49 yaşlı İqbal Ağazadə: “Əsla qorxmuram” – MÜSAHİBƏ

Bu gün Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadənin 49 yaşı tamam olur.

Modern.az saytı doğum günü ilə bağlı partiya sədrindən müsahibə alıb.

– İqbal bəy hazırda doğum gününü necə keçirir?

– İşdəyəm. Qeyri-adi günlərdə olduğu kimi, işlərimizin başındayam. Amma günə başlayandan dostlardan, yaxınlardan doğum günü təbrikləri alıram.

– Bir növ adət etmişik ki, hansısa siyasətçinin doğum günüdürsə, dəbdəbəli heç nə olmayacaq. Yəqin, sizdə də belədir?

– Əlbəttə, məndə də belədir. Xüsusi hazırlıq yoxdur.

– Güman ki, xüsusi hazırlığı 2018-ci ilə saxlamısız. Qarşıdan prezident seçkiləri gəlir.

– Hazırlıqlar həmişə var. Namizədlik məsələsi qurultayın qərarından asılıdır. Qurultay nə qərar verəcəksə, ona uyğun da işlərimizi həyata keçirəcəyik.

– Amma fərdi olaraq içinizdə prezident seçkilərinə qatılmaq istəyi varmı?

– Əlbəttə, əgər siyasətlə məşğuluqsa, bütün proseslərə qatılmalıyıq. İstəyi olmayan siyasətdən gedir.

– Zaman-zaman partiyaların, siyasi təşkilatların qapadılması məsələsi gündəmə gəlir. Bu, daha çox işin maliyyə tərəflərindən qaynaqlanır. Nə vaxtsa, İqbal bəy Ümid Partiyasını buraxa bilərmi?

– Düşünmürəm. Düzü, inanmıram ki, qapatmaq üçün hər hansısa əsas olsun. Gücümüz nəyə çatırsa, onu da edirik.

– Nədənsə, iqtidar-müxalifət dialoqu baş tutmur. Həm sosial, həm iqtisadi, həm də siyasi məsələləri niyə bir arada müzakirə etmək istəmirsiz?

– Dialoqun tərəfdarı iqtidar olmalıdır. Biz onları gətirib masaya əyləşdirən deyilik ki! Gərək qarşı tərəfdən bir cəhd edilsin ki, müxalifət də bunu dəyərləndirsin. Bir neçə dəfə təşəbbüs olub və biz dialoqa getmişik. İqtidar bu məsələdə passiv mövqe sərgiləyir. Bizim işimiz sözdür. Bütün fəaliyyətimizi Konstitusiya və qanunlar çərçivəsində qururuq. Bunun üçün söz deyirik. Sözümüzü nə dərəcədə mümkündürsə, o qədər də deyirik. Gerisi  ictimai-siyasi vəziyyətdən, dinamikadan, xarici ölkələrin yanaşmasından, regiondakı baş verən hadisələrdən və sonda seçicilərin münasibətindən asılıdır.

– Qonşu Türkiyə və Gürcüstanın müxalifət partiyaları ilə Azərbaycan müxalifətini müqayisə edəndə ortaya hansı fərqlər çıxır?

– Partiyalar arasında elə bir fərq yoxdur. Fərq ictimai-siyasi proseslərə iqtidarların münasibətindədir. Proses də iqtidarın münasibətindən asılı olaraq davam edir. Gürcüstanda ictimai-siyasi institutlara münasibət bir başqadır, Azərbaycanda bir başqa. Türkiyədə ictimai-siyasi institutların funksiyası, cəmiyyətdəki mövqeyi başqadır, bizdə isə bir başqa. Bizdə hələlik siyasi sistemin içində partiyaların rolu və yeri oturuşmayıb. Məsələn, Gürcüstan və Türkiyəyə baxanda oradakı seçki sistemində  əsas hədəf proporsional seçki sistemidir. Proporsional seçki sisteminin olduğu ölkələrdə isə siyasi institutlar böyük avantaj əldə edirlər. Əllərində böyük imkanlar olur. İnsanlar bilir ki, siyasi institutlar vasitəsilə parlamentə seçiləcəklər. Azərbaycanda proporsional sistemi 2002-ci ildə referendumla ləğv edildi, majoritar sistemdir. Majoritar sistem nəyisə dəyişmir. Majoritar sistemdə insanlar partiyasız seçki prosesində də  uğur qazana bilirlər.

– 2015-ci ilin parlament öncəsi “125-lər” siyasi klubunu yaratmışdınızz. Qarşıdan 2018-ci il prezident seçkiləri və 2020-ci il  parlament seçkiləri gəlir. Yeni hədəfləriniz varmı? Bu formada yeniliklər gözlənilirmi?

 

– Həmin təşkilat seçkiyə hədəflənmiş təşkilat idi. O seçki dönəmi bitdi. Qarşıdan 2020-ci il gəlir. Planlar barədə hələ ki, heç nə deyə bilmərəm. Onu zaman deyəcək.

– Sonda doğum gününüzə bir də qayıtmaq istəyirəm. Yaş üzü 50-yə gedir. Bu sizi qorxutmur ki? Adətən bu yaşda insanlar qocalığın gəlib qapılarını döyməsindən şikayət edir.

– Əsla, qorxmuram. Əvvəla, qocalığa doğru getmirəm. Özümü qoca hesab etmirəm. Üzeyir bəy deyirdi ki, bilsəydim insan 50 yaşında da cavan olur, heç Məşədi İbadı 50 yaşında təqdim etməzdim. 50 yaş nə yaşdır ki!

Şərh yaz
PAYLAŞ