İqbal Ağazadə:"Ölkədə korrupsiya yoxdur deyən hökümət, antiinhisar siyasət aparırıq dediyiniz nədir"
15 mart 2011-ci il
Milli Məclis
Biz dəfələrlə burada ölkədəki korrupsiya və rüşvətxorluqdan danışmışıq. Hər zaman da hökumət üzvləri, hökuməti müdafiə edən siyasi partiyalar qeyd ediblər ki, ölkədə nə korrupsiya var, nə də rüşvətxorluq. Sual olunur: korrupsiya və rüşvətxorluq yoxdursa, indi nəyin uğrunda, nəyə qarşı mübarizə aparırsınız? Əgər antikorrupsiya, antiinhisar siyasətindən söhbət gedirsə, bu gün hörmətli hökumət nümayəndələri inhisarın harada yaradıldığını, necə formalaşdığını, korrupsiyanın mənbəyinin hara olduğunu bilmirlərmi? Bu gün olsa-olsa, – o da əgər kampaniya deyilsə, ölkədə rüşvətxorluğa qarşı mübarizə aparılır, korrupsiyaya qarşı yox.
Korrupsiya tamamilə fərqli termindir. Bu gün hökumətin təqdim etdiyi hesabatda layihənin qiyməti və konkret olaraq müəyyən sahələrə ayrılan vəsaitin necə xərcləndiyi barədə ümumi məlumatdan, rəqəmlərdən başqa fərdiləşdirilmiş bir məlumat yoxdur. Korrupsiya buradan, bu hesabatdan başlayır. Konkret olaraq sahələrə ayrılan pulların xərclənməsinin təsnifatı hanı? Niyə yoxdur? Bu, korrupsiyadır. Hökumət bu gün korrupsiyaya yol açır. Bu gün burada sadaladığınız rəqəmləri aydınlaşdırsanız, bilirsiniz, nə qədər korrupsiya faktı ortalığa çıxar? Bir müddət öncə Amerika Birləşmiş Ştatlarının tikdirdiyi məktəblə Təhsil Nazirliyinin tikdirdiyi məktəbin müqayisəsi aparılmışdı. 1 milyon 800 ilə 300 min arasındakı fərqdən söhbət gedirdi.
Bizi hər zaman qınayırlar ki, inkişafı görmürsünüz. Biz inkişafı görürük, amma bu məsələlərlə bağlı suallarımıza cavab istəyirik. Yeni məktəblər tikilir, bunu hamımız görürük. Əgər məktəb tikintisinə bu qədər vəsait qoyulursa, niyə Azərbaycan məktəbində təhsil alan şagirdlərin keçid balını Tələbə Qəbulu üzrə Dövlət Komissiyası hər il aşağı salır? Hara gedir Azərbaycan gəncliyi? Hara gedir Azərbaycan təhsili? Heç bunu düşünmüsünüzmü?