İRANDA PARLAMENT SEÇKİLƏRİ VƏ KORONAVİRUSUN “ADDIM SƏSLƏRİ”

14

Fevralın 21-də İranda sayca 11-ci İslami Şura Məclisi (parlament) seçkiləri keçirildi. Gerçəkdən seçkimi, yoxsa mövcud rejimin “seçki” adlı təyinatımı?

İranda sayı 35 milyon təxmin edilən soydaşlarımız üçün bu seçkilər nə kimi önəm kəsb etdi?

Qalmaqallı parlament seçkilərindən çıxan Azərbaycan seçicisi üçün də maraqlıdır ki, qonşu ölkədəki seçkinin bizimlə oxşar, ya fərqli cəhətləri varmı?

İrandakı seçkinin gerçək mahiyyəti əsasən seçkiöncəsi proseslərdə aşkar olur. Ümumiyyətlə, inqilabdan sonra İslam Respublikasının təsis edilməsi ilə bağlı 1979-cu il referendumundan  2017-ci il son prezident seçkilərinədək əhali təxminən 35 dəfə sandıq başına (məntəqələrə) gedib. Amma seçkidən seçkiyə əhalinin siyasi sistemə inamsızlığını müşahidə edən rejim mənsubları formaca müxtəlif, əslində analoji metodları ortaya atıblar. Yetər ki, seçicini iştiraka cəlb edə bilsinlər.

Şəxsən mənim də üç dəfə müşahidə etdiyim prezident seçkilərində rejimin əsas hədəfi əhalinin kütləvi iştirakının təmin edilməsi və bununla dünyaya “xalq siyasi quruluşa inanır və seçkiyə gəlir” mesajını vermək olmuşdur. Bundan ötrü də ilk növbədə namizədlər arasında kəskin rəqabət mühitini formalaşdırmaq prioritet addım sayılırdı. Baxmayaraq ki, Konstitusiyaya Nəzarət üzrə Nigəhban Şurası mövcud siyasi quruluşa azacıq müxalif olan şəxsin nəinki prezident, hətta yerli seçkilərdə belə iştirakına icazə verməz.

Bundan ötrü qanunvericilik bazası da Nigəhban Şurasına kifayət qədər səlahiyyət tanımışdır. Məsələn, İslami Şura Məclisinə seçkilərdə Nigəhban Şurası namizədlərin əksəriyyətini adətən seçki qanununun 28, 29 və 30-cu maddələrinə əsaslanaraq prosesdən kənarlaşdırır.

İslami Şura Məclisi Seçkiləri haqda qanunun 28-ci maddəsində namizədlər üçün qəribə şərtlər qoyulur. Onun  birinci bəndində namizəddən islama etiqad və əməli iltizam (bağlılıq) tələb olunur. İkinci bənddə isə müqəddəs sayılan İslam Respublikası quruluşuna da əməli iltizam şərti irəli sürülür. Parlament seçkilərində “rədde səlahiyyet” olunanlar, yəni namizədlikləri ləğv edilənlər əsas etibarilə məhz bu maddəyə qurban gedirlər. Özəlliklə Güney Azərbaycan Milli Hərəkatında iştirak edən soydaşlarımız, hətta bircə dəfə milli haqlar xüsusunda çıxış edən, milli-mədəni tədbirlərə qoşulan şəxslər bu maddədən öz “nəsiblərini” alıblar.

Nəzərə alsaq ki, indiki parlament seçkiləri üç ay öncə İranda yüzlərlə vətəndaşın ölümü ilə sonuclanan etirazların ardınca ilk seçkilərdir, seçicilərdən kütləvi fəallıq gözləmək sadəlövhlük olardı. Seçicilər İnqilab Rəhbərinin “Hər kəs ki, İslamı, İranı sevir, seçkiyə getsin!” çağırışına da məhəl qoymadılar. Onlar hakimiyyətin, Nigəhban Şurasının süzgəcindən keçib seçkiyə qatılan namizədlərin rəqabətinə baş qoşmadılar və İİR quruluşu üçün növbəti dəfə legitimlik sorunu yaratdılar.

Soydaşlarımız isə yalnız Qərbi Azərbaycanda əhalinin etnik tərkibinin dəyişdirilməsinə etiraz əlaməti olaraq, əsasən Urmu və Sulduz şəhərlərində azərbaycanlı (türk) namizədləri seçmək üçün səfərbər oldular.

Bəs, hələ də 9 fevral seçkisinin şokundan çıxmamış Azərbaycan seçicisi bizdə və ortaq coğrafiyanı bölüşdüyümüz bu qonşu ölkədəki seçkilər arasında nə kimi fərqli-bənzər cəhətlər tapa bilər?

 

Müxtəsər olaraq əsas fərq budur – İranda seçkinin taleyi seçkidən öncə, bizdə isə seçki günü həll edilir. Yəni, qonşu ölkədə seçkiyə hər hansı müxalif fikirli namizəd buraxılmır və məsələ bununla bitir.

Oxşar cəhət isə mahiyyətdədir – səsvermə sonuclarının seçicinin deyil, hakim zümrənin iradəsini ifadə etməsindədir.

Bir də seçkiyə qatılım faizi arasında oxşarlıq var. Qeyri-rəsmi mənbələr İrandakı seçkilərdə seçicilərin təxminən 20 faizinin iştirak etdiyini bildiriblər. Rəsmi TV kanalları isə nisbətən kütləvilik müşahidə olunan məntəqələri “fərqli şəhərlərdə seçkilər” adı ilə yaymağa məcbur olublar. Mənzərə tanışdır hər halda.

21 fevral seçkilərinin başqa bir özəlliyi isə səsvermənin ölkəni bürüməkdə olan  koronavirus təhlükəsi şəraitində keçirilməsi oldu. Rəsmi mənbələr Qum şəhərində dörd nəfərin vəfat etdiyini, Tehran və Gilan da daxil olmaqla İranda daha 13 nəfərin bu virusa yoluxduğunu etiraf ediblər. Amma qeyri-rəsmi mənbələr Ərdəbil, İranşəhr, Sənəndəcdə də virusa yoluxanların varlığından xəbər verirlər. Gilan və Ərdəbil ostanları isə Azərbaycanla həmsərhəd olduğu üçün təhlükənin “addım səslərini” də duymaq artıq çətin deyil…

Rüfət Muradlı 

Şərh yaz