Azərbaycan Ümid Partiyasının
Nizamnaməsi
Azərbaycan Ümid Partiyasının ilk Nizamnaməsi 1993-cü il may ayının 5-də Azərbaycan Ümid Partiyasının təsis konfransında qəbul edilmiş və Partiyanın III (15 dekabr 2003), V (11 noyabr 2007) Qurultaylarında ona əlavə və dəyişikliklər edilib.
Hazırki Nizamnamə 2023-cü il sentyabrın 5-də partiyanın IX Qurultayında qəbul edilib.
- Ümumi müddəalar
- Azərbaycan Ümid Partiyası (bundan sonra – Partiya) Azərbaycan Respublikasının siyasi müstəqilliyi və iqtisadi suverenliyini, ərazi bütövlüyünü müdafiə edən, demokratik, hüquqi və dünyəvi dövlət modelini inkişaf etdirmək məqsədi ilə yaradılan qeyri-kommersiya hüquqi şəxsdir;
- Partiya öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Siyasi Partiyalar Haqqında” Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktları və bu Nizamnamə əsasında həyata keçirir;
- Partiya müstəqil struktura malik, üzvlərinin birləşmək (assosiasiyalar) azadlığı, könüllülük, hüquq bərabərliyi əsasında birləşdiyi siyasi təşkilatdır;
- İrqindən, etnik mənsubiyyətindən, dilindən, dinindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı Azərbaycan Ümid Partiyasında könüllü birləşə bilər;
- Partiyanın müstəqil balansı, üzərində adı yazılmış möhürü, ştampı, Azərbaycan Respublikasının banklarında hesablaşma və digər hesabları, həmçinin digər rekvizitləri vardır;
- Partiya öz rəmzlərinə (emblem, bayraq, nişanlar və s.) malikdir;
- Partiyanın qısaldılmış adı – ÜMİD;
- Partiyanın Mərkəzi Qərargahı Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 62 ünvanında yerləşir.
- Partiyanın məqsədi
- Partiyanın məqsədi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin və suverenliyinin qorunması və möhkəmləndirilməsi, demokratik, azad, hüquqi və dünyəvi idarəetməni inkişaf etdirmək, vətəndaşların sosial və iqtisadi təminatını yaxşılaşdırmaq, sosial ədalət prinsipinin hakim olmasını təmin etmək, hər bir fərdin sağlam və təhsilli yaşamasına təminat vermək, milli kadrlar yetişdirmək, onları dövlət idarəçiliyinə cəlb etmək, seçkilər vasitəsi ilə hakimiyyətə gəlməkdir;
- Partiya hakimiyyətə gəlməyin yeganə yolunu konstitusiyada təsbit olunmuş vasitələrdə və seçkidə görür, terrorizmi, zorakılığı, irqi, dini, milli ayrı-seçkiliyi məqsədəçatma vasitəsi kimi rədd edir, demokratik və qanuni mübarizə üsullarının bütün formalarını məqbul sayır.
- Partiyanın fəaliyyət istiqamətləri
- Partiya ictimai və siyası rəyin formalaşmasına təsir göstərir;
- Öz üzvlərinin siyasi fəallığına rəvac verir;
- Siyasi maarifləndirmə və təbliğat işi aparır;
- Seçkilərdə və referendumda iştirak edir, seçici rəyinin formalaşması üçün qanun çərcivəsində fəaliyyət göstərir;
- Qanunvericiliyə və bu Nizamnaməyə uyğun olaraq, qanunvericilik və icra orqanlarında təmsil olunur və onların fəaliyyətində iştirak edir;
- Ölkə idarəolunmasının bütün sahələri üzrə proqramların hazırlanması yolu ilə Azərbaycan Respublikasının daxili və xarici siyasətinin formalaşmasına təsir göstərir. Partiyanın ictimai-siyasi məsələlər üzrə rəyini və təkliflərini dövlət və yerli özünüidarəetmə orqanlarına çatdırır.
- Partiyanın hüquq və vəzifələri
- Partiyanın öz məqsədlərinə uyğun olaraq, aşağıdakı hüquqları vardır;
- Fəaliyyəti barədə məlumatları sərbəst yaymaq, məqsəd və proqramlarını təbliğ etmək;
- Azərbaycan Respublikası Prezidentinin seçkilərində, Azərbaycan Respublikasının Milli Məclisinə və yerli özünüidarəetmə orqanlarına seçkilərdə öz namizədləri ilə iştirak etmək, birliklərdə təmsil olunmaq, ortaq namizədlər müəyyən etmək, habelə referendumlarda iştirak etmək;
- Dövlət orqanlarına qanunvericilik aktlarının layihələrinin hazırlanmasına dair təkliflər vermək, ictimai-siyasi həyatın müxtəlif sahələri barədə təşəbbüslə çıxış etmək, habelə dövlət və yerli özünüidarəetmə orqanlarına müvafiq təkliflər vermək;
- Partiyanın Nizamnaməyə uyğun yerli təşkilatını yaratmaq, onların yenidən təşkil olunması və ləğv olunması barədə qərar qəbul etmək;
- “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mitinqlər, nümayişlər, yürüşlər, piketlər və yığıncaqlar keçirmək, konfranslar, simpoziumlar, tədbirlər təşkil etmək;
- Media subyektləri təsis etmək;
- Könüllülük əsasında birləşib bloklar, ittifaqlar, birliklər yaratmaq;
- Xarici dövlətlərin siyasi partiyaları və ictimai birlikləri ilə əməkdaşlıq etmək;
- Öz üzvlərinin və partiyanın hüquqlarını müdafiə etmək, qanuni maraqlarını təmsil etmək;
- “Siyasi Partiyalar Haqqında” Qanuna uyğun olaraq, ianələr qəbul etmək və digər gəlirlər əldə etmək;
- Qanunvericilik və bu Nizamnamə ilə müəyyənləşdirilmiş digər hüquqları həyata keçirmək;
- Partiyanın öz məqsədlərinə uyğun olaraq, aşağıdakı vəzifələri vardır;
- Konstitusiyanın qorunmasına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına nail olmaq;
- Partiyanın Proqramını qəbul etmək;
- Öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına, bu Nizamnamə və Partiyanın Proqramına əməl etmək;
- Partiya üzvlərinin qeydiyyatını aparmaq;
- Partiya, eləcə də onun Yerli Təşkilatları tərəfindən keçirilən tədbirlərdə (Qurultay, konfrans və s.) səlahiyyətli orqanlarının nümayəndələrinin iştirakı üçün şərait yaratmaq;
- Qanunvericiliyə uyğun mühasibat uçotu aparmaq, səlahiyyətli qurumlara təqdim etmək, ictimaiyyəti məlumatlandırmaq;
- Partiya haqqında dəyişən məlumatları aidiyyətı orqanlara təqdim etmək;
- “Siyasi Partiyalar Haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktları ilə müəyyən edilmiş sənədləri və məlumatları dövlət qeydiyyatı üçün aidiyyətı dövlət orqanına təqdim etmək;
- Dövlət orqanlarının və vəzifəli şəxslərin qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməsinə müdaxilə etməmək;
- Qanunvericilik və bu Nizanamə ilə digər vəzifələri yerinə yetirmək;
- Partiya təsərrüfat və kommersiya fəaliyyəti ilə məşğul ola bilməz.
- Partiyanın üzvləri, onların hüquq və vəzifələri
- Partiyanın Proqramını və Nizamnəməsini qəbul edən, 18 yaşına çatmış, fəaliyyət qabiliyyətli hər bir Azərbaycan Respublikası vətəndaşı Partiyanın üzvü ola bilər. Partiyaya üzvlük fərdidir, başqa partiya üzvləri və qanunla siyasi partiyada üzvlüyü qadağan olunmuş şəxslər partiya üzvü ola bilməzlər;
- Partiyaya üzvlük Partiyanın Yerli Təşkilatına ərizə ilə müraciət olunduqdan sonra Partiyanın Mərkəzi Aparatı tərəfindən qəbul edilir, Mərkəzi Aparat Partiya üzvünə Partiya mənsubiyyətini təsdiq edən üzvlük vəsiqəsi verir;
- Partiya üzvlüyündən çıxmaq sərbəstdir. Üzvlükdən çıxmaq istəyən şəxs ərizə ilə Yerli Təşkilata müraciət edir, Yerli Təşkilat üzv barədə zəruri sənədləri Mərkəzi Aparata təqdim edir, üzvlükdən çıxmaq haqqında müraciət Mərkəzi Aparat rəhbəri tərəfindən təsdiq edilir, üzvlüyə xitam verilir;
- Partiyaya hər bir üzv üzvlük haqqı verir. Üzvlük haqqının məbləğini və ödənilməsi qaydasını Partiyanın İdarə Heyəti müəyyən edir;
- Partiya üzvünün aşağıdakı hüquqları vardır;
- Nizamnaməyə uyğun Partiyanın orqanlarını seçmək və onlara seçilmək;
- Partiyanın fəaliyyəti haqqında məlumat almaq;
- Partiyanın orqanlarına sual, sorğu təklif, ərizə və şikayət ilə müraciət etmək və onlara cavab almaq;
- Partiya orqanlarının (Qurultay istisna olmaqla) və bu Nizamnamənin 6.2-ci bəndində nəzərdə tutulmuş qurumların hərəkət və hərəkətsizliyindən Təftiş Komissiyasına, Təftiş Komissiyasının hərəkət və hərəkətsizliyindən Qurultaya, Qurultayın hərəkət və hərəkətsizliyindən isə məhkəməyə şikayət vermək;
- Öz iradəsini sərbəst ifadə etmək, Partiyanın adına, məqsəd və vəzifələrinə xələl gətirən hərəkətlərə yol verməmək;
- Partiya üzvlüyündən çıxmaq;
- Qanunvericilik və bu Nizamnamə ilə digər hüquqları həyata keçirmək;
- Partiya üzvünün aşağıdakı vəzifələri vardır:
- Nizamnamə və Partiya Proqramı ilə tanış olmaq, nizamnamədə və proqramda göstərilən tələblərə əməl etmək;
- Partiyanın işində iştirak etmək, özünə aid olan məlumatlarda baş vermiş dəyişikliklər barədə Partiyanın səlahiyyətli qrumlarına vaxtında məlumat vermək.
- Üzvlük haqqı ödəmək;
- Nizamnamə və Proqramla müəyyən olunmuş vəzifələri, Partiya orqanlarının və strukturlarının qanuni qərarlarını yerinə yetirmək.
- Partiya üzvlüyünə aşağıdakı hallarda xitam verilir:
- Partiya üzvünün Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə;
- Məhkəmənin qərarı ilə Partiya üzvü məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
- Partiya üzvlüyündən çıxdıqda və ya xaric olunduqda;
- Partiyadan xaric olunma üçün aşağıdakılar əsas sayılır:
- Bu Nizamnamənin müddəalarını pozan və Partiyanın nüfuzuna mühüm zərər vuran hərəkət və hərəkətsizlik etmək;
- Bir ildən çox müddət ərzində Partiyanın işində üzürsüz iştirak etməmək;
- Digər Partiyaya üzv olmaq.
- Nizamnamə tələblərini pozan və ya Partiyanın nüfuzuna zərbə vuran Partiya üzvünə aşağıdakı intizam tənbeh tədbirləri tətbiq edilə bilər:
- Xəbərdarlıq;
- Töhmət;
- Partiyada tutduğu seçkili və ya təyinatlı vəzifədən azad etmək;
- Partiya üzvlüyündən xaric etmək;
- İntizam tənbeh tədbirləri Yerli Təşkilatların təqdimatına əsasən, İdarə Heyətinin qəbul etdiyi qərar əsasında tətbiq edilir. İntizam tənbeh tədbirləri haqqında qərardan bir ay ərzində Təftiş Komissiyasına şikayət verilə bilər.
- Partiyanın orqanları və Struktur qurumları
- Partiyanın orqanları aşağıdakılardır:
- Qurultay:
- Partiyanın sədri
- İdarə Heyəti
- Təftiş Komissiyası
- Partiyanın sturukturuna onun Məşvərət Şurası, Gənclər Birliyi, Qadınlar Birliyi, Mərkəzi Aparatı, həmçinin yerli təşkilatlar və onların aparatları, Ərazi Partiya Təşkilatları daxildir.
- Qurultay
- Qurultay Partiyanın Ali Rəhbər orqanıdır. Qurultay nümayəndələri İdarə Heyəti tərəfindən müəyyən olunmuş təmsilçilik normasına uyğun olaraq seçilirlər;
- Qurultay Partiyanın İdarə Heyəti tərəfindən beş ildə bir dəfədən az olmayaraq çağrılır. Partiyanın növbədənkənar Qurultayı İdarə Heyətinin qərarı, Təftiş Komissiyasının üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul etdiyi qərarı, Partiya sədrinin tələbi və Partiya üzvlərinin ən azı üçdə ikisinin müraciəti ilə çağrılır.
- Qurultayın müstəsna səlahiyyətlərinə daxildir:
- Partiyanın Nizamnaməsinin qəbul edilməsi, ona dəyişiklik və əlavələrin edilməsi;
- Partiya Sədrinin seçilməsi və vaxtından əvvəl vəzifəsindən azad edilməsi;
- İdarə Heyətinin, Təftiş Komissiyasının say tərkibinin müəyyənləşdirilməsi;
- Partiya sədrinin təqdimatı əsasında İdarə Heyəti və Təftiş Komissiyası üzvlərin beş il müddətinə seçilməsi və vaxtından əvvəl vəzifəsindən azad edilməsi, üzvlüyə xitam verilməsi;
- Partiyanın yenidən təşkil olunması və ləğv edilməsi haqqında qərarın qəbul edilməsi;
- Bu Nizamnamə ilə nəzərdə tutulmuş digər səlahiyyətlərin həyata keçirilməsi.
- Qurultay nümayəndələrinin ən azı üçdə iki hissəsi iştirak etdikdə səlahiyyətli sayılır. Bu Nizamnamənin 7.3.1. və 7.3.5 yarımbəndlərində göstərilən məsələlərə dair qərarlar Qurultayda iştirak edən nümayəndələrin üçdə iki səs çoxluğu ilə, 7.3-cü bəndində nəzərdə tutulmuş digər məsələlərə dair qərarlar isə Qurultayda iştirak edən nümayəndələrin sadə səs çoxluğu ilə qəbul edilir. Sesvermə forması (açıq və ya gizli səsvermə) Qurultay tərəfindən müəyyən olunur.
- Partiyanın sədri
- Partiyanın Sədri Partiyanın rəhbər orqanıdır və Partiyanın ali seçkili vəzifəli şəxsi sayılır. Partiyanın sədri Partiyanın Qurultayında iştirak edən nümayəndələrin sadə səs çoxluğu ilə seçilir. Səlahiyyət müddəti bitdikdə Partiyanın Sədri Qurultay tərəfindən yenidən seçilə bilər.
- Partiya sədrinin birinci müavini və müavinləri vardır. Partiya sədri müavinlərini təyin edir. Öz yanında Ağsaqqallar Şurası və müşavirlik institutu yarada bilir.
- Partiyanın sədri:
- Partiyanın ümumi fəaliyyətinə rəhbərliyi həyata keçirir, etibarnaməsiz Partiyanın adından hərəkət edir;
- Partiyanın İdarə Heyətinə rəhbərlik edir;
- Partiyanı ölkə daxilində və xaricdə təmsil edir.
- Qurultayı açır, Qurultaya hesabat verir, İdarə Heyətinin iclasına sədrlik edir;
- Partiyanın Mərkəzi Aparatının strukturunu, həmçinin onun və yerli təşkilatların büdcəsini təsdiq edir;
- Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, müvafiq şəxslərə etibarnamələr verir, partiya adından əlaqələr qurur, səlahiyyətləri çərçivəsində Partiyanın əmlakı və vəsaitləri üzərində sərəncam (bu Nizamnamənin 9.4.16-cı yarımbəndi nəzərə alınmaqla) verir;
- Partiyanın İdarə Heyətinin, Təftiş Komissiyasının, Məşvərət Şurasının, Gənclər Birliyinin, Qadınlar Birliyinin növbədənkənar iclaslarını çağırır;
- Partiyanın sədri özünün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etməsi, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.6-cı maddəsi ilə müəyyən edilmiş qaydada Təftiş Komissiyasına təqdim edir.
- Bu Nizamnamə ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.
- Partiyanın sədri bu Nizamnamənin 8.3-cü bəndində qeyd olunan səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini müavinlərinə həvalə edə bilər.
- Partiyanın sədri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.3-cü maddəsində müəyyən edilmiş vəzifələri yerinə yetirməyə borcludur.
- Partiyanın İdarə Heyəti
- İdarə Heyəti Partiyanın daimi fəaliyyət göstərən rəhbər orqanıdır. İdarə Heyətinin say tərkibi Qurultay tərəfindən müəyyənləşdirilir. İdarə Heyətinin üzvləri Qurultay tərəfindən Partiya Sədrinin təqdimatı əsasında beş il müddətinə seçilir. İdarə Heyətinin üzvləri ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərirlər;
- İdarə Heyətini üzvlərdən tərk edən və ya vəzifəsindən azad olunan olarsa, İdarə Heyəti özü öz tərkibinə sədrin təqdimatı ilə yeni üzvlər daxil etmək (kooptasiya) hüququna malikdir. İdarə Heyətinin İdarə Heyəti üzvlüyünə yeni üzvlərin daxil edilməsi barədə qərarı növbəti Qurultayda təsdiq edilməlidir;
- Partiyanın sədri vəzifəsinə görə eyni zamanda İdarə Heyətinin sədridir;
- İdarə Heyəti:
- Növbəti və növbədənkənar Qurultay çağırır, Partiyanın yerli təşkilatlarının təmsilçilik normasını müəyyən edir, həmçinin fəaliyyət barədə Qurultay qarşısında hesabat verir;
- Partiyanın Proqramını qəbul edir, ona dəyişiklik və əlavələr edir;
- Partiyanın Təftiş Komissiyasının, Məşvərət Şurasının, Gənclər və Qadınlar Birliyinin növbədənkənar iclaslarını çağırır;
- Partiyanın Məşvərət Şurasının say tərkibini müəyyən edir, Partiya sədrinin təqdimatı əsasında Partiyanın Məşvərət Şurasının üzvlərini, sədrini və sədr müavinlərini beş il müddətinə vəzifəyə təyin edir və vaxtından əvvəl vəzifələrindən azad edir, həmçinin Məşvərət Şurasının fəaliyyətinə nəzarəti həyata keçirir və bu Nizamnamənin 11.8-ci bəndində nəzərdə tutulmuş halda onun qərarlarını ləğv edir.
- Gənclər Birliyinin say tərkibini müəyyənləşdirir, Partiya sədrinin təqdimatı əsasında Partiyanın Gənclər Birliyinin üzvlərini, sədrini, sədr müavinlərini 5 il müddətinə vəzifəyə təyin edir və vaxtından əvvəl vəzifələrindən azad edir, həmçinin Gənclər Birliyinin fəaliyyətinə nəzarəti həyata keçirir və bu Nizamnamənin 12.7-ci bəndində nəzərdə tutulmuş halda onun qərarlarını ləğv edir;
- Qadınlar Birliyinin say tərkibini müəyyənləşdirir, Partiya sədrinin təqdimatı əsasında Partiyanın Qadınlar Birliyinin üzvlərini, sədrini, sədr müavinlərini 5 il müddətinə vəzifəyə təyin edir və vaxtından əvvəl vəzifələrindən azad edir, həmçinin Qadınlar Birliyinin fəaliyyətinə nəzarəti həyata keçirir və bu Nizamnamənin 13.8-ci bəndində nəzərdə tutulmuş halda onun qərarlarını ləğv edir;
- Bu Nizamnaməyə uyğun olaraq, Partiyanın yerli təşkilatlarının yaradılması, yenidən təşkil olunması və ləğv edilməsi haqqında qərarlar qəbul edir, yerli təşkilatların sədrlərini vəzifəyə təyin və vəzifədən azad edir, həmçinin yerli təşkilatların fəaliyyətinə nəzarəti həyata keçirir və bu Nizamnamənin 15.10-cu bəndində nəzərdə tutulmuş halda onların qərarlarını ləğv edir;
- Partiyanın Məşvərət Şurasının, Gənclər Birliyinin, Qadınlar Birliyinin, Mərkəzi Aparatının və yerli təşkilatlarının əsasnamələrini təsdiq edir.
- Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Prezidentinin seçkiləri, Azərbaycan Respublikasının Milli Məclisinə və yerli özünüidarəetmə orqanlarına seçkilər zamanı Partiyadan namizədləri irəli sürur;
- Yerli özünüidarəetmə orqanlarına seçkilər zamanı Partiyanın yerli təşkilatlarına namizədlər müəyyən etməyə razılıq verir;
- Üzvlük biletinin formasını müəyyən edir;
- Üzvlük haqqının məbləğini və ödənilməsi qaydasını müəyyən edir;
- Ölkənin ictimai-siyasi həyatının mühüm məsələləri barədə Partiyanın mövqeyini əks etdirən bəyanatlar qəbul edir.
- Dövlət və yerli özünüidarəetmə orqanları, siyasi partiyalar və digər qurumlarla qarşılıqlı əlaqələr qurur;
- Partiyanın siyasi partiyalar və digər ictimai birliklərlə İttifaq (birlik) qurması barədə qərar qəbul edir;
- Partiyanın Kütləvi İnformasiya Vasitələrinin təsis edilməsi barədə qərar qəbul edir;
- Partiyanın əmlakının və vəsaitlərinin idarə edilməsi üzrə qərarlar qəbul edir;
- Bu Nizamnamənin 9.2 və 10.2-ci bəndlərində nəzərdə tutulmuş hallarda kooptasiya barədə qərar qəbul edir;
- Bu Nizamnamə ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir;
- Partiyanın digər orqanlarının səlahiyyətlərinə aid edilməyən məsələləri həll edir.
- İdarə Heyətinin iclasları İdarə Heyətinin müəyyən etdiyi müddətdə (lakin 3 ayda bir dəfədən az olmayaraq) keçirilir. İdarə Heyətinin növbədənkənar iclasları Partiya sədrinin qərarı və ya İdarə Heyəti üzvlərinin azı üçdə birinin müraciəti ilə keçirilə bilər.
- İdarə Heyətinin üzvlərinin yarıdan çoxu iştirak etdikdə iclas səlahiyyətli sayılır. Bu Nizamnamənin 9.4.1, 9.4.2, 9.4.4, 9.4.5, 9.4.6, 9.4.7, 9.4.8, 9.4.9, 9.4.10, 9.4.15, 9.4.17-ci yarımbəndlərində göstərilən məsələyə dair qərarlar iclasda iştirak edənlərin üçdə iki səs çoxluğu ilə 9.4-cü bəndində nəzərdə tutulmuş digər məsələlərə dair qərarlar isə iclasda iştirak edənlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə forması (açıq və və ya gizli səsvermə) İdarə Heyəti tərəfindən müəyyən edilir.
- Partiyanın Təftiş Komissiyası
- Təftiş Komissiyası Partiyanın nəzarət-təftiş orqanıdır. Təftiş Komissiyasının say tərkibi Qurultay tərəfindən müəyyən edilir. Təftiş Komissiyasının üzvləri Qurultay tərəfindən Partiya sədrinin təqdimatına əsasən beş il müddətinə seçilir. Təftiş Komissiyasının üzvləri ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərirlər;
- Təftiş Komissiyası üzvlərindən Komissiyanı tərk edən və ya xaric olunan olarsa, İdarə Heyəti özü onun tərkibinə yeni üzvləri daxil etmək, (kooptasiya) hüququna malikdir. İdarə Heyətinin Təftiş Komissiyası üzvlüyünə yeni üzvlərin daxil edilməsi barədə qərarı növbəti Qurultayda təsdiq edilməlidir;
- Təftiş Komissiyası özünün ilk iclasında öz tərkibindən sədr və iki müavinini, katibini seçir. Təftiş Komissiyasının iclasları komissiyanın müəyyən etdiyi müddətdə (lakin 3 ayda bir dəfədən az olmayaraq) keçirilir. Təftiş Komissiyasının iclasları növbədənkənar iclasları Partiya sədrinin qərarı, İdarə Heyətinin və ya Təftiş Komissiyasının üzvlərinin üçdə bir hissəsinin müraciəti ilə keçirilir;
- Təftiş Komissiyasının iclaslarını, Komissiyanın sədri və ya onun göstərişi ilə sədr müavinlərindən biri aparır;
- Təftiş Komissiyasının iclası üzvlərin ümumi sayının yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Qərarlar iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə forması (açıq və ya gizli səsvermə) Təftiş Komissiyası tərəfindən müəyyən edilir;
- Təftiş Komissiyası:
- Öz Reqlamentini qəbul edir, üzvlərin şikayət hüququ, müddəti, baxılma qaydası reqlamentdə öz əksini tapır;
- Bu Nizamnamənin, Partiya Proqramının tələblərinin, Partiya orqanlarının qərarlarının yerinə yetirilməsinə, həmçinin partiyadaxili nizam-intizam və maliyyə məsələlərinə nəzarət edir;
- Partiyanın maliyyə-təsərrüfat fəaliyyətini təftiş edir;
- Nəzarətin və təftişin nəticələri barədə İdarə Heyətinə məruzə edir;
- Qurultay qarşısında öz fəaliyyəti barədə hesabat verir.
- Partiya orqanlarının (Qurultay istisna olmaqla) və bu Nizamnamənin 6.2-ci bəndində nəzərdə tutulmuş qurumların qərarlarının qanunvericiliyə və bu Nizamnaməyə uyğunluğunu bilavasitə nəzarət formasında yoxlayır, həmçinin onların hərəkət və hərəkətsizliyindən verilən şikayətlərə baxır;
- Bu Nizamnamə ilə nəzərdə tutulmuş digər səlahiyyətləri yerinə yetirir;
- Təftiş Komissiyası ehtiyac olduğu halda öz fəaliyyətinə mütəxəssisləri cəlb etmək hüququna malikdir;
- Təftiş Komissiyasının üzvləri Partiyada digər seçkili və ya təyinatlı vəzifə tuta bilməzlər.
- Partiyanın Struktur qurumları
- Partiyanın Məşvərət Şurası
- Məşvərət Şurası məşvərətçi qurumdur. Məşvərət Şurasının say tərkibi İdarə Heyəti tərəfindən müəyyənləşdirilir. Məşvərət Şurasının üzvləri, sədr, sədr müavinləri, katibi Partiya sədrinin təqdimatı əsasında İdarə Heyətinin qərarı ilə beş il müddətinə seçilir və vaxtından əvvəl vəzifələrindən azad oluna bilirlər. Məşvərət Şurasının rəhbər orqanının üzvləri ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərirlər;
- Məşvərət Şurasının rəhbər orqanını üzvlərdən tərk edən olarsa və ya xaric olunarlarsa, sədrin təqdimatı ilə boş qalan yerə İdarə Heyəti yeni üzv təyin edir;
- Məşvərət Şurasının fəaliyyətinə sədri rəhbərlik edir. Sədrin üç müavini vardır;
- İdarə Heyəti Məşvərət Şurasının fəaliyyətinə nəzarət edir;
- Məşvərət Şurasının səlahiyyətləri, iclaslarının keçirilməsi qaydası və qərarların qəbulu ilə bağlı məsələlər Məşvərət Şurası haqqında Əsasnamə ilə tənzimlənir;
- Məşvərət Şurasının növbədənkənar iclasları Partiya sədrinin qərarı, İdarə Heyətinin və ya Məşvərət Şurasının üzvlərinin üçdə birinin müraciəti ilə keçirilir;
- Məşvərət Şurası qanunvericilik, bu Nizamnamə, Partiya orqanlarının qərarları və öz Əsasnaməsi əsasında fəaliyyət göstərir;
- Məşvərət Şurası bu Nizamnamənin 11.7-ci bəndində göstərilmiş tələblərə zidd fəaliyyət göstərdikdə, Təftiş Komissiyasının rəyi əsasında İdarə Heyəti həmin Şuranın yenidən təşkili məsələsinə baxır, onun fəaliyyəti ilə ziddiyyət təşkil edən qərarlarını ləğv edir.
- Partiyanın Gənclər Birliyi
- Gənclər Birliyi məşvərətçi qurumdur. Gənclər Birliyinin say tərkibi İdarə Heyəti tərəfindən müəyyənləşdirilir. Gənclər Birliyinin üzvləri, sədr, sədr müavinləri Partiya sədrinin təqdimatı əsasında İdarə Heyətinin qərarı ilə beş il müddətinə seçilir və vaxtından əvvəl vəzifələrindən azad oluna bilirlər. Gənclər Birliyinin rəhbər orqanının üzvləri ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərirlər;
- Gənclər Birliyinin rəhbər orqanını üzvlərdən tərk edən olarsa və ya xaric olunarlarsa, sədrin təqdimatı ilə boş qalan yerə İdarə Heyəti yeni üzv təyin edir;
- Gənclər Birliyinin fəaliyyətinə onun sədri rəhbərlik edir. Sədrin iki müavini vardır;
- İdarə Heyəti Gənclər Birliyinin fəaliyyətinə nəzarət edir;
- Gənclər Birliyinin səlahiyyətləri, iclaslarının keçirilməsi qaydası və qərarların qəbulu ilə bağlı məsələlər Gənclər Birliyi haqqında Əsasnamə ilə tənzimlənir;
- Gənclər Birliyinin növbədənkənar iclasları Partiya sədrinin qərarı, İdarə Heyətinin və ya Gənclər Birliyinin üzvlərinin üçdə birinin müraciəti ilə keçirilir;
- Gənclər Birliyi qanunvericilik, bu Nizamnamə, Partiya orqanlarının qərarları və öz Əsasnaməsi əsasında fəaliyyət göstərir;
- Gənclər Birliyi bu Nizamnamənin 12.7-ci bəndində göstərilmiş tələblərə zidd fəaliyyət göstərdikdə Təftiş Komissiyasının rəyi əsasında İdarə Heyəti həmin Şuranın yenidən təşkili məsələsinə baxır, onun fəaliyyətlə ziddiyyət təşkil edən qərarlarını ləğv edir.
- Partiyanın Qadınlar Birliyi
- Qadınlar Birliyi məşvərətçi qurumdur. Qadınlar Birliyinin say tərkibi İdarə Heyəti tərəfindən müəyyənləşdirilir. Qadınlar Birliyinin üzvləri, sədr, sədr müavinləri Partiya sədrinin təqdimatı əsasında İdarə Heyətinin qərarı ilə beş il müddətinə seçilir və vaxtından əvvəl vəzifələrindən azad oluna bilirlər. Qadınlar Birliyinin rəhbər orqanının üzvləri ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərirlər;
- Qadınlar Birliyinin rəhbər orqanını üzvlərdən tərk edən olarsa və ya xaric olunarlarsa, sədrin təqdimatı ilə boş qalan yerə İdarə Heyəti yeni üzv təyin edir;
- Qadınlar Birliyinin fəaliyyətinə onun sədri rəhbərlik edir. Sədrin iki müavini vardır;
- İdarə Heyəti Qadınlar Birliyinin fəaliyyətinə nəzarət edir;
- Qadınlar Birliyinin səlahiyyətləri, iclaslarının keçirilməsi qaydası və qərarların qəbulu ilə bağlı məsələlər Qadınlar Birliyi haqqında Əsasnamə ilə tənzimlənir.
- Qadınlar Birliyinin növbədənkənar iclasları Partiya sədrinin qərarı, İdarə Heyətinin və ya Qadınlar Birliyinin üzvlərinin üçdə birinin müraciəti ilə keçirilir;
- Qadınlar Birliyi qanunvericilik, bu Nizamnamə, Partiya orqanlarının qərarları və öz Əsasnaməsi əsasında fəaliyyət göstərir;
- Qadınlar Birliyi bu Nizamnamənin 13.7-ci bəndində göstərilmiş tələblərə zidd fəaliyyət göstərdikdə Təftiş Komissiyasının rəyi əsasında İdarə Heyəti həmin Şuranın yenidən təşkili məsələsinə baxır, onun fəaliyyətlə ziddiyyət təşkil edən qərarlarını ləğv edir.
- Partiyanın Mərkəzi Aparatı
- Partiya sədrinin bir müavini, eyni zamanda Mərkəzi Aparatın rəhbəridir;
- Mərkəzi Aparat rəhbərinin iki müavini vardır;
- Mərkəzi Aparatın Əsasnaməsini İdarə Heyəti təsdiq edir;
- Mərkəzi Aparatın strukturunu və işçilərinin əmək haqlarını Partiyanın sədri təsdiq edir;
- Mərkəzi Aparatın rəhbəri Mərkəzi Aparatın işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barədə nizamnamə və Əsasnaməyə uyğun qərarlar qəbul edir;
- Mərkəzi Aparatın rəhbərinin müavinləri İdarə Heyətinin iclaslarında məşvərətçi səslə iştirak edə bilərlər.
- Partiyanın Yerli Təşkilatları
- Partiyanın Yerli Təşkilatları İdarə Heyətinin qərarı ilə yaradılır, yenidən təşkil və ləğv olunur. İdarə Heyəti Yerli Təşkilatların fəaliyyətinə nəzarəti həyata keçirir;
- Partiyanın Yerli Təşkilatının fəaliyyətinə Yerli Təşkilatın sədri rəhbərlik edir. Sədrin iki müavini vardır;
- İdarə Heyəti Yerli Təşkilatın sədrini vəzifəyə təyin və vəzifədən azad edir. Sədrin müavinlərini Partiyanın Mərkəzi Aparatının rəhbəri ilə razılaşdırmaqla, sədr özü vəzifəyə təyin və vəzifədən azad edir;
- Yerli Təşkilatın cari fəaliyyəti onun Aparatı vasitəsilə həyata keçirilir. Aparata rəhbərliyi Yerli Təşkilatın sədri həyata keçirir;
- Yerli Təşkilatda qeydiyyatda olan Partiya üzvləri Yerli Təşkilatın konfransında iştirak edir. Konfransda Yerli Təşkilatın fəaliyyətinə dair hesabat dinlənilir və İdarə Heyəti tərəfindən müəyyən olunmuş təmsilçilik normasına uyğun olaraq, Partiyanın Qurultayına nümayəndələr seçilir;
- Yerli Təşkilatın tərkibində Ərazi Partiya Təşkilatları fəaliyyət göstərir. Ərazi Partiya Təşkilatı Yerli Təşkilatın sədrinin qərarı ilə yaradılır, yenidən ləğv və təşkil olunur. Yerli Təşkilatda Ərazi Partiya Təşkilatının qeydiyyatı aparılır;
- Ərazi Partiya Təşkilatına həmin təşkilatın sədri rəhbərlik edir. Sədrin bir müavini vardır. Ərazi təşkilatının sədrini və sədr müavinini həmin təşkilatda fəaliyyət göstərən Partiya üzvləri seçir. Yerli Təşkilatın sədri ərazi təşkilatı sədrinin və müavininin fəaliyyətinə nəzarəti həyata keçirir. Yerli Təşkilatın konfransında Ərazi Təşkilatının sədr və müavini iştirak edir;
- Yerli Təşkilatın fəaliyyəti, sədrin və müavinlərin səlahiyyət müddəti, Aparatın təşkili, eləcə də Yerli Təşkilatda, o cümlədən konfransda qərarların qəbulu ilə bağlı məsələlər “Yerli Təşkilatlar Haqqında” Əsasnamə ilə tənzimlənir;
- Yerli Təşkilatlar qanunvericilik, bu Nizamnamə, Partiya orqanlarının qərarları və öz Əsasnaməsi əsasında fəaliyyət göstərir;
- Yerli Təşkilatların fəaliyyəti Nizamnamənin 15.9-cu bəndinə uyğun olmazsa, Təftiş Komissiyasının rəyi əsasında İdarə Heyəti həmin təşkilatın ləğvi və ya yenidən təşkili məsələsinə baxır, həmçinin həmin tələblərə zidd olan yerli təşkilatın qərarlarını ləğv edir;
- Partiya ləğv olunduqda Partiyanın Yerli Təşkilatları da ləğv olunur;
- Yerli Təşkilatın statusu Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, hüquqi şəxsin filialı statusuna bərabər tutulur.
- Partiya fəaliyyətinin maddi-təminat məsələləri
- Partiyanın fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşir:
- Üzvlük haqqı;
- İanələr;
- Əmlakdan gələn gəlir;
- Partiya tərəfindən keçirilən tədbirlərdən gələn gəlir;
- Seçki kampaniyası üçün xərclərin müəyyənləşdirilməsi məqsədilə daxil olan vəsait;
- Dövlət maliyyə yardımı;
- Borcun və ya kreditin alınmasından əldə edilmiş məbləğ;
- Hüquq varisliyi yolu ilə əldə edilmiş əmlak;
- Qanunla qadağan olunmamış digər gəlirlər.
- Partiyanın mülkiyyətində onun fəaliyyətini təmin etmək üçün vacib olan qanunla icazə verilən istənilən əmlak ola bilər;
- Partiyanın əmlakı yalnız bu Nizamnamədən və Partiyanın Proqramından irəli gələn məqsəd və vəzifələrin həyata keçirilməsi üçün istifadə edilir.
- Partiya forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş illik maliyyə hesabatını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, Azərbaycan Respublikasının aidiyyəti üzrə müvafiq orqanına təqdim edir;
- Partiya illik maliyyə hesabatını auditor təyi ilə birlikdə Kütləvi İnformasiya Vasitələrində dərc etdirir;
- Partiyada mühasibat uçotu “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır.
- Partiyanın fəaliyyətinin dayandırılması və bərpası, yenidən təşkili və ləğv edilməsi
- Partiya fəaliyyətini müvəqqəti dayandıra bilər. Bu barədə qərar (fəaliyyətin dayandırıldığı müddət dəqiq göstərilməklə) partiyanın qurultayı tərəfindən qəbul olunur.
- Qurultayın keçirildiyi tarixdən 3 gün müddətində partiya qəbul olunmuş qərarı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edir və partiyanın fəaliyyətinin dayandırılması barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır.
- Partiyanın fəaliyyəti bu barədə qurultayın qərarı qəbul edildiyi tarixdən dayandırılmış hesa olunur.
- Partiyanın fəaliyyətinin dayandırıldığı dövrdən onun orqanlarının və struktur qurumlarının nizamnaməsində nəzərdə tutulmuş səlahiyyət müddətlərinin axımı dayandırılır.
- Partiyanın fəaliyyətinin dayandırıldığı müddət bitdikdən sonra partiyanın fəaliyyəti bərpa olunmuş hesab olunur.
- Partiyanın fəaliyyətinin bərpa olunduğu tarixdən 3 gün müddətində partiya bu barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır.
- Partiya bu nizamnamə və qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən təşkil oluna bilər.
- Partiya qurultayda iştirak edən nümayəndələrin 3/2 səs çoxluğu (açıq və ya gizli səsvermə yolu) ilə qəbul edilmiş qərarı və yaxud Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, məhkəmənin qərarı ilə ləğv oluna bilər. Partiya ləğv edildikdə onun borclarının ödənilməsindən sonra qalan əmlakı bu nizamnamədə göstərilmiş məqsədlərə, bu mümkün olmadıqda isə, dövlət büdcəsinə yönəldilir.
- Partiyanın ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər normativ hüquqi aktlarına uyğun həyata keçirilir.
- Digər müddəalar
- Partiyanın fəaliyyəti ilə əlaqədar olan, lakin bu Nizamnamə ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq tənzimlənir.
- Bu Nizamnaməyə edilmiş dəyişikliklər dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.
- Gələcəkdə bu nizamnamənin hər hansı müddəası qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müvafiq norması tətbiq edilir.
