20 Yanvar hadisəsi Sovet İttifaqının Azərbaycandakı idarəçiliyinin sonu oldu – BAKİR HƏSƏNBƏYLİ yazır

1990-cı ilin 20 Yanvarında Bakı şəhərində baş vermiş hadisə Azərbaycan tarixinin ən qanlı hadisələrdəndir. 20 Yanvar hadisəsi XX əsrdə xalqımıza qarşı düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisəsi, Azərbaycan xalqına qarşı soyqırım, azərbaycanlıların Ermənistan ərazisindəki tarixi torpaqlarından qovulması bu siyasətin ayrı-ayrı və fərqli mərhələləri idi.
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 32 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri idi. Milli Azadlıq Hərəkatı, o cümlədən ölkənin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Sovet ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. SSRİ 1956-cı ildə Çexoslovakiyaya, 1968-ci ildə Macarıstana və 1979-cu ildə Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni, o zaman Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi.
Heç şübhəsiz ki, 1990-cı il yanvarın 20-də Bakıda baş verən hadisələri Qarabağdakı erməni təcavüzündən ayrıca təhlil etmək düzgün olmazdı. Hər dəfə Qarabağa dair ərazi iddiaları kənardan, məhz, Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılırdı. Heç şübhəsiz, ermənilərin bu ərazi iddiaları birdən-birə deyil, Yerevanda, Moskvada və Qərbdə olan himayədarları tərəfindən hələ xeyli əvvəl diqqətlə və hərtərəfli plan əsasında hazırlanmışdı. Sovet dövründə mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kampaniyası aparılmış və nəticədə, mənfi ictimai fikir formalaşdırılmışdı. Erməni ideoloqları və onların ideya verənləri Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq bütün ittifaq miqyasında yalan məlumatlar yaymışdılar.
Ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. Ermənilərin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi uğrunda iki komitəsi – Yerevanda “Qarabağ” komitəsi və onun Dağlıq Qarabağda uzun müddət gizli fəaliyyət göstərən yerli təşkilatı olan “Krunk” açıq fəal mübarizəyə başlamış, separatçılıq hərəkatı genişlənmişdi. 1988-ci il hadisələri başlayanda ilk vaxtlar vəziyyəti son dərəcə gərginləşdirməyə, ictimai rəyi öz tərəflərinə çəkməyə çalışan erməni siyasətçiləri və onların mərkəzi ittifaqdakı himayədarları tərəfindən vilayətin iqtisadi geriliyi pərdəsi altında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün uzun müddətdən bəri hazırlanmış plan üzrə Xankəndidə və Yerevanda davamlı tətillər keçirilərək, müəssisələrdə iş dayandırılır və kütləvi mitinqlər təşkil edilirdi. Lakin baş verən sonrakı hadisələr DQMV-nin sosial-iqtisadi geriliyi barədə erməni siyasətçiləri və onların mərkəzdəki himayədarlarının irəli sürdükləri bu saxta tezisin yalnız bəhanə, əsas məqsədin isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasında olduğunu göstərdi.
1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti Azərbaycanın suverenliyini kobud surətdə pozaraq, DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul etdi. 42 gün ərzində DQMV-nin müəssisələri Ermənistanın müvafiq nazirlik və idarələrinin tabeliyinə verildi. Birbaşa mərkəzin fəaliyyətsizliyi, bəzən isə açıq himayədarlığı sayəsində DQMV iqtisadiyyatının və digər sahələrinin faktiki olaraq, Azərbaycandan ayrılması və Ermənistana istiqamətləndirilməsi baş verdi. Bütün rayon partiya komitələri Ermənistan KP-nin tərkibinə daxil oldu. Azərbaycanın bütün dövlət atributları – bayrağı, gerbi, himni və s. dəyişdirildi və DQMV ərazisində Ermənistanın bayrağı və gerbi asıldı. Bununla da, Ermənistan beynəlxalq hüququn əsas norma və prinsiplərini pozaraq, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialarını rəsmən elan etdi.
Nəticədə, sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1988-ci ilin sonu-1989-cu ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. Bu illərdə törədilən terror aktları nəticəsində yüzlərlə azərbaycanlının həyatına son qoyuldu.
Minlərlə azərbaycanlı SSRİ-nin hakim dairələri tərəfindən himayə edilən ermənilərin işğalçılıq siyasətinin qurbanı oldu. Bu dövrdə Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərə Azərbaycandan ayrılaraq, Ermənistanla birləşməyin zəruriliyinə nail olmaq ideyasını süni surətdə qəbul etdirən təcavüzkar dövlət buna nail olmaq üçün Dağlıq Qarabağdan azərbaycanlıları soyqırıma və təcavüzə məruz qoyub didərgin salmış, eləcə də Ermənistandan azərbaycanlıların tarixən yaşadığı torpaqlardan zorakılıqla deportasiya etmişdi.
Beləliklə, Ermənistan rəhbərliyi və erməni millətçiləri mərkəzin bəzi dairələrinin köməkliyi ilə vilayətdə əsl mənada Dağlıq Qarabağın iqtisadi, ictimai-siyasi və mədəni cəhətdən mənimsənilməsi prosesi aparırdılar. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan xüsusi təlim keçmiş erməni əsgər və zabitləri, eləcə də sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi.
Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığına öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun xüsusi təlim keçmiş hissələrindən istifadə olunması 1990-cı ilin 20 Yanvarında qanlı faciəyə gətirib çıxardı. 1990-cı il yanvarın 15-də SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri M.Qorbaçov “DQMV və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında” fərman imzaladı. Azərbaycan SSR Ali Sovetinə təklif edildi ki, Bakı və Gəncə şəhərlərində və başqa yaşayış məntəqələrində qadağan saatlarının tətbiq edilməsi də daxil olmaqla, lazımi tədbirlər görülsün.
Ermənistanın ərazi iddiasının əsas obyekti olan Dağlıq Qarabağ bölgəsinə hətta aidiyyəti olmayan və onun hüdudlarından kənarda yerləşən bir sıra ərazilərimiz erməni silahlı qüvvələri tərəfindən işğal edildi. Bu genişmiqyaslı hərbi təcavüz münaqişəni mahiyyətcə yeni – işğalçılıq səviyyəsinə keçirdi. Belə ki, yanvarın 15-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Kərki kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. 1920-ci illərdə Naxçıvan ərazisinin bir hissəsinin Ermənistana verilməsi nəticəsində Kərki kəndi həmin ərazidə anklav vəziyyətində qalmışdı. Kərki kəndinin işğal olunmasında Ermənistan ərazisindəki dislokasiya olunmuş SSRİ Müdafiə Nazirliyi 7-ci ordusunun hərbçiləri də yaxından iştirak etmişdilər. Kərki kəndi hal-hazırda da işğal altındadır. Ayın 19-da Naxçıvan Ali Soveti Muxtar Respublikanın SSRİ-nin tərkibindən çıxması haqqında qərar qəbul etdi.
1990-cı ilin yanvar ayında M.Qorbaçov başda olmaqla, sovet imperiyasının rəhbərliyi Bakıda vəziyyətin öz məcrasından çıxdığını və hakimiyyətin təhlükədə olduğunu bəhanə edərək qoşunun yeridilməsi üçün müxtəlif dezinformasiyalar yayırdı. Guya Bakıya qoşun hərbi qulluqçuların ailələrini qorumaq, hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu, tamamilə saxta bir tezis idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya xüsusi təlim keçmiş qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt Bakıda daxili qoşunların 11 min 500 əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri, eləcə də 4-cü ordunun komandanlığı da yerləşirdi.
Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ DTK-nın “Alfa” qrupu tərəfindən yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və dinc əhaliyə amansız divan tutuldu.
M.Qorbaçovun fərmanı qüvvəyə minənədək – yanvarın 20-də saat 00:00-dək artıq 9 nəfər qətlə yetirilmişdi. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt qətlə yetirilənlərin sayı 100 nəfərə çatmışdı. Belə ki, artıq yanvarın 20-də 131 günahsız insan amansızlıqla qətlə yetirilmişdi.
Onlardan 117 nəfəri azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü isə tatar idi. 744 nəfər ağır xəsarət almış, 4 şəxs itkin düşmüş, 400 nəfər isə həbs edilmişdi. Sovet qoşunları fövqəladə vəziyyət elan olunmayan rayonlara – yanvarın 25-də Neftçalaya, bir gün sonra isə Lənkərana yeridilmiş, nəticədə hər iki rayonda dinc insanlar qətlə yetirilmişlər. Beləliklə, sovet qoşunlarının Bakıya və Azərbaycanın digər rayonlarına hərbi müdaxiləsi nəticəsində qətlə yetirilənlərin sayı rəsmi olaraq 147-yə çatmışdı.
Adamlar xüsusi qəddarlıqla və yaxın məsafədən güllələnmişdi. Məsələn, Y.Meyeroviç adlı şəxsə 21, Xanməmmədova 10-dan çox, Rüstəmova 23 güllə dəymişdi. Xəstəxanalar, təcili yardım maşınları atəşə tutulmuş, həkimlər belə qətlə yetirilmişdi. O zaman verilən məlumatda bildirilirdi ki, şəhid olanlar arasında hətta süngü və bıçaqla qətlə yetirilənlər də var idi. Sovet əsgəri kütləvi qətliam zamanı “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə etmişdi.
Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Artıq sovet qoşunlarının Bakıya hərbi müdaxiləsi dünyanın bir sıra ölkələrində etirazla qarşılandı.
Sovet rəhbərləri ordunun Bakıya göndərilməsi qərarını müxtəlif cür izah edirdilər. Keçmiş SSRİ-nin xarici işlər naziri Eduard Şevardnadze ordunun müdaxiləsini yalnız qan tökülməsinin qarşısını almaq üçün göndərildiyini bildirmişdi. SSRİ xarici işlər nazirinin bəyanatı müdafiə naziri Yazovun bəyanatı ilə ziddiyyət təşkil edirdi. Müdafiə naziri öz bəyanatında Bakıda hakimiyyətin ələ keçirilməsinin qarşısını almaq üçün hərbi hissələrin göndərildiyini iddia edirdi.
Faciədən bir neçə il sonra, yəni 1994-cü ilin yanvarında bu qanlı cinayətin başında duran SSRİ müdafiə naziri marşal Yazov ifadə verərkən bildirmişdi: “1990-cı il yanvarın 19-da Qorbaçov məni, Bakatini və Kryuçkovu yanına çağırıb Bakıda fövqəladə vəziyyət tətbiq etmək əmrini verdi. Mən heç bir yazılı qərar, heç bir fərman görməmişəm”. Daxili işlər naziri Bakatin isə, yanvarın 21-də Azərbaycan daxili işlər nazirliyində keçirdiyi görüşdə bəyan etmişdir ki, “əgər siz sovet hakimiyyətini istəməsəniz, sizinlə uzunmüddətli müharibə olacaq”.
1990-cı ildə Bakıda baş verən qırğına şəxsən qol çəkmiş M.Qorbaçov həmin il Beynəlxalq Nobel Sülh mükafatına layiq görüldü. Bu vəziyyət həm də dünyanın ikiüzlü siyasətinin məntiqi nətiicəsi idi.
1995-ci ilin aprelin 27-də Türkiyədə səfərdə olan keçmiş SSRİ prezidenti Mixail Qorbaçov İstanbulun Çırağan sarayında onun şərəfinə verilən ziyafətdə çıxış edərkən öz siyasi bioqrafiyasının bəzi məqamlarına toxunmuş və 1990-cı il 20 Yanvar hadisələrindən danışarkən öz günahını acizanə şəkildə etiraf edərək bildirmişdi: “Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi”. Lakin bu etiraf kifayət qədər gecikmiş olduğu üçün qəbul edilə bilməzdi.
Qanlı 20 Yanvar Sovet İttifaqının Azərbaycandakı idarəçiliyinin demək olar ki, sonu oldu. Azərbaycan 18 oktyabr 1991-ci ildə öz müstəqilliyini bərpa etdi. Hər il yanvarın 20-də Azərbaycan xalqı vətəni uğrunda canlarından keçən soydaşlarını ehtiramla xatırlayır. 1990-cı ilin yanvar qırğını Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olanlar Azərbaycanın tarixinə yeni bir səhifə yazdılar. Xalqın milli azadlığı, müstəqilliyi üçün yol göstərdilər. 20 Yanvar müstəqil Azərbaycanın şərəf və qəhrəmanlıq tarixidir. Allah bütün şəhidlərimizə Rəhmət etsin.
Siyasi Təhlil Mərkəzi
Şərh yaz