Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki (8-12 may) fəaliyyəti ilə bağlı məlumat yayıb

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki (8-12 may) fəaliyyəti ilə bağlı məlumat yayıb.
PRESS-RELİZ
(Həftəlik 8-12 may)
Ümid Partiyası Rəyasət Heyətinin və Müavinliyinin növbəti iclasları keçirilib. Rəyasət Heyətinin iclasında ölkədə, bölgədə və dünyadakı vəziyyət müzakirə edilib. Həmçinin həftə ərzində partiyada görülən işlər də müzakirəyə çıxarılıb.
Rəyasət Heyətinin iclasında Rusiya-Ukrayna müharibəsi, Rusiyanın təcavüzkar siyasətindən əl çəkməməsi və bunun bütün dünya düzəninə təsiri də iclasın müzakirə mövzusu olub. Müharibənin gedişatı, ondan gözləntilər, bu müharibənin Azərbaycanın siyasi-iqtisadi həyatına mənfi və ya müsbət təsiri və bu təsirlərdən itkisiz çıxmaqla əlaqədar məsələlər, ölkənin post-Putin dövrünə hazır olub-olmadığı partiya yetkililəri tərəfindən müzakirə edilib.
Rəyasət Heyətinin iclasında Azərbaycan və Ermənistan arasında bağlanılması gözlənilən sülh müqaviləsi ilə bağlı partiya sədri İqbal Ağazadə qeyd edib ki, əslində Ermənistan hələlik sülh müqaviləsi imzalamağa hazır deyil, çünki Ermənistanın olduğu vəziyyət Paşinyan hökümətinin kövrək və yumşaq ifadə etsək, hələ hakimiyyətini möhkəmlədə bilməməsi səbəbindən ictimai rəydən çəkinir. İctimai rəy Paşinyan hökümətini hələlik ehtiyatlı davranmağa məcbur edir. İqbal Ağazadənin fikrincə, əks təqdirdə Paşinyan və komandası sülh müqaviləsini çoxdan imzalamaq üçün hazır olardı, çünki masada olan təkliflər -Azərbaycanın verdiyi 5 təkliflər Paşinyan höküməti üçün də, Ermənistanın gələcəyi üçün də olduqca keçərlidir, amma içəridə Rusiyanın revanşist qüvvələrinin olması, xüsusilə Rusiyaya bağlı qüvvələrin mövcudluğu, Paşinyanın atacağı addımdan sonra hakimiyyətdə qalıb-qalmaması, Paşinyan hökumətini qərblə və Rusiya arasında manevr etməyə və sülh müqaviləsini uzatmağa və danışıqların hələlik nəticə verməməsinə gətirib çıxarır. Bundan əlavə, 11 aprel və 12 may tarixlərində Azərbaycanla sərhəddə törədilən təxribat nəticəsində şəhidlərimizin olması bir daha onun göstəricisidir ki, Rusiya bu sülh müqaviləsinin imzalanmaması üçün əlindən gələni edir. Çünki 14 may 2023-cü il Azərbaycan Respublikasının ölkə başçısı İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın Brüsseldə, 1 iyun Kişinyovda görüşləri planlaşdırılır. Və bu görüşlərdən də öncə yenə də növbəti təxribat – Rusiyanın əli ilə Azərbaycan sərhədində 12 may tarixində təxribat törətməsi nəticəsində daha bir Azərbaycan əsgəri şəhid oldu. Belə ki, Putin Azərbaycan və Ermənistan arasında Sülh Müqaviləsinin imzalanmaması üçün gah Azərbaycan sərhədində təxribat törədir, gah da tərəfləri Qərb görüşündən həmən sonra ya Moskvaya, ya da Soçiyə çağırır.
İclasın irəliləyən dəqiqələrində partiya sədri xüsusi olaraq vurğulayıb ki, Paşinyan hökuməti belə hesab edir ki, Rusiya və Ukrayna cəbhəsindəki Ukraynanın xeyrinə olacaq nəticələr bəlkə onun hakimiyyətinə növbəti dəfə yeni nəfəslik verər və sülh müqaviləsinin imzalanması üçün daha optimal şərait yaradar. Paşinyan höküməti çox istəyir ki, sülh müqaviləsində Qərbin, xüsusilə Avropa Birliyi və Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə bağlanmış sülh müqaviləsi onun hakimiyyəti üçün də bir təminat olsun. O bilir ki, Rusiyanın vasitəçiliyi ilə bağlanan müqavilədə Paşinyan hökümətinin gələcəyi üçün ciddi təhlükələr ola bilər və onun təminatçısı yolunda çıxış edib-etməyəcəyini özü də aydın bilir. Belə ki, Azərbaycan bu istiqamətdə bütün çıxışlarda iştirak etməli, Rusiya və Ermənistanın fürsətçi planlarını ortaya çıxarmalı, ölkəmizin diplomatik korpusu Azərbaycanın Cənubi Qafqazda yeganə sülh təminatçısı olması ilə bağlı təbliğat, təşviqat və lobbiçilik fəaliyyəti həyata keçirməlidir.
Həftə içində keçirilən müavinlik iclasında Seçki Məcəlləsinin təkmilləşməsinin vacibliyi qeyd olunub, xüsusilə də ölkədə Konstitusiya islahatlarının aparılması üçün Referendum seçkisinin keçirilməsi təklifləri irəli sürülüb, partiyanın bu istiqamətdəki müzakirələri səsləndirilib. Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər online olaraq, rayon təşkilatlarına da təqdim edilib.
Ümid Partiyası rayon təşkilatları ilə növbəti görüşlərin keçirilməsinə də hazırlaşır. Bu istiqamətdə görüləcək işlər də iclasın müzakirə mövzusu olub. Bundan əlavə ilkin olaraq, partiyanın 9 rayon şöbəsi Gəncə şəhəri təşkilatının qərargahında regional müşavirə keçirilib.
Müavinliyin iclasında cari işlər və struktur fəaliyyətindən doğan məsələlər müzakirə edilib, bu istiqamətdə müvafiq şöbələrin hesabatları dinlənilib.
Həftə ərzində partiyanın İcra Aparatı rayon təşkilatlarının keçirdiyi toplantılarda iştirak edib və partiyanın rayon təşkilatlarının fəaliyyətinin gücləndirilməsi və stimullaşdırılması ətrafında müzakirələr aparıb, regiondakı sosial-siyasi-iqtisadi durum təhlil edilib, aidiyyatı istiqamətdə təkliflər verilib.
Həftə ərzində Ümid Partiyasının sədri İqbal Ağazadə və partiya yetkililəri (Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə, partiyanın İcra Aparatının rəhbəri Taleh Əliyev, partiyanın təbliğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulami, partiyanın siyasi məsələlər üzrə sədr müavini Bakir Həsənbəyli, partiyanın diaspora, xaricdə yaşayan soydaşlar və ictimaiyyətlə əlaqələr üzrə sədr müavini Elman Abbasov) İnternet Televiziyalarında (Reaksiya Tv, Laf Tv, Arb 24 Televiziyası, Xural Tv) altı canlı efirlə tamaşaçılar qarşısına çıxıblar. Bu kanallarda ümumi olaraq, beş yüz əlli minə yaxın izləyici canlı və yaxud videoyazını izləyib. Ümumilikdə sosial şəbəkələr (YouTube, facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində beş milyona yaxın izləyici partiya yetkililərini seyr edib, dinləyib, paylaşımlar ediblər.
Ümid Partiyasının təbliğat və informasiya müavinliyi
Şərh yaz