GƏNCLƏR VƏ İDMAN

Gənclik təkcə bir ölkənin gələcəyi deyil, həmçinin onun dəyişmə potensialını və dinamikliyini saxlayan ən böyük sərvətidir. Azərbaycan cəmiyyətinin bu gün bəlkə daha çox dəyişməyə ehtiyacı var. Bu ehtiyacı saxlayacaq güc isə gənclikdir.

Təəssüflə qeyd edək ki, Azərbaycan gəncliyi bu gün nəinki cəmiyyətimizi, heç öz həyat şəraitini dəyişməyə gücü olmayan vəziyyətə gətirilib. Biz Azərbaycan gəncliyinin vəziyyətini dəyişməliyik ki, onlar da ölkənin sabahına sahib çıxa bilsinlər. Qorxudulmuş, seçim imkanından məhrum edilmiş, iqtidar siyasətinin  dəstəkləyicisinə çevrilmiş Azərbaycan gəncliyini özbaşına qərar verən, sorğulayan, ictimai nəzarət həyata keçirən, dünya yeniliklərindən xəbərdar olan, onu ölkəsinə daşıya bilən, demokratikləşmənin təminatçısı olan bir gəncliyə çevirməliyik.

Bunun üçün:

  • Gənclərimizin Azərbaycanın idarə edilməsində iştirakı maksimum təmin edilməli, onların siyasi seçim etməsini və siyasi institutlarda iştirakına şərait yaradılmalıdır;
  • İctimai institutlarda, vətəndaş cəmiyyətlərində gənclərin iştirakına təminat verilməli, həvəsləndirilməli, dövlət idarəçiliyi üzərində gənclərin ictimai nəzarəti həyata keçirməsinə yardım edilməlidir;
  • Gənclərin keyfiyyətli təhsil almaları üçün dövlət təhsil proqramı ardıcıl həyata keçirilməli, oxumaq və elm vərdişlərinin yaranmasına dövlət qayğısı həyata keçirilməlidir;
  • Gənclərin sağlam həyat tərzi keçirmələri, onların pis vərdişlərdən qorunması üçün xüsusi proqram işlənib hazırlanmalı, spirtli içkilər, uyuşdurucu maddələr, pornoqrafiyanın yayılmasına və reklamına xüsusi tənzimləyici qadağalar tətbiq olunmalı, gənclərin asudə vaxtının təşkili proqramlaşdırılmalıdır;
  • Gənclərin mənzillə təmin olunmasını təşkil etmək üçün xüsusi gənclər şəhərciklərinin salınması dövlət proqramı əsasında həyata keçirilməli, ayda cəmi 100 AZN ödəməklə mənzillər gənclərə əvəzsiz verilməli, bu siyasət ardıcıl, dönməz xarakter almalıdır;
  • Heç bir gənc yaşadığı bölgədən, regiondan asılı olmayaraq, mənzil problemi ilə üzləşməməli, dövlət proqramı çərçivəsində bu məsələ öz həllini tapmalıdır;
  • Gənclərin idman yarışlarında iştirakı və Azərbaycanı beynəlxalq yarışlarda təmsil etməsi təşviq edilməli, dövlət bunun üçün həvəsləndirici mükafatlar ayırmalıdır;
  • Xaricdə təhsil alan gənclərə dövlət xüsusi proqram əsasında qayğı göstərməli, onların ölkəyə qayıdıb xidmət göstərməsinə şərait yaratmalı, tələbələrin təhsil xərclərini, təqaüdlərini, yaşama minimumlarını öz üzərinə götürərək, keyfiyyətli və dünyəvi təhsilin Azərbaycana xidmətini təşkil edilməlidir;
  • Gənclərin tolerant, liberal, ölkəsini və bəşəriyyəti sevən insan kimi yetişdirilməsi hər bir dövlət orqanının vəzifəsi olmalı, hamı bu istiqamətdə özünün işini təşkil etməli, barış və sülh içərisində yaşamını saxlaya bilən yeni nəsil yetişdirilməlidir;
  • Ali məktəblərə ən yüksək balla daxil olan gənclər (məs: 690-700 ) dövlət hesabına pulsuz mənzillə təmin edilərək, həvəsləndirilməli, onların müəllimləri və valideynləri mükafatlandırılmalıdır;
  • Xaricdə müvəffəqiyyətlə təhsil alan gənclərə xüsusi təqaüdlər ayrılmalı, beləliklə də oxuma vərdişi yaradılması ilə yanaşı, elm, təhsil təşviq edilməlidir;
  • Gənclər və İdman Nazirliyi nəzarətedici, təşkiledici funksiyanı həyata keçirməlidir;

 

 

Şərh yaz