Ümid Partiyası həftə ərzindəki fəaliyyəti ilə bağlı məlumat yayıb

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki (4-6 may) fəaliyyəti ilə bağlı məlumat yayıb.
Ümid Partiyası Rəyasət Heyətinin və Müavinliyinin növbəti iclasları keçirilib.
Rəyasət Heyətinin iclasında ölkədə, bölgədə və dünyadakı ictimai-siyasi vəziyyət müzakirə olunub, həmçinin həftə ərzində partiyada görülən işlər barədə məlumat verilib.
Rəyasət Heyətinin iclasında hələ də davam edən Rusiya-Ukrayna müharibəsi, bunun dünyaya təsirləri müzakirə edilib. Postmüharibə dövrü, müharibənin dünya istisadiyyatına təsirləri də iclasda müzakirəyə çıxarılıb.
Rəyasət Heyətində sözügedən müharibənin Azərbaycan iqtisadiyyatına, qida təhlükəsizliyinə mənfi təsirləri ətrafında da müzakirələr aparılıb. Eyni zamanda, Azərbaycanın ehtimal olunan böhranla bağlı planının necə olması istiqamətində fikirlər səsləndirilib.
İclasda Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsində baş verənlər, erməni separatçılarının orada səngər qazması, təxribat cəhdləri, Rusiyanın baş verənlərə mövqeyi, reaksiyası da diskussiya mövzusu olub.
Toplantıda partiyanın seçki hazırlığı, struktur islahatları da müzakirə mövzusu olub.
Müavinliyin iclasında cari işlər və struktur fəaliyyətindən doğan məsələlər müzakirə edilib, bu istiqamətdə müvafiq şöbələrin hesabatları dinlənilib.
Ümid Partiyası ötən həftə olduğu kimi bu həftə də Konstitusiyanın növbəti maddələrində təklif etdiyi dəyişiklikləri müzakirə üçün vətəndaşların diqqətinə çatdırıb.
Həftə ərzində partiya yetkililəri (Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə, partiyanın İcra Aparatının rəhbəri Taleh Əliyev, Ümid Partiyasının təbliğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulami) İnternet Televiziyalarında (Laf Tv, Reaksiya Tv) üç canlı efirlə tamaşaçılar qarşısına çıxıblar. Bu kanallarda ümumi olaraq, yüz yetmiş minə yaxın izləyici canlı və yaxud videoyazını izləyib. Sosial şəbəkələr (YouTube, facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində bir milyon yeddi yüz minə yaxın izləyici partiya sədri və funksionerləri seyr edib, dinləyib, paylaşımlar ediblər.
Həftə ərzində partiya sıralarına yeni üzvlər qəbul olunub. Partiyanın müvafiq orqanı yeni gələn üzvlərlə işləmək və təşkilatlanma barədə öz tövsiyyələrini verib.
Ümid Partiyasının təbliğat və informasiya müavinliyi
Şərh yaz