2 Aprel “Ümumdünya Autizm Məlumatlandırma Günü”dür – İLAHƏ SADIQOVA yazır

2008-ci ildən etibarən hər il aprelin 2-də qeyd olunan Ümumdünya Autizm Maarifləndirmə Günü BMT Baş Assambleyasının 18 dekabr 2007-ci il tarixli A/RES/62/139 saylı qətnaməsi ilə təsis edilib. Bu tarix BMT tərəfindən Ümumdünya Autizm  Maarifləndirmə  Günü kimi qəbul edildikdən sonra dünyada məşhur “Autismspeaks” cəmiyyəti bugünlə əlaqədar “Lightitup Blue” (“Mavi İşıqla İşıqlandır”) layihəsini həyata keçirib. Həmin gün dünyanın müxtəlif ölkələrində binalar autizmi simvolizə edən mavi rəngdə işıqlandırılaraq,  2 aprel tarixinin Ümumdünya Autizm Maarifləndirmə Günü olduğunu insanlara çatdırır.

 

Bu günün məqsədi əhali arasında  autizmlə əlaqədar maarifləndirilməni artırmaq və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir.

XXI əsrin qlobal problemi hesab edilən autizm ölkəmizdə də ən aktual bir mövzudur. Aparılmış tədqiqatlara görə dünya əhalisinin 1 faizi, yəni 70 milyon əhali autizmin qurbanıdır. Qeyri-rəsmi stastistikamıza əsasən ölkəmizdə təxmini 5000-nə yaxın uşaq və yeniyetmə autizm sindromundan əziyyət çəkir. Getdikcə bu say artmaqdadır.

Autizm beynin inkişafındakı pozğunluqlar  nəticəsində yaranan, sosial təmas və ünsiyyətin olmaması, maraqların məhdudluğu və eyni tipli təkrarlanan hərəkətlərlə xarakterizə olunan psixi pozğunluqdur.

Bu xəstəlik üç yaşında özünü göstərir. Uşaq autizmi zehni inkişafda geriləmənin xüsusi bir növüdür. Müxəlif səbəblər göstərilsə də, bugünə qədər autizmin yaranma səbəblərini dəqiq müəyyən etmək mümkün olmayıb və təəssüflər olsun ki, autizmin bugünkü gündə müalicəsi yoxdur.

Cəmiyyətimizdə əksər insanlar autizm və onunla necə yaşamalı olduqları haqqında kifayət qədər biliyə malik olmadıqları üçün ailədə autizm sindromlu uşaq dünyaya gələndə onun ilkin əlamətlərini sezə bilmədikləri kimi, həmin uşaqlarla necə ünsiyyət quracaqlarını belə bilmirlər. 2 Aprel tarixi bu baxımdan çox əhəmiyyətlidir.

Dəyərli valideynlər, əgər uşağınızda aşağıdakılardan hər hansı birini görsəniz, həkimə müraciət edin:

uşaq adı ilə çağırıldığında cavab verməmək;

nə istədiyini izah edə bilməmək;

nitqin inkişaf sürətində gecikmə;

böyüklərin heç bir göstərişinə əməl etməmək;

ara-sıra eşitməsində problem;

müəyyən bir oyuncaqla necə oynayacağını başa düşməmək;

vizual əlaqəni zəif qurmaq;

başqalarına gülümsəməmək;

12 aylıq yaşda danışmağa cəhd etməmək;

12 aylıq olanda əl ilə işarə etmir, yelləmir, tutmur və ya başqa hərəkətlər etmir;

16 ayda ifadələrlə danışmır;

24 ayda söz birləşmələri işlətmir;

Exolaliya (digər insanlardan eşitdiyi cümlələri və ya söz birləşmələrini, suala cavab vermək əvəzinə sualı təkrarlamaq);

Fəaliyyətin bir növü üzrə dayanıqlıq (hərəkətlərin təkrarlanması)

Hər hansı bir dəyişikliyə qarşı güclü neqativ reaksiya;

Həddən artıq hərəkətlilik və ya hərəkətsizlik;

Təmasdan xoşlanmamaq;

Ağrıya qarşı həssaslığın olmaması və ya həddən artıq həssaslıq;

hər yaşda danışma və ya sosial bacarıqların itirilməsi.

Çox vaxt belə uşaqların valideynləri uşağın öz ayrı dünyasında yaşadığı hissini yaşayırlar, böyüdükcə problemin aradan qalxacağını düşünüb mütəxəssislərə müraciət etmirlər. Ona görə də həmin uşaqların sosial adaptasiyası çətinləşir.

Dil terapiyaları, sosial bacarıqları artırma, duyğu terapiyası autizmlə mübarizə üçün fundamental terapiyalardır. Autizmlə yanaşı uşaqda bir sıra psixi pozğunluqlar diqqət pozuntusu kimi hallar da ola bilər. Emosional partlayışlar, özünə və ətrafındakılara ziyan vermə kimi hallar da baş verə bilər ki, terapiyalar zamanı bunlar nəzərə alınmalıdır. Autizmlə mübarizə zamanı uşaq, sosial mühiti, ailəsi və mütəxəssisin vəhdətdə fəaliyyəti, birlik olması uşağın mübarizəsində çox mühüm rol oynayır.

Təəssüf ki, ölkəmizdə dövlət hesabına autizmli uşaqlar üçün bir təhsil müəssisəsi yoxdur ki, valideynlər öz uşaqlarına təhsil verə bilsinlər, sosial adaptasiyaları təmin olunsun və uşaqlar cəmiyyətdən təcrid olunmasınlar. Autizmli uşaqlar üçün nəzərdə tutulan özəl məktəblər, reabilitasiya mərkəzləri isə olduqca bahalıdır. Hər kəsin gücü yetmir ki, övladını bu cür mərkəzlərə göndərsin.

Ölkəmizdə autizmli uşaqların sayı da günbəgün artmaqdadır. İndiki vaxtda ən azından məsələni ictimailəşdirməklə, gündəmdə saxlamaqla problemin həllinə yardımçı ola bilərik.

Ümid Partiyası hər zaman cəmiyyətimizin həssas təbəqəsi olan autizmli, daun sindromlu, sağlamlıq imkanları məhdud insanlarımızın, o cümlədən qazi və şəhid ailələlərinin problemlərini işıqlandırır, cəmiyyətin diqqətini onların problemlərinə yönəldir, problemlərin həlli istiqamətində təkliflər irəli sürür. Bu səbəbdən çalışacağıq ki, aidiyyatı strukturlara da bununla bağlı müraciətlər edək və autizmlə bağlı bir sıra problemlərin həll olunmasına nail olaq.

 

Şərh yaz