Buçada da, Xocalıda da Rusiyanın senarisi həyata keçirilib – İLAHƏ SADIQOVA

Ümid Partiyasının sədr müavini İlahə Sadıqova 5 aprel 2022-ci ildə Laf Tv-də canlı efir qonağı olub.

Veriliş “Buçadakı qətliamı kim hazırlayıb? Medvedev yenə Ukraynanı hədələdi” mövzusu ətrafında baş tutub.

İlahə Sadıqova Ukraynanın Kiyev vilayətinin Buça şəhərində Rusiya tərəfindən törədilən müharibə cinayətindən danışıb və dünyanın bu dəhşət qarşısında adekvat hərəkət etməsinin, cinayəti törədənlərin təcili şəkildə cəzalandırılması mexanizminin tapılmasının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə bu soyqırımı törədənlər beynəlxalq məhkəmə və hüquq qarşısında cavab verməlidir. O, həmçinin qeyd edib ki, dünya on illər əvvəl Azərbaycanda Xocalı soyqırımına susmasa, onu törədənlərin cinayət məsuliyyətinə cəlb olunması üçün addımlar atsaydı, bu gün oxşar faciə Buçada təkrarlanmazdı. O, Buçada da, Xocalıda da Rusiyanın ssenarisinin həyata keçirildiyini vurğulayıb.

İlahə Sadıqovanın deyib ki, beynəlxalq məhkəmələr bu soyqırım faktını ciddi araşdırmalı və cinayətkarlar bir nəfər kimi, hamısı qanun qarşısında cavab verməlidir. O, Buça cinayətini həyata keçirən rus hərbçilərinin açıqlanan siyahısından danışaraq qeyd edib ki, bundan əlavə, Rusiya prezidenti Vladimir Putin və bu müharibəni başladan komandası da beynəlxalq məhkəmələrdə ittiham edilməli və cəzalandırılmalıdır.

O, Azərbaycanda az sayda da olsa, Rusiyanın faşizm siyasətini dəstəkləyənlərin olduğuna diqqət çəkib və onları ölkənin müstəqilliyi üçün də təhdid hesab edib.
Ümid rəsmisi Rusiya-Ukrayna müharibəsinin gedişi və nəticələri barədə proqnozlarını da bölüşüb.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz