Yazılarımın birində uşaq pulu haqqında danışmışdım və elə bu yazıdan az keçməmiş, internetdə hörmətli Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin absurd açıqlamasını oxudum.
Əlahəzrət cənab nazir deyir ki, proqnozlara əsasən, 2045-ci ilə qədər əhalinin sayı stabil olaraq, artacaq. Bunun əlavə stimullaşdırılmasına ehtiyac görmürük.
Əfsuslar olsun ki, Sahil Babayev uşaq pulunun hələ də uşaq doğumunun stimullaşdırılması üçün verildiyini düşünür. Bunun belə olmadığını ötən yazılardan birində izah etmişdim, ona görə də bu yazıda təkrarçılığa yol vermək istəmirəm.
Bu gün aparacağım Almaniya-Azərbaycan müqayisəsində uşaq pulu yox, “valideyn pulu” haqqında danışmaq istəyirəm. Bəli bəli, Almaniyada valideynlərə təkcə uşaq pulu deyil, həmçinin də valideyn pulu ödənilir.
“Elterngeld” adlanan və valideynlik pulu kimi tərcümə edilən bu vəsait valideyn olmağa hazırlaşan hər bir ailəyə verilir. Həmin pulun verilməsinin fəlsəfi əsası isə ailələrin iqtisadi mövcudluğunu təmin etmək və valideynlərə ailə ilə karyeranı daha yaxşı uzlaşdırmağa kömək etməkdir.
Bu müavinətin 3 forması var:
Birinci müavinət “baza valideyn pulu”dur – uşaq doğulduğu gündən 14 ayı tamam olana qədər ödənilir. Bu müavinətin ödənilməsində məqsəd valideynlərin daha az işləməsi və daha çox ailəyə vaxt ayırmalarıdır. Çünki ilk 14 ayda həm körpənin valideynə, həm də valideynlərin bir-birinə köməyinə ehtiyacı çox olur. Bu müavinətin məbləği ailənin xərclərindən, valideynin doğuşdan öncəki 12 ayda əldə etdiyi gəlirdən, maaşdan və s. asılı olaraq, fərdi qaydada hesablanır.
Müavinətin minimal məbləği 300, maksimal məbləği 1800 avro təşkil edir. Yəni, burada ailənin bütün kommunal, sosial və ümumilikdə bütün xərcləri nəzərə alınaraq formalaşdırılır ki, bu vəsait vasitəsilə ailə heç bir çətinlik hiss etmədən yaşamını davam etdirir.
İkinci müavinət “valideyn pulu plus” adlanır.
Bu vəsait körpənin 14 ayı tamam olandan sonra ödənilməyə başlanılır. Yəni 14 aydan sonra valideynlərə imkan yaradılır ki, onlar hər ikisi yarımştat işləsinlər (könüllü şəkildə tam ştatda işləyib bu müavinətdən imtina da etmək olar) yaxud biri tam ştatda işləsin, digəri isə heç işləmədən uşağına baxsın. Bu məbləğ “baza valideyn pulu”nun yarısı qədər olur. Onun da müddəti 14 aydır.
Üçüncü müavinət “partnyorluq bonusu“dur.
Bu müavinət ailəsinə daha çox vaxt ayırmaqdan ötəri həftədə 25-30 saatdan çox işləməyən hər bir valideynə 2-4 ay boyunca ödənilir.
Yəni, buradan belə məlum olur ki, nə uşaqlara ödənilən uşaq pulu, nə valideynlərə ödənilən valideyn pulu, nə də hər hansı başqa müavinətin rəhnində heç də uşaq doğumunun stimullaşdırılması dayanmır.
P.S. Sadaladıqlarımı adi insanların bildiyi halda nazirimizin bilməməsini, təhsil nazirimizin təhsildən anlayışsız olmasının, kənd təsərrüfatı nazirimizin arpa ilə buğdanı bir-birindən ayıra bilməməsini nəzərə alaraq təklif edərdim ki, bir kəsi nazir təyin etməzdən öncə işləyəcəyi sahədə kursa, yay məktəbinə, yaxud da heç olmasa, hər hansı treyninqlərə yazsınlar, maarifləndirsinlər.
P.P.S. “Valideyn pulu” müavinətinin “analıq” məzuniyyətində ödənilən müavinət ilə əlaqəsi yoxdur. Analıq müavinəti sadaladıqlarıma aidiyyatı olmadan hər bir anaya heç nədən asılı olmayaraq, ödənilən müavinət növüdür!
Almaniya