Yazıçı olmaq istərdim, amma əfsus ki, yazıçı olmaq üçün yüksək fantaziya və təxəyyülə malik olmaq şərtdir və mənim bu cür istedadımın olmadığına görə fantaziya və xəyaldan xeyli uzaq olan reallıqları yazmağa məcburam…
“Ata, salam. Bu gün sinfimizə təzə sinif nümayəndəsi seçdik” deyə oğlum sevinərək məni salamladı. Bir anlıq şoka düşdüm.
Necə yəni seçdik? 4-cü sinif uşaqları sinif nümayəndəsini necə seçə bilərlər axı?! Sovetlər birliyində doğulmuş, həmin sistemdə təhsil almış, “müəllim yeməz, içməz” kimi fikirlərlə böyümüş bir insan olaraq, içimdə tufan qopdu. Həm sevinirdim, həm də kədərlənirdim, çünki artıq 9-10 yaşlarında uşaqların seçim etməyi öyrənməkləri nə qədər sevindirici olsa da, bu hadisənin Azərbaycanda deyil, AZTV təbirincə desək, pis gündə olan Almaniyada baş verməsi üzücü idi.
Sonradan oğlum mənə hələ ötən il bir qızı sinif nümayəndəsi seçdiklərini və o qızın digər uşaqların gözləntilərini doğrultmadığı üçün bu il yenidən seçki keçirdiklərini və bir oğlanın 3 səs çoxluğu ilə qalib gəldiyini danışanda ağzımı heyrətdən yuma bilmirdim. Nə yalan deyim, hətta paxıllıq da edirdim. Çünki bayaq dediyim kimi məktəbdə sinif nümayəndəsinin 8 martda yaxud müəllimlər günündə müəllimə verdiyi hədiyyənin qiymətinə mütənasib, universitetdə isə tələbənin digər tələbələrdən sessiya vaxtı pul yığma bacarığına görə seçilməsinə alışmış bir beyin bu cür məsələləri qəbul etməkdə çətinlik çəkməklə yanaşı, həm də həsəd aparmaya bilmir.
İndi isə bu hadisədən düz 3 ay öncə Berlin şəhərində şahidi olduğum hadisəni ərz edim və bu hadisələr arasında paralel aparmağı siz oxuculara həvalə edim.
Beləliklə, isti yay günlərinin birində bir alman dostumla görüşüb pivə içib söhbətləşirdik ki, bizdən 10-15 metr aralıda 2 motosiklet arxasında avtomobil dayandı. Gözlərimə inanmadım, bəli, bu, Almaniyanın kansleri Angela Merkel idi. Yanındaki cangüdəni ilə mağazaya girdilər, çox keçmədi, əlində zənbillə mağazadan çıxıb, avtomobilə oturub getdilər. Dostum üçün adi olan bu hal mənim üçün şokedici idi. 85 milyonluq bir ölkənin kansleri axı necə belə sərbəst mağazaya gedə bilir?!
Ümumiyyətlə, axı 85 milyonun içində bir nəfər başıpapaqlı tapılmadı ki, hörmətli xanım Merkel üçün ətdən-yağdan, çörəkdən alıb gətirsin?! Dediyim kimi bu sual məni düz 3 ay düşündür, ta o vaxta kimi ki, oğlum mənə sinif nümayəndəsi seçkilərindən danışanadək.
İndi hər şey yerinə oturdu, çünki uşaqlıqdan onu təmsil edəcək sinif nümayəndəsini seçməyi öyrənən bir uşaq böyüyəndə bələdiyyəsini də, partiyasını da, deputatını da seçə biləcək və elə məhz bu seçimin şəffalığı xanım Merkelə cəmiyyət arasında rahat gəzib-dolaşmaq azadlığını verir. Çünki xalq tərəfindən sevilərək, seçildiyindən əmin olan bir kəs, onu həmin kürsüdə oturdan xalqdan niyə də qorxmalıdır axı?! Bəli, demək, seçki də bir vərdişdir.
Qısası, yazımın yekununda demək istəyirəm ki, əgər gələcəyimizin parlaq olmasını istəyiriksə, uşaqlarımızı seçim etmək azadlığına alışdırmalıyıq. Alışdırmalıyıq ki, o uşaq lap körpə vaxtından öz konfetini, saqqızını, corabını, ayaqqabısını və s. seçməyi öyrənməlidir ki, sonradan sinif nümayəndəsini də, bələdiyyəsini də, hökümətini də seçə bilsin…
Seçkiyə gedin, səsinizi verin, səsinizi verin ki, seçdikləriniz də sizə haqqınızı versin!
Elman Pənahov
Ümid Partiyasının Almaniyadakı fəal üzvü