Qadınların siyasətdə rolu və yeri – İLAHƏ SADIQOVA

Günümüzdə qadınlar Azərbaycan vətəndaşlarının 51%-ni təşkil etməklə böyük çoxluğa malikdirlər. Lakin qadın və uşaqlara yönəlik siyasət də digər sahələr kimi ölkə vətəndaşlarının maraqlarına cavab vermir.

İctimai və sosial həyatda qadınların rolu və yeri elə də diqqət çəkmir, zorakılığa qarşı effektli mübarizə aparılmır, cinsi zorakılıq aradan qaldırılmır, dövlət və özəl müəssisələrdə gender bərabərliyinə əməl edilmir.

Demokratik cəmiyyətin effektiv mövcudluğu üçün cəmiyyətin həyatında qadınların bərabər və tam şəkildə iştirakı vacibdir. 2020-ci ildə BMT-nin təşkilatçılığı ilə hazırlanmış və 189 ölkə tərəfindən yekdilliklə qəbul olunmuş Pekin deklarasiyasının qəbul olunmasının 25 ili tamam olur. Deklarasiyanın mahiyyəti qadın haqlarının və imkanlarının genişləndirilməsinə xidmət edilməsindən ibarət idi.

Ölkə idarəçiliyində gender balansının gözlənilməsi müsbət faktor hesab olunur. Bunun nəticəsi olaraq, bir çox ölkələrin sosial-iqtisadi və idarəçilik sahələrindəki siyasəti gender bərabərliyi istiqamətində aparılır. Hazırki mərhələdə 170-dən çox ölkə 1979-cu ilə qəbul edilmiş “Qadınlara qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Konvensiya”ya qoşulub. Bu, qadının cəmiyyətdəki yeri və rolunun dərk edilməsi istiqamətində irəliləyiş deməkdir. Lakin təəssüflə qeyd edə bilərəm ki, hələ heç bir ölkə iqtisadi, siyasi, sosial, mədəni, ailə-məişət sahələrində tam gender bərabərliyinə nail ola bilməyib. Biz də bu ölkələr sırasındayıq.

1918-ci ildə qurulmuş AXC hökuməti Şərqdə ilk dəfə qadına seçki hüququ verməsinə baxmayaraq, tarix boyu Azərbaycan qadınının siyasətə gəlişini şərtləndirən ictimai-siyasi mühit olmayıb. 1920-ci ildən sonra, daha dəqiq desək Sovet hakimiyyəti qurulduqdan sonra, Sovet hakimiyyəti Azərbaycanda yeni qadın obrazı yatarmaqda maraqlı olub. Yaradılan qadın obrazları, qadın tiplərinin siyasətə, hətta sənətə gəlişi belə mental dəyərlərin, düşüncə və təfəkkürün dəyişməsi ilə yox, ayrı-ayrı fərdlərin nümunəsində olub, əmək qəhrəmanları, qəhrəman ana, deputat və s. obrazlar da yaratmağa çalışıblar. Bu məqamı bədii əsərlərimizdəki nümunələrdə də görmüşük: Cəfər Cabbarlı, Mirzə İbrahimov və digərlərinin əsərlərində. Lakin  ümumilikdə Azərbaycan qadını sosiallaşmayıb, ictimailəşməyib, siyasiləşməyib və siyasiləşmədiyinə görə ayrı-ayrı fərdlər cəmiyyət üçün nümunə ola bilməyib.

Eyni zamanda, ənənəvi Şərq təfəkkürünə malik olmağımız və Şərq təfəkkürünün bir hissəsindən ayrılmamağımız təkcə bizim qadınlara münasibətdə, yaxud da qadınların ictimai-siyasi həyata gəlişində özünü göstərmir, həm də bütövlükdə cəmiyyətin həyatında özünü göstərir. Bizim cəmiyyət geyim, xarici görkəm, aksessuarlar, texniki yeniliklər baxımından nə qədər mümkündürsə müasirləşir, amma təəssüf ki, ailədə, idarəetmədə, düşüncə və təfəkkürdə bunun tam əksi, ziddiyyət təşkil edən həyat sürür. Bütün bunların hamısını dəyişməkçün təkcə cəmiyyətdə niyə qadınlar önə çıxsın, niyə gender bərabərliyi təmin olunsun və s. kimi sualları ortaya qoymaq tələb olunmur. Daha çox düşüncələri necə dəyişmək lazımdır, ənənəvi şərq düşüncə və təfəkküründən, bizə ziyan olan ənənəvi mental, bizi müasir dünyayla qaynayıb-qarışmağa qoymayan dəyərlərdən necə imtina etməyin yollarını axtarmalıyıq. Əgər bütün bu yolların hamısını biz doğru-dürüst tapsaq, formulu düzgün müəyyənləşdirsək, təbii ki, gender bərabərliyi haqqında düşünməyə o qədər də ehtiyac qalmaz.

Bu gün cəmiyyət aktual bir məsələ ətrafında daha çox düşünür. İqtidarda, partiyalarda, müxalifətdə cəmiyyətin bir çox yerlərində və s. bərabər kvotalar tətbiq olunsun. Hətta bərabər kvota yaradılsa belə, qadın sosiallaşmasa, biz cəmiyyətdə qadının vəziyyətini dəyişə bilməyəcəyik. Qadının vəziyyətini dəyişə bilməyəcəyiksə, 5-6 nümünənin cəmiyyətə verə biləcəyi töhfə olmayacaq. Cəmiyyətdə qadınların meydana çıxması üçün şərait, normal mühit formalaşdırmalı, daha sonra normal, demokratik seçki mühiti yaradılmalı, yarış olmalıdır. Bu prosesdə iştirak edənlərin neçəsinin qadın və ya kişi olmasının heç bir əhəmiyyəti yoxdur. Hətta düşünürəm ki, qadını xüsusi himayə etmək belə onu aşağılamaqdır. Kvota ümumiyyətlə cəmiyyətin əsaslarına ziddir. Məsələn, bizə deyilir ki, 100 nəfərin içində 5 yer qadın olmalıdır. Təsəvvür edin ki, 5 yerə layiqli namizəd kişi ola-ola ikisini də məcburi kvota doldurmaq xətrinə qadını qoymalıyıq, və ya əskinə. Ona görə də düşüncə və təfəkkürlərdə elə bir bərabərlik yaratmaq, belə bir diskomfort şərtləri yaradan amilləri aradan qaldırmaq lazımdır ki, iştirakçılıq təbii olaraq yaransın. Qadın hiss etməlidir ki, onu qabiliyyətinə, savadına görə işə götürürlər, qadın olduğuna görə yox.

Bəs, siyasi partiyalara qadınları necə cəlb etmək lazımdır? Əvvəla, siyasətdə iştirak edən kişilər, demokratk camiə, demokratik düşüncə sahibləri qadına tamamilə başqa aspektdən yanaşmağı bacarmalıdırlar. Onlar siyasətdə iştirak edən qadınlara qadın anlayışından daha çox bərabərhüquqlu rəqib və ya müttəfiq kimi yanaşmalıdırlar. Bütün siyasi təşkilatlar bu cür yanaşmanı sərgiləməyi bacarsalar, qadınların siyasətdə təmsilçiliyi artacaq.

Hesab edirəm ki, ən böyük vəzifəmiz düşüncə və təfəkkürü dəyişmək, bizi sıxan mental dəyərlədən qurtulmaqdır. Cəmiyyətin 51%-nin proseslərdə iştirakının təmin etmək üçün ölkədə elə bir siyasi xətt sərgiləmək gərəkdir ki, iqtidarın da, müxalif düşərgələrin də bu məsələdə məqsədi – qadınların ictimai, siyasi fəallığının artmasına xidmət etmək olsun. 

İlahə Sadıqova 

Ümid Partiyasının ailə, qadın, uşaq problemləri və gender bərabərliyi məsələləri üzrə sədr müavini

Şərh yaz