NİZAMNAMƏ

 AZƏRBAYCAN ÜMİD PARTİYASININ NİZAMNAMƏSİ 

(ikinci redaksiyada)

 

I. AZƏRBAYCAN ÜMİD PARTİYASININ MƏQSƏDİ, VƏZİFƏLƏRİ VƏ FƏALİYYƏT PRİNSİPLƏRİ

I.1.      Azərbaycan Ümid Partiyası (bundan sonra partiya adlanacaq) Azərbaycan Respublikasının siyasi müstəqilliyinin, iqtisadi suverenliyinin, ərazi bütövlüyünün qorunub saxlanılması, onun inkişaf etdirilməsi məqsədi ilə yaradılmış siyasi təşkilatdır.
I.2.     Partiya müstəqil struktura malik, üzvlərinin könüllülük və hüquq bərabərliyi əsasında birləşdiyi, proqram sənədlərində irəli sürülmüş məqsəd və vəzifələri həyata keçirən, hakimiyyət uğrunda mübarizə aparan sağ mərkəzçi siyasi təşkilatdır.
I.3.      Partiya öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, “Siyasi Partiyalar haqqında” qüvvədə olan qanuna, beynəlxalq hüquq normalarına, Azərbaycan Respublikasının qanunvericilik aktlarına və bu Nizamnaməyə uyğun olaraq, özünüidarə və qanunçuluq əsasında həyata kecirir. Partiya öz fəaliyyətində Azərbaycanın milli dövlətçilik mənafeyini, demokratik idarəetməni, xalq hakimiyyətini və qanunun aliliyini əsas tutur.
I.4      Partiya öz təşkilati prinsiplərində könüllülük, hüquqi bərabərlik, aşkarlıq və kollegiallığı, bütün orqanların seckili olmasını əsas götürür.
I.5.      Partiyanın əsas məqsədləri aşağıdakılardır:

  • Azərbaycan əhalisinin bütün təbəqələrinin ictimai həmrəyliyinə, vətəndaş məsuliyyətinə və onun fəallığının inkişafına calışmaq;
  • Vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına, əhalinin müxtəlif sosial təbəqələrinin mənafelərinin qorunmasına, təhsil, peşə, mənzil hüquqlarının reallaşdırılmasına, layiqli həyat səviyyəsinə, Azərbaycanın indiki və gələcək nəsillərinə qayğı göstərilməsinə şərait yaratmaq;
  • Vətənpərvərlik, millətsevərlik, mübarizlik və vətəndaşlıq ideyalarını geniş təbliğ etmək;
  • Siyasi maarifçilik;
  • Demokratik hüquqi dövlət qurulması istiqamətində yaradıcı, tərəqqipərvər qüvvələri birləşdirmək;
  • Sosial ədalətin təmin olunmasında qanuni vasitələrdən istifadə etmək;
  • Azad bazar iqtisadiyyatını formalaşdırmaq;
  • Milli kadrların yetişdirilməsi və onların yerləşdirilməsi ücün müvafiq şərait yaratmaq.

I.6.   Ümid Partiyasının fəaliyyət formaları aşağıdakılardır:

  • Partiya zorakılığı, terrorizmi məqsədəçatma vasitəsi kimi rədd edərək, Azərbaycan Qanunvericiliyinə əsasən demokratik mübarizə üsullarının bütün formalarını məqbul sayır;
  • Partiya könüllülük əsasında ictimai və siyasi təşkilatlarla bloklar, ittifaqlar, assosiasiyalar yarada, beynəlxalq təşkilatların, birliklərin üzvü ola bilər, onlarla ikitərəfli əməkdaşlıq edə bilər;
  • Partiya respublikada baş verən ictimai-siyasi proseslərə öz münasibətini bildirmək, seçkili dövlət orqanlarına öz namizədlərini vermək, alternativ qanun layihələri hazırlamaq və səlahiyyətli orqanlara təqdim etmək hüququna malikdir;
  • Partiya məqsədləri barədə ictimaiyyətə məlumat vermək ücün simpoziumlar, konfranslar, dərnəklər, dəyirmi masalar, görüşlər və s. təşkil edir;
  • Partiya Azərbaycan Respublikası Konstitusiyası və «Siyasi Partiyalar haqqında» Qanunda qadağan olunmayan digər fəaliyyət növlərini də həyata kecirir.

I.7.      Partiya öz fəaliyyətini Azərbaycan Respublikası ərazisində həyata kecirir və ümumrespublika statusuna malikdir.

I.8.      Partiyanın Mərkəzi Qərargahı Bakı şəhəri Nərimanov rayonu İ. Xəlilov küç. 1929-cu məhəllədə yerləşir.

I.9.      Partiyanın bayrağı, emblemi və başqa rəmzləri vardır.

I.10.    Azərbaycan Ümid Partiyasının qısaldılmış adı Ümid Partiyasıdır.

II.       PARTİYA ÜZVLƏRİNİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

II.1.    Partiyanın Məramnamə və Nizamnaməsini qəbul edən, 18 yaşına catmış, dilindən, dinindən, irqindən, cinsindən və milliyyətindən asılı olmayaraq hər bir Azərbaycan Respublikasının vətəndaşı partiyanın üzvü ola bilər.

II.2.    Mövcud Qanunvericiliyə uyğun olaraq siyasi partiyalarda üzvlüyü qanunla qadağan olunmuş şəxslər və eyni zamanda digər partiya üzvləri Partiyaya üzv ola bilməzlər.

II.3.    Partiyaya üzvlük partiyanın Yerli Özəkləri tərəfindən həyata keçirilir.

II.4.    Partiya üzvünün hüquqları:

  • Partiyanın bütün tədbirlərində iştirak etmək;
  • Partiyanın mərkəzi və yerli orqanlarına seçmək və seçilmək;
  • Partiyanın seçkili orqanlarının işində iştirak etmək və partiyanın məqsəd və vəzifələri çərçivəsində istənilən təşəbbüsü irəli sürmək;
  • Partiyanın seçkili orqanlarında fəaliyyətini dayandırmaq;
  • Özü haqqında məsələ müzakirə edilərkən müvafiq iclasda şəxsən iştirak etmək;
  • Aşağı təşkilatların qərarı ilə razılaşmadıqda Partiyanın yuxarı orqanlarına şikayət etmək;
  • Partiya üzvlüyündən çıxmaq;
  • Partiya üzvü Partiya üzvlüyündən çıxmaq üsün qeydiyyatda olduğu yerli şöbənin məclisinə ərizə ilə müraciət edə bilər.
  • Yerli məclis üzvlükdən çıxmaq üçün edilən müraciətə 10 gün müddətindən gec olmayaraq baxır və müraciət edən şəxsin rəyinə əsasən qərar qəbul edir.

II.5.    Partiya üzvünün vəzifələri:

  • Partiya Nizamnaməsi və Məramnaməsi ilə müəyyənləşdirilmiş vəzifələri həyata keçirmək;
  • Üzvlük haqqını ödəmək;
  • Partiyanın mərkəzi və yerli orqanlarının qərarlarını yerinə yetirmək;
  • Partiyanın adına xələl gətirən hərəkətlərə yol verməmək və onun adını daim uca tutmaq;
  • Vətənin müdafiəsinə həmişə hazır olmaq;
  • Partiyanın məqsəd və məramını təbliğ etmək, yeni üzvləri cəlb etmək və ictimai rəyin partiyanın xeyrinə dəyişməsinə xidmət edən digər vəzifələri yerinə yetirmək;

II.6.    Partiya üzvlüyünə qəbul fərdi qaydadadır. Üzvlüyə qəbul ücün bir şəxsin ərizəsi, ərizə­yə əlavə edilmiş pasport göstəricisi və özü haqda qısa məlumatın təqdimatı tələb olunur.

II.7.    Partiya üzvünə partiya bileti verilir.

II.8.    Üzvlük haqqının miqdarı və toplanması qaydası partiyanın Ali Məclisi tərəfindən müəyyən olunur.

II.9.    Partiyanın üzvü Nizamnamə tələblərini pozarsa, ona aşağıdakı cəza növləri tətbiq edilə bilər;

  • Xəbərdarlıq;
  • Töhmət;
  • Partiyada tutduğu vəzifədən cıxarılma;
  • Partiya üzvlüyündən xaric edilmə.

III. PARTİYANIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

III.1.   Partiyanın hüquqları:

  • Partiya siyasi təşkilat kimi hüquqi şəxsdir;
  • Partiyanın özünün hüquqi şəxs kimi dairəvi möhürü və künc ştampı vardır;
  • Partiyanın banklarda hesablaşma hesabı açmaq hüququ vardır;
  • Partiyanın qüvvədə olan «Kütləvi informasiya vasitələri haqqında» Qanuna uyğun olaraq qəzet, jurnal təsis etmək və ya mövcud KİV-də çıxış etmək hüququ vardır;
  • Özünün fəaliyyəti haqqında informasiya yaymaq;
  • Mövcud qanunvericiliyə uyğun olaraq iclaslar, mitinqlər, nümayiş və piketlər kecirmək;
  • Özü və üzvlərini, həmçinin digər vətəndaşları dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarə və ictimai birliklərdə təmsil etmək, onların hüquqlarını və qanuni tələblərini qorumaq;
  • Mövcud Qanunvericiliyə uyğun olaraq seçki kampaniyalarında iştirak etmək;
  • Özünün yerli şöbələrini və özəklərini yaratmaq;
  • Partiya öz üzvlərinin hüquqlarını müdafiə edir;
  • Mövcud qanunda nəzərdə tutulmuş digər fəaliyyət növlərini də həyata keçirir;

III.2.   Partiyanın vəzifələri

  • Azərbaycanın beynəlxalq aləmdə geopolitik mövqelərinin bərqərar olmasına və inkişafına nail olmaq;
  • Azərbaycan dövlətinin ərazi bütövlüyünü qorumaq;
  • Azərbaycanda demokratik prinsipləri inkişaf etdirmək, xalq hakimiyyətinin müasir idarəetmə formalarının təşkilinə yardım etmək;
  • Səmərəli və dinamik inkişaf edən, tənzimlənən azad bazar iqtisadiyyatının bərqərar olmasını dəstəkləmək;
  • Cəmiyyətin mənəvi, mədəni və milli inkişafına nail olmaq;
  • Azərbaycan Respublikasının qanunlarına riayət etmək;
  • Qüvvədə olan qanunvericiliyə görə vergi orqanlarının sorğularını cavablandırmaq, keçirilən tədbirlərdə qeydiyyata alan orqanın nümayəndəsinin iştirakına imkan yaratmaq.

IV.      PARTİYANIN TƏŞKİLAT QURULUŞU

 IV.1.   Partiyanın strukturunu onun ilk partiya təşkilatları (yerli özəkləri), yerli (şəhər, rayon, şəhərdə rayon) şöbələri və mərkəzi orqanları təşkil edir.

IV.2.   Yerli özəklərin və şöbələrin qərarları Partiyanın Nizamnaməsinə, Qurultayın qərarlarına, Ali Məclisin və Rəyasət Heyətinin qərarları ilə ziddiyyət təşkil etdiyi təqdirdə, partiyanın Ali Məclisi tərəfindən ləğv oluna bilər.

IV.3.   Yerli özəklər və şöbələr mərkəzi orqanların işində öz nümayəndələrini konfrans və qurultaylara göndərmək yolu ilə sənədlərin və digər materialların layihələri haqda təkliflər verməklə iştirak edirlər.

IV.4.   Partiyanın əsasını ilk partiya təşkilatı (özəklər) təşkil edir.

IV.5.   İlk Partiya Təşkilatı

IV.5.1.        İlk Partiya Təşkilatının əsasını ərazi prinsipi ilə yaradılmış üzvlərinin sayı 3 nəfərdən az olmayan Yerli Özəklər təşkil edir.

IV.5.2.        Yerli Özək öz statusunu Yerli Məclisin qərarı ilə alır.

IV.5.3.        Yerli Özəyin üzvlərinin sayını və ictimai-siyasi həyatda nüfuzunu nəzərə alaraq Ali Məclis ona Yerli Şöbə statusu verə bilər.

IV.5.4.        Yerli Özəyin yuxarı orqanı onun ildə bir dəfədən az olmayaraq çağırılan Hesabat Seçki Yığıncağıdır.

IV.5.5. Hesabat Seçki Yığıncağı bir il müddətinə Yerli Özəyin sədrini seçir.

IV.5.6. Yerli Özəyin buraxılması Yerli Məclisin qərarı ilə həyata keçirilir.

IV.5.7.        Yerli Özəyin fəaliyyəti Ali Məclis tərəfindən təsdiq olunmuş “Yerli Özəklər haqqında” Əsasnamə ilə tənzimlənir.

IV.6.   Yerli (şəhər, rayon və şəhərdə rayon) şöbələr.

IV.6.1. Yerli Şöbə partiyanın şəhər, rayon, şəhərdə rayon ərazisində fəaliyyət göstərən üzvlərinin təsis yığıncağında yaradılır;

IV.6.2.        Partiya Mərkəzi Orqanlarının qərarları yerli şöbələr ücün məcburidir.

IV.6.3.        Yerli Şöbənin ali orqanı 2 ildə bir dəfədən az olmayaraq çağırılan Konfransdır. Növbədənkənar Konfrans partiya sədrinin, mərkəzi orqanların, yerli özəklərin 1/3-nin, yerli şöbənin sədrinin, Nəzarət-Təftiş Komissiyasının təşəbbüsü ilə əvvəlki Konfrans nümayəndələrininin iştirakı ilə 10 gündən gec olmayaraq çağırılır.

IV.6.4.        Konfransa nümayəndəlik norması partiyanın Ali Məclisinin qəbul etdiyi «Yerli Şöbələr Haqqında Əsasnamə» ilə tənzimlənir.

IV.6.5.        Konfrans nümayəndələrinin yarıdan çoxu iştirak edərsə, səlahiyyətlidir.

IV.6.6.        Konfrans

  • Mövcud özək təşkilatlarının sayının 1/3 qədər yerli məclis üzvünü seçir, yığıncağını keçirmiş özək təşkilatının sədrini Yerli Məclis üzvlüyünə təsdiq edir.
  • Yerli şöbənin sədrini seçir, Nəzarət-Təftiş Komissiyasının üzvlərinin sayını müəyyən edir və tərkibini seçir.
  • Yerli Şöbənin fəaliyyətinin əsas istiqamətlərini, perspektiv vəzifələrini müəyyən edir;
  • Partiyanın qurultayına nümayəndələr seçir;
  • Konfransda qərarlar sadə səs çoxluğu ilə qəbul qəbul edilir.

IV.6.7.        Yerli Məclis

  • Yerli Şöbənin Konfranslararası dövrdə Ali Orqanı onun Yerli Məclisidir;
  • Yerli Məclis özək sədrlərindən, konfransda seçilmiş üzvlərdən və məclisin seçdiyi üzvlərdən ibarətdir.
  • Yerli Məclis özünün ilk iclasında Məclisin sədrini, müavinini və katibini seçir. Yerli şöbənin ştat cədvəlini təsdiq edir, Yerli şöbə sədrlərinin müavinlərini təsdiq edir;
  • Məclis yerli və ali hakimiyyət orqanlarına bölgənin ictimai-siyasi və iqtisadi həyatının müxtəlif sahələrinə aid təkliflər verir;
  • Yerli Məclis yerli hakimiyyət və yerli özünüidarə orqanlarına namizədlərini irəli sürür;
  • Yerli Məclisin səlahiyyət müddəti 2 ildir;
  • Yerli Məclis üzvlərinin yarıdan çoxu iştirak edərsə səlahiyyətlidir;
  • Yerli Məclisdə qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.

IV.6.8.        Nizamnaməni pozduqda, siyasi sapmalara yol verdikdə, yerli şöbə partiyanın Ali Məclisi tərəfindən buraxıla bilər.

IV.6.9.        Yerli şöbənin təşkili və fəaliyyəti Partiyanın “Yerli Şöbələrin fəaliyyəti haqqında» Əsasnaməsi ilə tənzimlənir.

IV.6.10 Nəzarət Təftiş Komissiyası

  • Nəzarət Təftiş Komissiyası konfransda 2 il müddətinə seçilir.
  • Nəzarət Təftiş Komisiyasının səlahiyyətlərinə aşağıdakılar daxildir:
  • Yerli şöbənin seçkili orqanlarının və digər üzvlərinin Nizamnamə və Məramnamə tələblərinə riayət etməsinə nəzarət edir;
  • Yerli orqanların maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət edir;
  • Nəzarət Təftiş Komissiyasının tərkibinə Yerli Məclisin üzvləri daxil ola bilməzlər;
  • Nəzarət Təftiş Komissiyasının iclasları onun üzvlərinin 2/3-i iştirak etdikdə, səlahiyyətli sayılır;
  • Nəzarət Təftiş Komissiyasında qərarlar iştirakçıların sadə səs çoxluğu ilə qəbul edilir.
  • Nəzarət Təftiş Komissiyasının sədri onun ilk iclasında seçilir.
  • Nəzarət Təftiş Komissiyası ayda bir dəfədən gec olmayaraq özünün iclasını keçirir.
  • Nəzarət Təftiş Komissiyası Mərkəzi Nəzarət Təftiş Komissiyasının qərarlarını yerinə yetirir, onun qarşısında hesabatla çıxış edir.

IV.7.   Mərkəzi orqanlar

IV.7.1.        Partiyanın Mərkəzi Orqanları:

  • Qurultay;
  • Sədr;
  • Ali Məclis;
  • Mərkəzi Nəzarət Təftiş Komissiyası;
  • Rəyasət Heyəti.

IV.7.2. Qurultay

  • Partiyanın Ali Orqanı onun 4 ildə 1 dəfədən az olmayaraq çağırılan Qurultayıdır;
  • Növbədənkənar qurultay partiya sədrinin, Ali Məclis üzvlərinin 1/3-nin, yerli şöbələrinin 1/3-nin və MNTK-nın təşəbbüsü ilə çağırıla bilər. Növbədənkənar qurultay Ali Məclisin qərarından sonra 45 gündən gec olmayaraq əvvəlki nümayəndələrdən ibarət tərkibdə çağırıla bilər;
  • Qurultay nümayəndələri yerli şöbələrin konfransında seçilir. Nümayəndəlik norması «Yerli Şöbələr Haqqında Əsasnamə»yə uyğun müəyyən olunur. Qurultayın çağırılma vaxtı və gündəliyi Ali Məclis tərəfindən 30 gün əvvəl elan olunur;
  • Qurultay nümayəndələrinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir;
  • Qurultayda qərarlar bu nizamnamədə başqa hal nəzərdə tutulmayıbsa, iştirakçıların sadə səs çoxluğu ilə qəbul edilir.

            Qurultayın səlahiyyətlərinə aiddir;

  • Nizamnamənin təsdiqi, həmçinin ona əlavə və düzəlişlərin edilməsi;
  • Partiya sədrinin seçilməsi;
  • Mövcud rayon şöbələrinin sayının 1/3-i qədər Ali Məclis üzvlərinin seçilməsi, Qurultaya qədər konfransını keçirmiş rayon şöbə sədrlərinin Ali Məclis üzvlüyünə təsdiq edilməsi;
  • Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvlərinin sayının müəyyən edilməsi və tərkibinin seçilməsi;
  • Qanunda nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının prezidentliyinə namizədin irəli sürülməsi;
  • Partiyanı təsis və ləğv etmək haqqında qərar qəbul edilməsi: bu halda qərara iştirakçıların 2/3 –si səs verməlidir.

IV.7.3.        Partiyanın sədri:

  • Partiyanın sədri partiyanın Qurultayında dörd il müddətinə seçilir, partiyanın fəaliyyətinə rəhbərlik edir və partiyanın qarşısında məsuliyyət daşıyır;
  • Qurultayın, Ali Məclisin, Rəyasət Heyətinin gündəliyinə müzakirəsi vacib olan istənilən məsələni daxil edir;
  • Rəyasət Heyətinin qəbul etdiyi qərarları və bəyannamələri imzalayır;
  • Partiyanın işi haqqında Qurultay qarşısında hesabat verir;
  • Müavinləri vəzifələrinə təyin və azad edir;
  • Ali Məclisin bütün qərarlarına veto qoymaq hüququna malikdir. Veto qoyulan qərarlara Ali Məclisin gələn iclasında baxıla bilər və səslərin 2/3-si ilə veto rədd edilə bilər;
  • Partiya sədrinin səhhətinə görə öz səlahiyyətlərini itirdiyi barədə məlumat verildikdə Partiyanın Ali Məclisi MNTK- ya bu faktı araşdırmaq üçün müraciət edir, MNTK 2/3 səs çoxluğu ilə qərar qəbul edir, Ali Məclis buna uyğun olaraq qərar qəbul edir.
  • Partiya sədri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə, onun səlahiyyətlərini partiya sədrinin I müavini həyata keçirir;
  • Sədr öz yanında İcra Aparatını və Ağsaqqallar Şurasını təşkil edir, özünə müşavirlər təyin edir, yerlərdə bələdiyyə qruplarının başçısını, parlament deputat qurupunun rəhbərini təyin edir;

IV.7.4.        Ali Məclis

  • Qurultaylararası dövrdə partiyanın Ali Orqanı onun Ali Məclisidir. Ali Məclis Qurultayın müstəsna səlahiyyətlərinə aid olan məsələlərdən başqa Partiyanın fəaliyyəti ilə bağlı bütün digər məsələləri həll edir.
  • Ali Məclis Qurultayda dörd il müddətinə seçilir;
  • Ali Məclis Qurultayda seçilmiş üzvlərdən, Rayon Şöbə sədrlərindən və partiya sədrinin təqdimatı ilə seçilmiş üzvlərdən ibarətdir. Ali Məclis konfrans keçirmiş Rayon Şöbə sədrlərini Ali Məclis üzvlüyünə təsdiq edir və Partiya sədrinin təqdimatı ilə boş qalmış yerlərə seçkilər keçirir.
  • Ali Məclis 3 ayda bir dəfədən az olmayaraq özünün sessiyasını cağırır.
  • Ali Məclis ilk iclasında Ali Məclisin sədrini, onun müavinlərini və katibini seçir;
  • Ali Məclisin növbədənkənar sessiyaları: Partiya sədrinin, Ali Məclis üzvlərinin 1/3-nin, Nəzarət-Təftiş Komissiyasının, ən azı partiyanın 15 yerli (şəhər, rayon) şöbəsinin təşəbbüsü ilə çağırıla bilər.
  • Ali Məclis müvafiq qanunvericiliyə uyğun olaraq dövlət orqanlarına seçilmək üçün namizədlər irəli sürür. Parlamentə qanun layihələri təqdim edir, dövlət orqanları qarşında məsələlər qaldırır, təkliflər irəli sürür;
  • İctimai-siyasi həyatın aktual məsələləri ilə bağlı Partiya adından müraciət və bəyanatlarla çıxış edir;
  • Partiyanın fəaliyyətinin müxtəlif sahələrinə dair əsasnamələr qəbul edir;
  • Partiya sədrinin təqdimatı əsasında sədrin müavinlərini təsdiq edir;
  • Partiya sədrinin, onun müavinlərinin, Nəzarət Təftiş Komissiyasının, Komitə və Komissiyalarının məlumatını dinləyib, müzakirə edir, partiyanın bütün orqanlarından izahat, arayış və məlumat tələb edir;
  • Partiyanın fəxri adlarını, təltiflərini və mükafatlarını təsis edir və partiyanın müvafiq Əsasnaməsinə uyğun olaraq Partiya sədrinin təqdimatı ilə təltif edir;
  • Partiyanın smeta xərclərini və ştat cədvəlini təsdiq edir. Partiyanın əmlak vasitələrindən istifadə olunması haqqında orqanların hesabatını dinləyib müzakirə edir;
  • Qurultayın müzakirəsi üçün partiyanın Nizamnaməsini, Məramnaməsini təsdiq edir;
  • Öz işini Ali Məclis tərəfindən qəbul olunmuş «Ali Məclisinin Reqlamenti» əsasında qurur;
  • Üzvlük haqının miqdarını müəyyən edir;
  • Ali Məclis üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir;
  • Ali Məclisdə qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.

IV.7.5.        Mərkəzi Nəzarət Təftiş Komissiyası

  • Mərkəzi Nəzarət Təftiş Komissiyası Qurultayda 4 il müddətinə seçilir;
  • Mərkəzi Nəzarət Təftiş Komisiyasının səlahiyyətlərinə aşağıdakılar daxildir:
  • Partiyanın seçkili və digər orqanlarının Nizamnamə və Məramnamə tələblərinə riayət etməsinə nəzarət etmək;
  • Partiyanın və onun yerli orqanlarının maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət etmək;
  • Partiyanın maliyyə-təsərrüfat fəaliyyəti qaydalarının nəticələri haqqında qurultaya hesabat vermək;
  • Mərkəzi Nəzarət Təftiş Komissiyasının tərkibinə Ali Məclisin üzvləri, həmçinin İcra Aparatının əməkdaşları daxil ola bilməzlər;
  • Mərkəzi Nəzarət Təftiş Komissiyasının iclasları onun üzvlərinin 2/3-i iştirak etdikdə, səlahiyyətli sayılır;
  • Mərkəzi Nəzarət Təftiş Komissiyasında qərarlar iştirakçıların sadə səs çoxluğu ilə qəbul edilir.
  • Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri onun ilk iclasında seçilir.
  • Mərkəzi Nəzarət Təftiş Komissiyası ayda bir dəfədən gec olmayaraq özünün iclasını keçirir.

IV.7.6.        Partiyanın Rəyasət Heyəti

  • Partiyanın Rəyasət Heyəti Qurultayın, Sədrin və Ali Məclisin müstəsna səlahiyyətlərinə aid məsələlərdən kənar digər məsələləri həll edən qərarverici orqandır;
  • Rəyasət Heyətinin üzvlərinin sayı 21 nəfərdən ibarətdir. Ali Məclis Rəyasət Heyəti üzvlərinin 2/3-ni özü, 1/3-ni isə sədrin təqdimatı ilə seçir;
  • Rəyasət Heyətinə partiyanın sədri rəhbərlik edir və Rəyasət Heyətinin katibini təyin edir;
  • Rəyasət Heyəti sədrə ictimai-siyasi vəziyyətlə bağlı uyğun qərarların icrası haqqında təklif verir;
  • Partiyanın cari fəaliyyətini müzakirə edib, partiya sədrinin rəyini nəzərə alaraq sadə səs çoxluğu ilə qərar qəbul edir;
  • Qurultayın, Ali Məclisin qərarlarının icrasını təmin edir;
  • Rəyasət Heyətinin işi Ali Məclis tərəfindən təsdiq olunmuş “Rəyasət Heyəti Haqqında Əsasnamə” ilə tənzimlənir.

V.       PARTİYA FƏALİYYƏTİNİN MADDİ TƏMİNATI

V.1.    Partiyanın fəaliyyəti partiyanın vəsaiti hesabına maliyyələşdirilir.

V.2.    Partiyanın pul və ya pul ifadəsi olan sərvətlər şəklində əldə etdiyi vəsait onun mədaxilidir.

V.3.    Partiyanın aşağıdakı mədaxil növləri vardır:

  • «Siyasi partiyalar haqqında» qanuna müvafiq dövlət büdcəsindən ayrılan vəsaitlər;
  • Üzvlük haqqı;
  • Əmlakdan götürülən gəlir;
  • Tədbirlərdən, mətbu nəşrlərin və məqalələrin yayılmasından və ya buna bənzər başqa fəaliyyətlərdən alınan gəlir;
  • İanələr şəklində gəlir;
  • Seçki kampaniyası ücün xərclərin ödənilməsi şəklində daxil olan vəsait;
  • Aşağı təşkilatların ödəncləri.

V.3.    Partiyanın pul vəsaitindən istifadə qaydalarını mövcud qanunvericilik və Partiyanın Ali Məclis müəyyənləşdirir.

VI.      PARTİYANIN MÜLKİYYƏTİ

VI.1.   Partiyaının mülkiyyətində olan binalar, avadanlıqlar, nəşriyyat vəsaitləri, mətbəə və mətbəə avadanlıqları və bu kimi digər əmlaklar onun mülkiyyətini təşkil edir.

VII.     PARTİYANIN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ VƏ ƏMLAKININ TALEYİ

VII.1. Partiya öz fəaliyyətini partiyanın qurultayında nümayəndələrin 2/3 səs çoxluğu ilə dayandıra bilər.

VII.2. Partiya öz fəaliyyətini dayandırarsa, onun əmlak və pul vəsaiti məsələsi mövcud qanunvericiliyə uyğun həll edilir.

VIII.3. Partiya Azərbaycan Respublikasının Konstitusiyasına, “Siyasi Partiyalar Haqqında” qüvvədə olan qanuna, özünün Məramnamə və Nizamnaməsinə uyğun olmayan, qadağan edilmiş digər fəaliyyətlə məşğul olduğu müəyyən edilərsə, partiyanın fəaliyyətinə xitam verilməsi məsələsi mövcud qanunvericiliyə uyğun həll edilə bilər.