İran Azərbaycanın bölgədə güclənə biləcəyindən çox narahatdır – İQBAL AĞAZADƏ

Son zamanlar İranın Azərbaycanla bağlı irəli sürdüyü ittihamlar onu göstərir ki, İran Azərbaycanın regionda getdikcə daha da güclənməsindən ehtiyat edir. Ərazilərimizin işğal altında olduğu müddətdə – 44 günlük Vətən müharibəsi dövründə Ermənistana silah-sursat yardımı etməsi ilə və ən əsası 30 ildir ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımını tanımaması ilə İran tərəfi açıq-aşkar Ermənistanın yanında olduğunu bildirir.

Bu sözləri Bakıvaxtı.az saytına Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

Partiya sədri aşağıdakı sualları cavablandırıb:

Maraqlıdır, İslam Əməkdaşlıq Təşkilatına üzv olan İran İslam Respublikası müsəlman qadınlarının təcavüzə uğradılaraq, hamilə ikən qarınlarında körpələri məhv edilərək öldürülmələrinə, qocalara və uşaqlara işgəncələr edilməsinə göz yumması nə dərəcədə doğrudur?

Azərbaycan bu istiqamətdə hansı addımları atmalıdır?

İqbal Ağazadə Bakıvaxtı.az-a bildirib ki, Azərbaycan dostları və maraqlarını müdafiə edən dövlətlərlə əməkdaşlığını gücləndirməli və öz siyasətini davam etdirməlidir:“

Biz İranın nədən belə etdiyini kifayət qədər yaxşı bilirik. İran dünya azərbaycanlıları məsələsindən qorxur. Ona görə də İran Güney və Quzey Azərbaycanı arasında bir erməni dövlətinin Azərbaycan torpaqlarını işğalı hesabına yaranmasında maraqlı idi. İndi Azərbaycan işğalda olan torpaqlarını azad edib. Bu da Güneydə baş verəcək hadisələrə ciddi təsir göstərir. Buna görə də İran narahatdır. Məhz buna görə də biz siyasətimizi, regionda mövqeyimizi möhkəmləndirməli və daha geniş çevrədə iş aparmalıyıq. İslam Əməkdaşlıq Təşkilatına gəldikdə isə qeyd edə bilərəm ki, Təşkilat İranı üzvlükdən çıxara bilməz. Çünki İranın orda öz tərəfdarları var. Bunu məsələ kimi irəli sürmək bizi çətin vəziyyətdə qoya bilər. Biz bu məsələdə ikitərəfli münasibət sistemində yerimizi və rolumuzu artırmaq barədə düşünməliyik” – deyə, İqbal Ağazadə bildirib.

Nuranə Daxilqızı

Şərh yaz