“3+3” masasında kritik qərar: Bakı, yoxsa İrəvan? – TAMİLLA QULAMİ şərh edir

“3+3” regional əməkdaşlıq platforması çərçivəsində növbəti görüş ya Bakıda, ya da İrəvanda keçirilməlidir”.
Bunu Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
O, bu formatda xarici işlər nazirlərinin son görüşünün 2024-cü ilin oktyabrında İstanbulda keçirildiyini xatırladıb. Qeyd edib ki, növbəti nazirlər görüşü Bakıda, ya da İrəvanda keçirməlidir:
“Ümid edirik ki, azərbaycanlı və ermənistanlı tərəfdaşlarımız operativ şəkildə bu görüşün növbəliliyini, kimin bu tədbiri bu il, kimin gələn il keçirəcəyini müəyyən edə biləcəklər. Biz öz tərəfimizdən həmkarlarımızın qərarını dəstəkləyəcəyik. Bu il Azərbaycan və Ermənistan tərəfi dəfələrlə ikitərəfli görüşlər keçirib — Əbu-Dabidə, Vaşinqtonda və Düşənbədə. Bu cür birbaşa təmaslar məlum məsələnin həllinə də kömək edəcək”.
Sözügedən məsələni TodayPress TV-yə şərh edən Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü, politoloq Tamilla Qulami bildirib ki, “3+3” regional əməkdaşlıq platformasının növbəti görüşünün Bakıda, yoxsa İrəvanda keçirilməsi barədə qərar yalnız tərəflər arasında razılıq əldə edildikdən sonra dəqiqləşəcək:
“Format çərçivəsində nazirlərin son toplantısı 2024-cü ilin oktyabrında İstanbulda baş tutmuşdu. Növbəti görüşün isə məhz Bakı və ya İrəvan variantları üzrə keçirilməsi nəzərdə tutulur. Azərbaycan və Ermənistan nümayəndələri arasında son aylarda baş tutan görüşlərə əsasən demək olar ki, hər iki paytaxtda toplantının təşkil edilməsi ehtimalı kifayət qədər yüksəkdir və tərəflərin operativ şəkildə razılığa gələcəyi gözlənilir.
Mövcud siyasi vəziyyət kontekstində isə toplantının Bakıda keçirilməsi ehtimalı bir qədər üstün görünür. Çünki son aylarda Əbu-Dabi, Vaşinqton və Düşənbədə baş tutan ikitərəfli təmaslar tərəflər arasında dialoqun intensivləşdiyini göstərir və bu dinamika Bakının növbəti görüşə ev sahibliyi etməsini daha məqsədəuyğun edir. Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi həm regionda sülhün təminatçısı olduğunu beynəlxalq platformalarda bəyan edir, həm “3+3” formatına dəstək verir, həm də kommunikasiya və əməkdaşlıq təşəbbüsləri ilə sülhpərvər mövqeyini nümayiş etdirir”.
Ekspert görüşün İrəvanda keçirilməsi ehtimalının da tamamilə istisna edilmədiyini vurğulayıb:
“Ermənistan da regional və qlobal səviyyədə özünü sülhpərvər aktor kimi təqdim etmək istəyir. Ümumilikdə isə növbəti toplantı regionda davam edən diplomatik proseslərin istiqamətinə təsir göstərən mühüm addımlardan biri kimi dəyərləndirilə bilər”.
Qiymət Mahir
TodayPress TV
Şərh yaz