20 noyabr Ümumdünya Uşaqlar Günüdür – İLAHƏ SADIQOVA yazır

BMT-nin  Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar  Günü  qeyd olunur.  “Ümumdünya  Uşaqlar  Günü” 1954-cü ildə BMT-nin Baş Assambleyasının №836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan bayram kimi qeyd olunub.

Bu gün nəinki Azərbaycanda, hətta bütün dünyada ən qlobal problemlərdən biri valideyn himayəsindən məhrum olan uşaqların sayını azaltmaq, onların rifah halının yaxşılaşması üçün bir sıra tədbirlərin həyata keçirilməsi, müharibə gedən bölgələrdə balaların öldürülməsi, onların  simasında millətlərin, xalqların məhv olunmasının qarşısını almağa yönəlmiş addımların atılmasıdır. Hazırda respublikamızda  çoxlu  sayda kimsəsiz uşaq evləri mövcuddur və ildən ilə də uşaq evlərinə daxil olan uşaqların sayı artmaqdadır. Bura nəinki valideynini itirmiş, hətta valideynlərindən biri və ya hər ikisi var olan uşaqlar da düşür. Əsl faciə də budur.

Bu halların baş verməsinin müxtəlif səbəbləri var; əhаlinin yоxsulluq səviyyəsinin yüksək olması, minimum əmək hаqqının və əhalinin məşğulluq səviyyəsinin aşağı düşməsi, ünvаnlı sоsiаl yаrdımlаrın vеrilməsində bir çox maneələrin olması, erkən nikahlar, məişət zorakılığı və s.

Araşdırmalar göstərir ki, uşaq şəxsiyyətinin formalaşmasına mane olan, onların psixologiyasına mənfi təsir göstərən amillər arasında ən çox rast gəlinən zorakılıq, məhrumiyyət və sərhədsiz qadağalardır. Dünyada indi bu məsələ tez-tez açıq müzakirəyə çıxarılır. Uşaqlara sərbəstlik verilsinmi? Bu sual ətrafında cavablar müxtəlifdir. Bir qrup insanlar uşaqlara azadlıq, sərbəstlik verilməsinin tərəfdarıdırsa, bir qrupda fikirlərini əsaslandırmaq üçün arqumentlər gətirərək uşaqlara sərbəstlik verilməsinin əleyhinə çıxır. Mütəxəssislər isə söyləyirlər ki, uşaqlara sərbəstlik verilməlidir, lakin valideynlər bunu nəzarətdən kənarda qoymaq kimi qəbul etməməlidir. Uşağa nəzarət onun hiss etmədiyi formada, şəxsiyyətinə toxunmamaqla həyata keçirilməlidir. Mütəxəssislərə görə davranış sərbəstliyindən əvvəl uşaqlara düşüncə sərbəstliyi verilməlidir. Yəni, uşaq müstəqil düşünmək və fikrini ifadə etmək bacarığına malik olmalıdır. Onunla bağlı bir məsələ müzakirə olunarkən mütləq uşağın özünü dinləmək, onun fikirlərinə dəyər vermək lazımdır. BMT-nin Uşaq Hüquqları Konvensiyasında  bildirilir ki, 18 yaşınadək hər bir gənc onun həyatına təsir edən proseslərlə bağlı qərarların qəbul edilməsində iştirak etmək hüququna malikdir. Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin rolu o qədər böyükdür ki, burada yol verilən səhv və boşluq bir az sonra  cəmiyyətin, millətin az qala məhvinə səbəb ola bilər. Mütəxəssislər uşaqlarla davranışda və onlara münasibətdə son dərəcə həssas olmağımızı tövsiyə edirlər.     

Bəzən yaş xüsusiyyətindən, mühit dəyişikliyindən, özünə qarşı münasibətdən, hətta baxdığı filmlərdən asılı olaraq uşaqlarda baş verən dəyişikliklər çox zaman ailəsi və mühit tərəfindən qeyri-normal davranış kimi qəbul olunur. Valideynlər təcili olaraq uşağın bu davranışının qarşısını almağa cəhd edirlər. Bu zaman ortaya sərt cəza tədbirləri və uşağın şəxsiyyətini alçaltma kimi əməllər çıxır. Uşaq ilk zərbəni buradan alır və özünəməxsus cavab tədbirləri düşünür. Avropa Şurasının 2008-ci ildə Azərbaycandakı ofisi tərəfindən nəşr edilən kitabçalardan  biri uşaqların  fiziki cəzalandırılmasının ləğvi məsələsini əhatə edir. Uşaq hüquqları üzrə Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının monitorinq  qurumu olan Uşaq Hüquqları üzrə Komitə qeyd edir ki, insan hüquqları bütün fiziki cəzalandırmaların ləğv edilməsini tələb edir. 2006-cı ildə dərc olunan ümumi şərhdə isə Komitə fiziki cəzalandırmaya belə bir fiziki tərif verib:  “Fiziki gücün tətbiq edildiyi və yüngül olsa belə müəyyən səviyyədə ağrı və narahatlıq vermək məqsədi daşıyan istənilən cəza fiziki cəza adlandırılmadır”. Komitə hesab edir ki, fiziki cəzalandırma uşağı daimi alçaltmaqdır ki, bunlar Konvensiyaya ziddir.

Avropa Şurasının təsisatları son 20 ildə uşaqların fiziki cəzalandırılmasına qarşı etirazlarını daha  geniş  formada  bildirir. Avropa  Şurasının Nazirlər Kabineti də uşaqlara qarşı fiziki cəzanın tətbiq edilməsini qınayaraq 1985-ci ildən bu barədə tövsiyələrlə çıxış edir. Uşaqların fiziki cəzalandırılmasının tamamilə ləğv edilməsi üçün 2004-cü ildə Parlament Assambleyası Nazirlər Komitəsini bütün üzv dövlətlərdə təcili olaraq razılaşdırılmış kampaniyaya çağırırdı.

Ötən ay cəmiyyətimizi çalxalayan uşaq zorakılığı hadisəsi baş verdi. Ögey ata 11 yaşlı qız uşağına təcavüz etmiş, uşaq hamilə qalmış, lakin körpə dünyaya gəlsə də, yaşamadı. Məsələ üzrə cinayət işi açılsa da, cəmiyyətin bu barədə məlumatlandırılması aparılmır. Cinayət işi hansı mərhələdədir, görülən tədbirlər hansıdır və s. Bu suallar hələ də cavablandırılmadan qalır.

Təəssüflə qeyd edək ki, dünyanın ən yüksək məhkəmələri ən ağır cəzaları tətbiq edib, günahkarları cəzalandırsa da, uşaqlar üçün hələ də zorakılıqdan uzaq mühit yaratmaq mümkün olmayıb.

 

Şərh yaz