçkiliyə yol vermədən sosial inkişafa nail olacaqdır.
Sosial inkişaf prosesi sosial həyat keyfiyyətinin yüksəlməsi ilə bağlı olub fərdin və cəmiyyətin tərəqqisini nəzərdə tutur. Sosial inkişaf dəyərlər və davranışlar sistemi olan sosial institutların funksiyalaşmasını müəyyənləşdirir.
Dövləti xalqa xidmət vasitəsi kimi görən Ümid Partiyası bir təbəqənin və ya qrupun deyil, bütün vətəndaşlarımızın rifahını və xoşbəxtliyini təmin edəcək sosial siyasət həyata keçirəcək.
Çoxmillətlilik və etnik-milli siyasət
Azərbaycan Ümid Partiyası ölkəmizdə yaşayan hər bir şəxsi dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bu ölkənin tam sahibi hesab edir.
Hər bir Azərbaycan vətəndaşı ölkə konstitusiyasının ona verdiyi imkanlar çərçivəsində dilini, dinini, adət-ənənəsini yaşatmaq və istifadə etmək hüququna malikdir.
Ümid Partiyası hər bir etnik qrupun mədəni müxtəlifliyini, dilini, xüsusiyyətlərini yaşatması üçün xüsusi proqramlarla çıxış edəcək, unitarlığımızı qorumaqla, ərazimizdə yaşayan bütün xalqların və etnik qrupların nümayəndələrinin Azərbaycan dövlətinin bərabərhüquqlu vətəndaşı olmasına şərait yaradacaq, hər kəsin qanun qarşısında bərabərliyini təmin etməklə, bütöv Azərbaycan fəlsəfəsinin və dünyagörüşünün hakim olmasına çalışacaqdır. Dil, mədəniyyət, din müxtəlifliyini dağıdıcı və fərqləndirici yox, ölkənin multikultural dəyərlərə sahib olması və rəngarəngliyini bütövləşdirən faktora çevirəcək.
Hakimiyyət bölgüsü və qanunilik
Ümid Partiyası qanunverici, icra və məhkəmə hakimiyyətlərinin sərhədlərinin dəqiq çəkilməsini, nəzarət mexanizminin ictimailəşdirilməsini və hakimiyyət qollarının müstəqilliyini özünün prioriteti hesab edir.
Hakimiyyətin bütün qolları özünün faəliyyətində konstitusiyanı, qanunları, beynəlxalq hüquq normalarını əsas götürərək, vətəndaşa və onun mənafeyinə xidmət edir.
Qanun qarşısında hər kəsin bərabərliyi təmin olunur, partiyamız qanunverici bazanın demokratikləşdirilməsi və vətəndaş maraqlarına uyğunlaşdırılmasını özünün başlıca vəzifəsi hesab edir.
Dövlət maraqları ilə vətəndaş maraqları uzlaşdırılır, dövlət və vətəndaş münasibətlərinin yeni müstəvisi yaradılır.
Demokratik cəmiyyət quruculuğu
Ümid Partiyası dövlət idarəetməsində, partiyadaxili münasibətlərdə demokratikliyi ən vacib prinsip hesab edir, siyasətdə şəffaflıq və hesabatlılığı, peşəkarlığı əsas götürür.
Bunun üçün:
- Konstitusiya islahatları həyata keçirir;
- Seçki islahatları və yeni Seçki Məcəlləsinin qəbulunu reallaşdırır;
- Siyasi islahatlar gerçəkləşdirir;
- İdarəetmə islahatları həyata keçirir;
- Əsas hüquq və azadlıqların qorunması, tərəfdaş olduğu beynəlxalq müqavilə və öhdəliklərin insan haqları sahəsində müəyyən etdiyi standartların tətbiqini sürətləndirir;
- Məhkəmə islahatları həyata keçirir;
- Vətəndaş cəmiyyətinin inkişafı üçün tədbirlər planı və qanunvericilik bazasını təkmilləşdirir;
- Azərbaycan Konstitusiyasında təsbit olunmuş unitarlıq, dünyəvilik prinsiplərini sona qədər qoruyur.
Təhsil və elm
Təhsil və elm hər bir sahədəki inkişafın ən əhəmiyyətli başlanğıcıdır.
Təhsilə yatırım, sərmayə qoymayan dövlətlər rəqabət şanslarını itirməyə məhkum olurlar. Ümid Partiyasının investisiya qoyacağı ilk sahə elm və təhsildir.
Ümid Partiyası dövlətin təhsil siyasətini kökündən dəyişdirmək, təhsilli və sağlam vətəndaş yetişdirməyi özünün başlıca vəzifəsi hesab edir. Bunun üçün:
- Təhsil haqqında yeni qanun qəbul olunacaq;
- Məktəbəqədər təhsil müəssisələrinn işi yenidən təşkil ediləcək;
- Orta məktəblərin idarə edilməsi, tədris planı, müəllimlərin müasir dövrün şərtlərinə, tələblərinə, ehtiyaclarına, dünyəvi təhsil bazasının formalaşmasına xüsusi proqram əsasında yanaşılacaq;
- Peşə təhsilinə tələbat təşviq olunacaq, peşə təhsilinin keyfiyyəti yüksəldiləcək;
- Ali məktəblərə, orta ixtisas və peşə məktəblərinə qəbulun standartları yenidən müəyyənləşdiriləcək;
- Dövlət nəzarətində olan Ali təhsil ocaqları təmərküzləşdiriləcək və yenidən formalaşacaq;
- Məktəbəqədər, orta, orta ixtisas və ali məktəblərin idarəetməsi dəyişdiriləcək, onların siyasi və ictimai yükü azaldılacaq;
- Özəl təhsil sisteminin standartları yüksəldiləcək, tələblər müasir elm və təhsil siyasətinə uyğunlaşdırılacaq;
- Elmin inkişafı üçün xüsusi proqram qəbul olunacaq;
- Nəzəri və praktik elmin inkişafı dövlət sifarişləri ilə tənzimlənəcək;
- Təhsil Nazirliyinin yeni idarəetmə əsasnaməsi qəbul olunacaq, nazirlik təşkilati, tənzimləmə və nəzarət işini həyata keçirəcək;
- Heç bir vətəndaş təhsildən kənarda qalmayacaq, kimsəsiz, imkansız, sosial cəhətdən təminatsız uşaqlar xüsusi dövlət himayəsində təhsil alacaqlar;
- Hər bir vətəndaş bir dəfə orta, orta ixtisas, ali təhsilin bakalavr və magistr pilləsində pulsuz təhsil almaq hüququna malik olacaq.
Səhiyyə və sağlamlıq
Ümid Partiyası insanların sağlam yaşamasını bir cəmiyyətin mövcudluğu üçün əsas prinsip hesab edir. Təsirli və keyfiyyətli sağlamlıq sistemi bir cəmiyyət üçün təməl prinsipidir.
Azərbaycan vətəndaşlarının sağlamlığını qorumaq və cəmiyyətin təhlükəsizliyini təmin etmək dövlətin əsas vəzifəsidir.
Ümid Partiyası bu sahədə xüsusi tədbirlərin həyata keçirilməsinin tərəfdarıdır.
Ümid Partiyası Azərbaycan vətəndaşlarının sağlamlığını qorumaq və cəmiyyətin təhlükəsiz yaşamasını təmin etmək üçün aşağıdakıları nəzərdə tutur:
- Ailə həkimlərinin təşkil olunması;
- Hər bir vətəndaşın şəxsi qeydiyyat vərəqəsinin yaradılması;
- Qadın və uşaq xəstəliklərinin miqyasının azaldılması, ailə planlaması, xəstəliklərin vaxtında aşkarlanmasını və müalicəyə yönləndirilməsinin təşkili;
- Məcburi tibbi sığorta kartları vasitəsilə vətəndaşların mütəmadi yoxlanışdan keçirilməsi;
- Xüsusi kateqoriyalı xəstəliklərin (diabet, talassemiya, autizm, daun, vərəm, xərçəng, QİÇS və s.) dövlət qeydiyyatına alınması, müalicəsi, dərman vasitələri ilə təminatı;
- Xəstə hüquqlarını qoruyan yeni qanun layihəsinin hazırlanması;
- Tibb elminin inkişafı üçün avtonom və xüsusi çalışmalara dəstək verilməsi;
- Dövlət sektoru ilə yanaşı, özəl tibb sektorunun inkişafına dəstək verilməsi;
- Ölkədə dərman istehsalının təşkili proqramının qəbul edilməsi;
- Təcili yardım mərkəzlərinin işinin yenidən təşkili;
- Səhiyyə Nazirliyinin yeni əsasnaməsinin qəbulu.
Xarici siyasət
Ölkənin təhlükəsizliyi, dövlətimizin güclənməsi daxili vəziyyətimizlə yanaşı, xarici siyasətdən bilavasitə asılıdır.
Ümid Partiyası xarici siyasətinin ana xəttini barış, sülh, dialoq və qarşılıqlı anlaşma şəraitində görür, dövlət və millət maraqlarını qorumağı özünün əsas vəzifəsi hesab edir.
Hakimiyyətə gəldiyi təqdirdə xarici siyasətin əsas ana xəttini bu şəkildə görür:
- Türkiyə-Azərbaycan münasibətlərinin daha da dərinləşdirilməsi, ölkələrarası əlaqələrdə idxal-ixrac siyasətinin yeni konsepsiyasının hazırlanması, müdafiə sistemlərinin birgə təşkili, xarici siyasətin uzlaşdırılması, maraqların birgə qorunması üçün bütün növ münasibətlərin uzunvədəli strategiyasının hazırlanması;
- Türkdilli dövlətlər və birliklərlə daha sıx, müasir tələblərə cavab verən siyasətin yürüdülməsi, iqtisadi, siyasi, hərbi, mədəni əlaqələrin möhkəmləndirilməsi;
- Ölkənin təhlükəsizliyi naminə Avropa Birliyi ilə sıx əlaqə, iqtisadi, siyasi, hüquqi və mədəni bağlılığın intensivləşdirilməsi, assosiativ və tamhüquqlu üzv olmaq istiqamətində sıx əlaqələr;
- Amerika Birləşmiş Ştatları ilə münasibətlərdə səmimi, dərinləşən və genişşaxəli əlaqələrə xüsusi yer verilməsi;
- Yaxın qonşularla (Rusiya və İran) dinc yanaşı yaşamanın prinsiplərinin müəyyən edilməsi, əlaqələrin dərinləşdirilməsi, iqtisadi, siyasi və mədəni əməkdaşlığın genişləndirilməsi;
- Ermənistan, Azərbaycan və Gürcüstanın daxil olacağı Cənubi Qafqaz Birliyi yaradılması istiqamətində intensiv iş aparmaqla, bölgənin yeni münasibətlər sisteminə daxil olmasının təmin edilməsi;
- İslam ölkələri təşkilatları ilə sıx və intensiv iş mexanizminin qurulması, əməkdaşlığın dərinləşdirilməsi;
- Dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli münasibətlər sistemini yaratmaqla, dövlətimizin dünyadakı yerini və mövqeyini möhkəmləndirmək, iqtisadi və siyasi münasibətlərdə yeni səhifə açmaq.
Ordu quruculuğu
Azərbaycan ordusu müdafiə ordusudur. Dövlətimizi və xalqımızı xarici hərbi təhlükələrdən qorumaq üçün peşəkar və təminatlı ordu quruculuğu Ümid Partiyası üçün ən vacib vəzifələrdən biridir.
Daxildə peşəkarlığın artırılması, həmçinin müasir tələblərə cavab verən ordu yaradılması dövlətimizin qorunmasının əsas şərtlərindəndir.
Ordu quruculuğunda Türkiyə ilə daha sıx münasibətlərin qurulması, dost ölkələrlə hərbi sahədə əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, kadr bazasının formalaşmasında aparıcı hərbi birliklərin və ölkələrin təcrübəsinin tətbiqi də mümkündür. Bunun üçün ordu quruculuğu istiqamətində geniş və hərtərəfli əməkdaşlıq üçün yollar aranacaq, dünyada barışın və sülhün olması naminə sülhməramlı missiyalarda iştirak edəcək ordu yaradılacaqdır.
Daxili təhlükəsizlik
Ölkənin daxili təhlükəsizliyi vətəndaşların dinc, sabitlik və həmrəylik içərisində yaşamasının başlıca şərtidir.
Ümid Partiyası daxili sabitliyin təmin olunması üçün hüquq-mühafizə orqanları ilə səmərəli və yeni qanunvericilik bazası əsasında işləmənin tərəfdarıdır. Partiya bu sahədə ciddi islahatlar aparmaqla, vətəndaşlarda hüquq-mühafizə orqanlarına etimadı saxlamaq və qarşılıqlı əlaqə əsasında təhlükəsiz cəmiyyət yaradılmasına səy göstərəcək.
Məhkəmənin azadlığı və siyasi idarəçilikdən asılı olmadan fəaliyyət göstərməsi daxili etimad üçün olduqca vacibdir.
Məhkəmə islahatları vasitəsi ilə həm hakimlərin müstəqilliyi təmin olunacaq, həm də onların ədalətli qərarlar qəbul etməsinə şərait yaradılacaq.
Hakimlərin və məhkəmə işçilərinin sosial-təminatına xasusi diqqət ayrılacaqdır.
Ədliyyə sisteminin işinin effektli təşkili üçün də qanunvericilik bazası yenilənəcək.
Dövlət təhlükəsizliyi və xarici kəşfiyyat peşəkarlığını artırmaqla yanaşı, daxili təhlükəsizlik üçün xüsusi rola malik olacaq.
Strukturların effektiv işinin təşkili üçün idarəetmədə təmərküzləşmə həyata keçiriləcək. Ümid Partiyası daxili təhlükəsizliyi və sabitliyi ölkənin inkişafının, turizmin genişlənməsinin, iqtisadi çiçəklənmənin və dinc yaşamanın əsası hesab edir.
Cəmiyyətin idarə olunması
Ümid Partiyası belə hesab edir ki, qarşıda dayanan ən böyük vəzifələrdən biri də hüquqi və konstitusion dövlət idarəçiliyi yaratmaqdır. Dövlətin idarə olunması xalqın seçdiyi nümayəndələr vasitəsilə gerçəkləşməlidir.
Konstitusiyaya uyğun hakimiyyət bölgüsü aparılması, hər kəsin vəzifəsini layiqincə yerinə yetirməsi, cəmiyyət maraqlarının üstün tutulması, dövlət vəsaitlərinin səmərəli və nəzarətlilik çərçivəsində xərclənməsi cəmiyyətin və dövlətin idarə olunmasında əsas vəzifəmizdir.
Bunun üçün:
Mərkəzi idarəetmədə:
- Paralel dövlət strukturları ləğv ediləcək;
- Prezident Administrasiyası ilə Nazirlər Kabineti arasında dəqiq vəzifə və səlahiyyət bölgüsü aparılacaq;
- Nazirliklərin təmərküzləşməsi prosesinə başlanılacaq;
- Komitə, Publik Hüquqi Şəxs, Səhmdar Cəmiyyətlərin işinin effektivliyi araşdırılacaq və fəaliyyət üçün Nazirlər Kabinetinin və müvafiq nazirliklərin tərkibinə veriləcək, xidmət sahələri həyata keçirən qurumlar özəlləşdirməyə açılacaq;
- Şəffaf idarəçilik və hesabatlılıq üçün qanunvericilik bazası yenilənəcək;
- İctimai nəzarət üçün vətəndaş cəmiyyəti ilə sıx əlaqələr qurulacaqdır.
Yerli idarəçilikdə:
- Bələdiyyələrin səlahiyyəti referendumla yenidən müəyyən ediləcək;
- İcra hakimiyyətinin nəzarətində olan xidmət strukturları tamamilə bələdiyyələrin tərkibinə veriləcək;
İcra strukturları:
- Prezidentin nümayəndəsi kimi fəaliyyət göstərəcək;
- Bəzi xidmət sahələri (VVAQ, notarius və s.) bələdiyyə tabeçiliyində fəaliyyət göstərəcək;
- Şəhər, rayon, bələdiyyə başçıları ümumxalq səsverməsi ilə seçiləcək;
- Şəhər, rayon bələdiyyələrinin məclisləri formalaşdırılacaq, məclis üzvləri ümumxalq səsverməsi ilə seçiləcək;
- Kənd, qəsəbə bələdiyyələri yerli və məhəlli problemlərin həlli və büdcə vəsaitləri üzərində daha geniş qərarvermə imkanları əldə edəcək;
- Siyasi institutların bələdiyyə seçkilərində iştirakında xüsusi təşviqat işi aparılacaq, rəqabətli seçki mühiti formalaşdırılacaqdır.
Fərdi idarəetmədə:
- Dövlət-vətəndaş münasibətləri elə tənzimlənəcək ki, hər kəs idarəetmədə öz rolunu hiss edəcək, azad şəkildə seçəcək, seçiləcək, xidmətini layiqincə yerinə yetirəcək, əməyinin qiymətini alacaq, özbaşınalığa, qanun pozuntularına qarşı şikayət haqqı tanınacaq, ədalətli qərar çıxarılacaq;
- Vəzifə yüksəlişi, seçilmək haqqı vətəndaşın layiqik dərəcəsi və peşəkarlığına görə həyata keçiriləcəkdir.
Təhlükəsizlik:
- Daxili və xarici təhlükəsizlik tam dövlətin nəzarətində olacaq;
- Milli müdafiə və hərbi sənaye inkişaf etdiriləcək;
- Milli təhlükəsizlik üçün vətəndaş-dövlət münasibətləri yenidən və güvənli şəkildə formalaşacaq, demokratik idarəetmə təmin olunacaq;
- Milli təhlükəsizliyin coğrafi prinsiplərinə və demoqrafik siyasətə sistemli və planlı nəzarət ediləcək;
- Ayrı-ayrı qrupların – vətəndaş cəmiyyəti, siyasi partiya, hakimiyyət nümayəndələrinin xaricdən asılılığına, qeyri-qanuni maliyyələşməsinə şərait yaradılmayacaq;
- “Lüstrasiya haqqında” qanun layihəsi qəbul olunacaq;
- Ölkənin yeraltı və yerüstü sərvətlərinin qorunması, düzgün istifadə olunması dövlət və cəmiyyət marağı baxımından planlaşdırılacaq, təhlükəsiz, azad və demokratik yaşam üçün Avropa Birliyinə inteqrasiyanın bütün yolları araşdırılacaq, demokratik dünya ilə sıx əməkdaşlıq ediləcəkdir.
Ailə, qadın, uşaq problemləri və gender bərabərliyi
Ailə cəmiyyətin təməlidir. Sağlam ailə quruculuğunu saxlamaq davamlı və inkişaf edən cəmiyyətin yaranması deməkdir.
Qadınlar əhalinin 51%-ni təşkil etməklə, çoxluğa malikdirlər. Lakin ictimai-siyasi və sosial həyatda qadınların rolu və yeri o qədər də diqqət çəkmir, zorakılığa qarşı effektli mübarizə aparılmır, cinsi zorakılıq hələ də cəmiyyəti narahat edir, dövlət və özəl müəssisələrdə gender bərabərliyinə əməl edilmir.
Həmçinin ailə planlamasına, qorunmasına və uşaqlara yönəlik siyasətdə də sistemlilik yoxdur, cari layihələr həyata keçirməklə, strateji hədəflər unudulur.
Ailə, qadın, uşaq problemləri və gender bərabərliyi Ümid Partiyasını ən çox narahat edən məsələlərdəndir. Ümid Partiyası bu sahəyə xüsusi diqqət ayıracaq.
Bunun üçün:
- Ailənin planlaşdırılması istiqamətində xüsusi dövlət proqramı hazırlanacaq;
- Ailənin sağlamlığının qorunması, uşaq dünyaya gətirilməsi, onların tərbiyəsi və təhsili müvafiq qurumlar tərəfindən sistemli və ardıcıl proqramla qorunacaq və nəzarət ediləcək;
- Ailədə milli-mənəvi dəyərlərin qorunması ilə yanaşı azad şəxsiyyət formalaşdıran mühitin saxlanılması təşviq ediləcək;
- Çoxuşaqlılıq dövlət tərəfindən təşviq və himayə ediləcək;
- Ailədə hər bir uşağın doğulmasına görə vəsaitin miqdarı artırılacaq;
- Uşaqların təhsildən kənarda qalmaması üçün inzibati və vətəndaş resursları səfərbər ediləcək, xüsusilə qız uşaqlarına yönəlik siyasətdə təşviqçilik artırılacaq, təhsildən kənarlaşdırma siyasəti əngəllənəcək, onların vaxtından əvvəl ərə verilməsinə qarşı xüsusi siyasət və hüquqi metod müəyyənləşdiriləcək, maariflənmə işi genişləndiriləcək;
- Uşaq pulu veriləcək;
- Uşaq Ombudsmanı institutu yaradılacaq;
- Valideyn himayəsindən məhrum uşaqlarla bağlı xüsusi dövlət proqramı qəbul olunacaq;
- Qadınların ictimai-siyasi və sosial-mədəni həyatda iştirakı təşviq ediləcək;
- Gender bərabərliyi üçün əmək müqavilələrində işəgötürənlərin üzərinə xüsusi öhdəliklər qoyulacaq;
- Qadınlara qarşı şiddət, cinsi, iqtisadi, siyasi ayrı-seçkiliyi rədd edən təşviqat materialları hazırlamaqla yanaşı, qanunvericilik bazası təkmilləşdiriləcək
Mədəniyyət, incəsənət və idman
Dünyada baş verən qloballaşma siyasəti bəzən milli-mənəvi dəyərləri sıradan çıxarır. Mədəniyyət, incəsənət sahəsində xalqın yaddaşı, tarixi, adət-ənənəsi ilə bağlı ciddi dəyişikliklər baş verir.
Ümid Partiyası hər cür yeniliyə açıq olmaqla bərabər, adət-ənənələrimizin, keçmişimizin, tarixi irsimizin qorunmasını israrla müdafiə edən bir siyasətin tərəfdarıdır.
Bu gün Azərbaycanın qədimliyini sübuta yetirən onun incəsənəti, ədəbiyyatı, mənəvi dəyərləridir. Azərbaycan xalqı haqlı olaraq, bu zəngin irsi ilə qürur duyur.
Ümid Partiyası mədəniyyət və incəsənət sahəsinə yönəlik xüsusi investisiya proqramı işləyib hazırlayacaq, mədəni, tarixi irsimizin, incəsənət nümunələrimizin gələcək nəsillərə ötürülməsinə qayğı ilə yanaşacaqdır. O cümlədən, yeni incəsənət və mədəniyyət nümunələrinin yaradılması üçün kadr hazırlığını və peşəkarlığı artıracaqdır.
İdman sahəsi də məktəblərdən başlamış, peşəkar idmançılığa kimi dövlətin himayəsi altında olacaq, dünya idman arenasında Azərbaycan idmançılarının ölkəni layiqli təmsil etməsinə şərait yaradılacaq.
Böyük qayıdış
Müstəqilliyimiz əldə edilərkən çox təəssüf ki, böyük bir problemlə də üz-üzə qalmışdıq. Ermənistanın təcavüzü suverenliyimizi və dövlətçiliyimizi təhdid altında saxlayırdı.
Əvvəlcə tarixi Azərbaycan torpaqlarında yaşayan iki yüz minə yaxın soydaşımız Ermənistandan didərgin salındı.
Daha sonra Qarabağ və ətraf bölgələrimiz işğala məruz qaldı.
Daxildəki qeyri-sabitlik, mütəmadi hakimiyyət dəyişiklikləri, iqtidardaxili çəkişmələr xarici qüvvələrə torpaqlarımızı işğal etmək üçün münbit şərait yaratdı. Bundan istifadə edən Ermənistan və havadarları ərazimizin 20%-ə qədərini zəbt etdi, mülki əhali öz yurdundan qovuldu. 1994-cü ilin 12 mayından bağlanan atəşkəs müqaviləsindən sonra 26 il aparılan danışıqlar mənasız və təsirsiz qaldı. Birləşmiş Millətlər Təşkilatının 822, 853, 874, 884 saylı qətnamələri, çoxsaylı digər sənədlərinin olmasına baxmayaraq, torpaqlarımız danışıqlar yolu ilə azad edilmədi.
Yalnız 2020-ci ilin 27 sentyabrında ordumuz əks hücuma keçərək, torpaqları işğaldan azad etməyə başladı.
Qürurla qeyd edirik ki, 44 gün ərzində ordumuz qarşısında duran vəzifənin öhdəsindən layiqincə gəldi. Ali Baş Komandan, əsgər və zabitlərimiz, bütün Azərbaycan xalqı bu savaşda həmrəylik və birlik nümayiş etdirdi. 10 noyabrda üçtərəfli qaydada bağlanılan sazişdən sonra Ermənistan tərəfi öz öhdəliklərindən yayındı, separatçılığın növbəti mərhələsi və revanş üçün hazırlıqlara başladı.
2023-cü il sentyabrın 19-da çoxsaylı xəbərdarlıqdan sonra Azərbaycan Prezidenti antiterror tədbirləri ilə bağlı orduya və güc strukturlarına göstəriş verdi. Cəmi bir gün ərzində yüksək peşəkarlıqla antiterror əməliyyatı separatçıların və onların qeyri-qanuni silahlı qüvvələrinin süqutu ilə başa çatdı. İndi ölkənin hər yerində suveren hüquqları bərpa olunub. Bu gün biz əsl azadlıq və müstəqillik dövrünə qədəm qoymuşuq.
Təəssüflər olsun ki, erməni vandalizmi nəticəsində 30 ilə yaxın işğalda qalan torpaqlarımız və yurd yerlərimiz dağıdılıb.
Keçən işğal nəticəsində öz ata-baba yurdunu məcburən tərk etmiş bir milyona yaxın insanın geri qayıtması və öz evlərində yaşaması üçün heç bir şərait yoxdur. Erməni işğalçıları təkcə sərvətləri deyil, evləri belə darmadağın edib.
İndi ölkəmizin qarşısında duran ən böyük vəzifələrdən biri məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdışını təşkil etməkdir.
Ümid Partiyası müharibə və antiterror tədbirləri zamanı ölkə Prezidentinin, Ali Baş Komandanın yanında olduğunu bəyan etdiyi kimi, böyük qayıdış planına da öz dəstəyini verməyi milli vəzifəsi hesab edir.
Bunun üçün:
- Böyük qayıdış üçün iqtidarla birgə işləməyə hazır olduğunu bəyan edir;
- Məcburi köçkünlər və qaçqınlar içərisində qayıdışla bağlı maarifçilik işinin aparılmasına yardımçı olur;
- Beynəlxalq aləmdə əleyhimizə aparılan təbliğatın qarşısını almaq üçün milli qüvvələrlə birgə fəaliyyət göstərir;
- Böyük qayıdışla bağlı xüsusi proqram hazırlanmasına dəstək verir və öz mütəxəssisləri vasitəsilə “Köç” layihəsi hazırlayır;
- İşğaldan azad olunmuş ərazilərdən səmərəli istifadənin və insanların işlə təmin olunması proqramını iqtidara təqdim edir.
Neft siyasəti və qeyri-neft, maliyyə, iqtisadiyyat sektorunun inkişafı
Ümid Partiyası hesab edir ki, neft siyasəti bundan sonra da uğurla davam etdirilməli, qeyri-neft sektorunun inkişafı üçün yeni yataqların istismarı və emal sənayesi təkmilləşdirilməlidir.
Bunun üçün:
- Bağlanılan müqavilələr davam etdirilməli, yeni tərəfdaşlar investor kimi neft sənayesinə cəlb olunmalı;
- Emal sənayesi inkişaf etdirilməli, bu sahəyə xüsusi investisiya ayrılmalı, neftdən alınan məhsulların çeşidləri müasir texnologiya ilə zənginləşdirilməli, satış üçün yeni bazarlar axtarılmalı;
- Dünya enerji bazarları ilə sərfəli və inteqrasiya əlaqələri gücləndirilməli;
- Şəffaflıq artırılmalı, neft vəsaitlərinin xərclənməsi üzərində ictimai nəzarət mexanizmi tətbiq edilməli;
- Neft vəsaitləri hesabına qeyri-neft sektorunun inkişafı təmin edilməli, bunun üçün xüsusi inkişaf proqramı və yol xəritəsi hazırlanmalıdır;
- Peşəkarlığın artırılması, innovativ bilik və bacarıqların yüksəldilməsi üçün mütəxəssis hazırlığına xüsusi diqqət ayrılmalı;
- Turizmin inkişafı üçün neft vəsaitlərini səmərəli infrakstruktur layihələrinə yönləndirməli;
- İxracyönümlü qeyri-neft sənayesinin inkişafına yönəlik proqram hazırlanmalı;
- Aqrar sektorun inkişafı üçün innovativ və səmərəli emal sənayesi yaradılmalı, neft vəsaitləri hesabına aqrar sektorun iqtisadiyyatda çəkisi artırılmalı;
- Ekoloji layihələrin stimullaşdırılması, o cümlədən ətraf mühitin qorunması proqramı işlənilməli;
- Ərzaq təhlükəsizliyini təmin etmək üçün kənd təsərrüfatı, ekologiya və emal müəssisələrinə, onların yenidən qurulmasına dövlət dəstəyi artırılmalı;
- İqtisadiyyatın şaxələndirilməsi vasitəsi ilə qeyri-neft sektorunun idxal və ixracda payını yüksəltməli;
- Maliyyə və bank sisteminin daxili və xarici təsirlərə dayanıqlığını artırmalı, sərbəst, azad maliyyə trafikinin təşkilinə xüsusi dövlət proqramı vasitəsi ilə dəstək verilməli;
- İdarəetmə mexanizmində səmərəliliyi yüksəltməli;
- Rəqəmsal texnologiyalar və innovasiyalar sahəsində qlobal meylləri və çağırışları nəzərə almaqla, nəqliyyat və rəqəmsal infrastrukturun inkişafı yüksəldilməli;
- Yerli və beynəlxalq daşımalarda dövlətin mənafeyini nəzərə almaqla, imkanlar genişləndirilməli, ölkənin tranzit resurslarından ən yüksək səviyyədə yararlanmalı;
- Ölkənin yol nəqliyyat infrastrukturu beynəlxalq səviyyəyə uyğunlaşdırılmalıdır.
Xaricdə yaşayan həmvətənlərə yönəlik siyasət
Azərbaycan tarixən torpaqları işğala məruz qalmış ölkədir.
Qonşularla münasibətdə dinc yanaşı yaşama, sülh əsas prioritet siyasət hesab olunsa da, Rusiyada, İranda, Gürcüstanda, o cümlədən dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların hüquqlarını qorumaq və əsas hüquq və azadlıqlarını müdafiə etmək dövlətin başlıca vəzifəsidir.
Bunun üçün:
- Xaricdə yaşayan azərbaycanlılara yönəlik siyasətin təkmilləşdirilməsi və effektivliyi üçün yeni qanun qəbul edilməli;
- Diplomatik korpusumuz vasitəsilə hər bir azərbaycanlının milli mənsubiyyət və etnik kimliyə görə haqqının qorunmasını beynəlxalq qanunlar çərçivəsində müdafiə etməli;
- Dil, mədəniyyət və qarşılıqlı əlaqələr üçün həmin ölkələrlə mübadilə proqramları həyata keçirilməli;
- Xaricdə yaşayan azərbaycanlıların Azərbaycanda təhsil, iş şəraiti üçün güzəştlər sistemi müəyyən etməli;
- Beynəlxalq qanunlar çərçivəsində əsas insan hüquq və azadlıqlarının təmin olunması üçün digər ölkələr və beynəlxalq təşkilatlarla effektiv diplomatik münasibətlər qurulmalıdır.
Partiyanın fəaliyyət prinsipləri, hədəf və vəzifələri, məqsədəçatma vasitələri
Ümid Partiyası fəaliyyət prinsiplərini Azərbaycan dövlətinin, xalqının, qanunçuluğun qorunması istiqamətində həyata keçirir, terrorizmi, gücü, qeyri-konstitusion addımları məqsədəçatma vasitəsi kimi rədd edir, yalnız seçkilər və ölkə konstitusiyası çərçivəsində hədəf və vəzifələrini gerçəkləşdirir, üzvlərini və tərəfdarlarını da bu prinsiplərə riayət etməyə çağırır.
Ümid Partiyası Azərbaycan dövlətinin güclənməsini, vətəndaşlarının güvənli və sosial cəhətdən təminatlı yaşayışını, ictimai və cəmiyyət maraqlarının qorunmasını, demokratik idarəetmənin formalaşmasını, əsas insan hüquq və azadlıqlarının müdafiəsini, azad və şəffaf seçkilərin keçirilməsini, hesabatlılığın və məsuliyyətin təminini, partiyadaxili demokratik idarəetmənin təşkilini, ölkə qanunvericiliyinin təkmiləşdirilməsini özünün əsas vəzifəsi hesab edir.
Bunun üçün:
- Daxildə və xaricdə Azərbaycanın dövlət maraqlarını qoruyur;
- Vətəndaşların sosial rifahının yaxşılaşdırılması üçün hakimiyyətə təkliflər verir, öz proqramını hazırlayır;
- İdarəetmədə və konstitusiyada islahatlar üçün öz təkliflərini Milli Məclisə təqdim edir;
- Korrupsiya və rüşvətlə mübarizədə ictimai şuraların yaradılması və işində iştirakı hədəfləyir;
- Üzvlər və əhali arasında maarifləndirmə işi aparır;
- Vətəndaş cəmiyyəti ilə ölkə mənafeyinin qorunması istiqamətində sıx əməkdaşlıq edir;
- Üzvlərinin siyasi-ictimai səviyyəsini yüksəldir;
- Məqsədlərinə çatmaq üçün seçkilərdə iştirak və hakimiyyətə gəlməyi planlayır.