İşçi Qrupunun yanında müxalifət nümayəndələri də olsun -İqbal Ağazadə

Ümid Partiyasının sədri İqbal Ağazadə Reaksiya TV-də Zaur Qəriboğlunun təqdimatında “Siyasi reaksiya” verilişinin qonağı olub.

Aparıcının yanvarın 11-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Qarabağa dair Moskva zirvəsinin keçirilməsində nə qazanıldı və nə itirildi sualına cavab olaraq, İqbal Ağazadə bildirib ki, Rusiya nə bizim, nə də Ermənistanın nəsə əldə etməsi üçün çalışır. Rusiyanın məqsədi qazanmaqdır. Rusiya və sülh, Rusiya və barış – bunlar bir-birinə əks olan sözlərdir. Harda rus var, orda savaş var, müharibə var. Bəs, Rusiya nə qazandı? Biz mövqeyimizi qoruya bildikmi? Hansı mesajları verdik? Rusiya çalışır ki, tərəflər masada otursun, hansısa sənədləri imzalasın. Bunun üçün tələsir. Çünki regionda və dünyada gedən siyasi prosesləri bilir. Putinin Rusiyanın gələcəyi ilə bağlı o qədər də ümidli olmadığı göz önündədir. Rusiya istəyir ki, Azərbaycanla Ermənistan arasında imzalanmış çoxlu sənədlər olsun və gələcəkdə o sənədlərdən istifadə etsin. Rusiya çalışır ki, Qarabağ əhalisinə sübut etsin ki, Ermənistandan da, Azərbaycandan da çox Rusiya onların qarantıdr. Evinizə qayıtmısınızsa, Rusiyaya minnətdar olmalısınız. Buna görə də məktəblərdə Putinin şəkilləri yapışdırılır. Rusiya istəyir Qarabağda ikinci dil rus dili olsun. Bütün bunlardan sonra da Rusiya artıq özü əraziyə iddia etməyə başlayacaq.

İqbal Ağazadə bildirib ki, müharibədən sonra bizim məqsədimiz masada danışıqlar prosesini uğurla davam etdirmək, bütün ərazilərdə Azərbaycanın suveren hüquqlarını tətbiq etmək, yerli əhaliyə də mesajları Azərbaycan dövləti adından vermək olmalıdır. Masada müzakirə olunan məsələlərlə yanaşı Paşinyan mətbuata açıq mesaj verdi ki biz ATƏT-in Minsk Qrupu çərçivəsində hərəkət etməliyik. Əgər Fransa Ermənistan mövqeyindən çıxış edirsə, Rusiya öz qazancı üçün çalışır. Azərbaycan meydanda təklənmiş kimi görünür. Çünki Türkiyə masada deyil. Rusiya Ermənistan yançısı olan Avropa ölkələrinin Türkiyənin masaya daşınmasının əleyhinə olduğu faktordan istifadə edir. Türkiyə də bu məsələdə çəkingən və güzəştli mövqedə dayanmağa məcbur olur.

Hesab edirəm ki, 11 yanvar görüşünün nəticələri yalnız işçi qrupunun yaradılması ilə xarakterizə oluna bilər. Baş nazirlərin müavinlərinin tərkibində hər üç ölkənin nümayəndə heyəti və alt qurumlar cəlb olunacaq. İndiyə qədər dağınıq aparılan işlər mərkəzləşəcək. Artıq məsələlər baş nazirlərin müavinləri səviyyəsində həll olunacaq. Amma hüquqi nöqteyi-nəzərdən burada nə qədər anormal görünsə də Ermənistanın bu prosesdə iştirak etməsi doğru deyil. Çünki Azərbaycan ərazisidir və Ermənistan baş nazirinin müavininin Azərbaycan ərazisinin bir hissəsində kammunikasiyanın və digər məsələlərin tətbiqində iştirakı doğru deyil. Çünki biz Ermənistan ərazisində hansısa projelerin həyata keçməsində iştirak etmidirk.

Təcrübədə görünən budur ki, bir ölkə ilə kommunikasiya xətləri açılırsa, dəhlizlər yaradılırsa, nəqliyyat strukturları bərpa olunursa, bu ölkələr bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Hesab edirəm ki, Azərbaycan tərəfinin masaya qoyacağı ilk məsələ də BMT-nin 2 mart 1992-ci ildə Azərbaycanın tanıdığı sərhədləri çərçivəsində onun sərhədlərinin tanınması olacaq. Tanınma prosesindən sonra əlaqələr bərpa olunmalıdır.

Partiya sədri verilişin gedişatında qeyd edib ki, əgər Rusiya gerçəkdən sülhməramlı idisə, regionda barışın olmasını istəyirdisə, tərəflərin hər birinə BMT-nin tanınmış sərhədləri çərçivəsində bir-birinin ərazi bütövlüyünü tanımağı təklif etməli idi və tərəflər bunun üzərindən yola çıxmalı idi. 11 yanvar görüşündə Azərbaycanın üstünlüklərindən danışan İqbal Ağazadə bildirib ki, Azərbaycan prezidentinin o masada güclü olması üçün əlində bütün imkanlar var idi və istifadə etdi. Ümumilikdə isə prezidentlərin, rəhbərlərin görüşündə masaya daşınan məsələlər vasitəçilərin təklif etdikləri olur. Digər tərəflər bununla razı olur, ya olmur. Əsas məsələlər bundan sonra olacaq. İşçi qrupunun fəaliyyəti necə olacağı barədə müzakirə olunur. Azərbaycan tərəfi çalışmalıdır, qarşısında böyük məsələlər dayanır. Çox istərdim ki, İşçi Qrupunun yanında məsləhət xarakterli Azərbaycan müxalifətinin nümayəndələri də olsun. Müxalifət də öz mövqelərini ifadə edə bilsin, cəmiyyətin fərqli kəsimlərinin nümayəndələri olsun. Məsələn, bununla bağlı məsləhət şurası yaradıla bilər. Hətta işçi qrupunun daxilinə də salmaq olar. Burda heç bir problem yoxdur. Bu, ictimai əsaslarla yaradılır. Yaradılacaq olan bu qurum dövlət üçün, xalq üçün, mənafeyimiz və mövqeyimiz üçündür.

Kommunikasiyaların açılması Azərbaycan üçün nə qazandırır – sualına İqbal Ağazadə belə cavab verib:

Kommunikasiyaların açılması proqramların başlanğıcıdır. Çünki hər bir müharibədən sonra tərəflərin doğru addım atması üçün xüsusi proqramlara ehtiyac var. Bir daha deyirəm, kommunikasiyaların açılmasından öncə ölkələrin ərazi bütölükləri tanınmalıdır. Kommunikasiyalar açılmasa, region yeni müharibəyə hazırlaşır kimi görünəcək. Biz açıq olmalıyıq dünyaya. Biz Cənubi Qafqazın lider dövləti, gerçək sahibiyik.

Biz bir mərhələni atlatmışıq. Hər gün dünyaya sülh mesajlarını verməliyik, müharibə anonsu verməməliyik artıq. Biz hərbi geyimi əynimizdən çıxarmalıyıq. Əsasən də dünyaya bir mesajı tam çatdırmalıyıq ki, biz bu müharibəyə zorla cəlb olunduq, bizim torpaqlarımızı işğal etdilər və geri vermədilər deyə zorən getdik bu müharibəyə, düşmənə cavab olaraq getdik. Biz bundan sonra sülh sevən xalq olduğumuzu bir daha göstərməli və dövlət olaraq da bu cür mesajlar verməliyik.
Bəzi qüvvələr qələbəmizi gözdən salır – sualına partiya sədri bildirib ki, mən fərqli yanaşardım, bu məsələyə bu cür sərt rənglər çəkməzdim. O adamlar vətən yanğısı ilə ürəyi döyünən adamlardır. Onlar istəyir ki, Xankəndidə də Azərbaycan bayrağı dalğalansın. Bu da xoş niyyətdən irəli gəlir. Bizim bu müharibədən öncə istədiyimiz o idi, biz Şuşasız, Laçınsız, Kəlbəcərsiz Azərbaycan olmayacaq deyirdik. Bu gün isə ictimai şüura yeni düşüncə gəlir ki, Xocalı, Xocavənd, Əsgəran, Ağdərə olmadan Dağlıq Qarabağ problemi həll olundu demək mümkün deyil. Bu düşüncə ictimai düşüncəni gələcək qələbəyə hazırlayır. Bunlar arzulardır. Hər şey də bizim gücümüz daxilində deyil.

Verilişdə aparıcı Zaur Qəriboğlu 2018-ci ildə İqbal Ağazadənin Qarabağ haqqında verdiyi proqnozun bu gün reallaşdığını qeyd edib.

İqbal Ağazadə bildirib ki, bu ilin təxminən may ayında Ermənistanın Rusiyadan qopma prosesi başlayacaq. Belə ki, Ermənistan qərbyönümlü bir kurs götürəcək və Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan münasibətləri çərçivəsində rus sülhməramlılarının bölgədən çıxarılması prosesi başlayacaq. Çünki Ermənistan ilk dəfə anladı ki, Rusiya öz maraqları ilə hərəkət edir. Erməni ictimaiyyəti də düşünəcək ki, mən nədən avropalı yox, rusiyalı olmalıyam?

Partiya sədri onu da qeyd edib ki, 26-27 il idi ki, 16 min kv.km ərazilərə ermənilər nəzarət edirdi, indi əllərində 3 min kv.km ərazi qalıb. Onlar o 16 min kv.km ərazidə kənd təsərrüfatı ilə məşğul olurdular, əkib-biçirdilər, indi o ərazilər yoxdur. Adamlar indi niyə qayıtsın ki, o əraziyə? Xankəndi cəmi 56 kv.km ərazidir. Orada nə iş görəcəklər? Rusiya da düşünməsin ki, humanitar yardımla orada insanları saxlaya biləcək.

Sözügedən verilişi izləyicilərə təqdim edirik:

Ümid Partiyasının Mətbuat Xidməti

Şərh yaz