Azərbaycan Ümid Partiyasının Mərkəzi Aparatının rəhbəri, politoloq Taleh Əliyev Referendumun keçirilməsinin vacibliyi qənaətində olduğunu bildirib:
Azərbaycan Respublikasında yerli özünüidarəetmə təsisatı olan bələdiyyələrə ilk seçkilər 1999-cu ildə keçirildi. Yeni təsisat olduğundan xalqın o vaxt bələdiyyələrə böyük ümidləri vardı. Səlahiyyətləri məhdud olan bələdiyyələr haqqında ölkə qanunvericiliyinə sonradan edilən çoxsaylı əlavə və dəyişikliklər bu təsisatı tamamilə nüfuzdan saldı.
Hesab etmirəm ki, bələdiyyələr haqqında qanuna edilən sonuncu düzəlişlər bu sahədə ciddi müsbət dəyişikliklər yaratsın. Bu qanunun qəbulundan sonra baş verəcək yeganə müsbət hal ondan ibarət olacaq ki, dövlət büdcəsindən bələdiyyələr üçün ayrılan subsidiyalar əhəmiyyətli dərəcədə azalacaq.
Əslində isə yeni qanunun əsasını təşkil edən bələdiyyələrin birləşmə meyarı olan əhalisinin sayı 3 000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1 000 vahiddən az olan bələdiyyələrin onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlərin nəzərə alınmaqla birləşdirilməsi Azərbaycanda bələdiyyə idarəçiliyini daha da nüfuzdan salacaq. Bu günə qədər ölkədə mövcud olan 1 400 bələdiyyənin birləşdirilməsi yolu ilə ölkə ərazisində bələdiyyələrin ümumi sayının 685-ə endirilməsi islahatı, əgər islahat demək mümkünsə, effektiv deyil.
Başqa sözlə desək, əhalisinin və ev təsərrüfatlarının sayının az olduğu bələdiyyələrin mütləq əksəriyyəti kənd bələdiyyələridir. Geniş coğrafi əraziləri əhatə edəcək bu bələdiyyələr iqtisadi və idarəetmə baxımından səmərəli olmayacaq. Əksinə ciddi yeni fəsadların yaranmasına səbəb olacaqdır. Bu istiqamətdə köklü dəyişikliklər və müsbət nəticələr əldə etmək istəyiriksə ölkədə konstitusiya islahatı aparılmalıdır ki, bələdiyyələr gerçək yerli özünüidarəetmə təsisatına çevrilsin. Eynən qardaş Türkiyə Cümhuriyyətində olduğu kimi yerli sosial-iqtisadi məsələlərlə məşğul ola bilsin.
Ümid Partiyasının qarşıdan gələn bələdiyyə seçkilərində iştirak ilə bağlı rəsmi qərarı bu həftə olunacaq. Hər zaman seçkilərdə iştirakdan yana olan Ümid Partiyasının qarşıdan gələn bələdiyyə seçkilərində iştirakla bağlı müsbət qərar verəcəyini düşünürəm.
Şərh yaz