İqbal Ağazadə Türkiyə səfiri Cahid Bağcıya təbrik mesajı yolladı

Ümid Partiyasının sədri İqbal Ağazadə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcıya Türkiyənin 30 avqust Zəfər Günü münasibətilə təbrik yollayıb.

Təbriki izləyicilərə təqdim edirik:

Qardaş Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcıya

Hörmətli Səfir!

30 avqust qardaş Türkiyə Cümhuriyyətinin tarixinə önəmli gün kimi – Zəfər Bayramı olaraq qızıl hərflərlə yazılıb.

Bu tarix nəinki Türkiyənin, bütün Türk Dünyasının şərəfli günü kimi qeyd edilir.
Bu günü qazanmaq yolunda Türkiyə böyük fədakarlıqlar və qurbanlar verib.

1920-ci ilin avqustunda Birinci Dünya müharibəsindən sonra ağır dönəm yaşayan Osmanlı Türkiyəsi Paris yaxınlığındakı Sevr şəhərində müttəfiq Qərb dövlətləri (Britaniya, Fransa, ABŞ) tərəfindən masaya qoyulan təslimçi sazişə imza atmalı olmuşdu. Həmin sazişə əsasən Osmanlı imperatorluğu 1914-cü ilə qədər olan ərazilərinin dörddə üçünü, o cümlədən indiki Türkiyənin böyük bir hissəsini itirirdi…

Mustafa Kamal Paşanın rəhbərliyi ilə Qurtuluş savaşına qalxan Türk xalqı İstanbuldakı Sultan hakimiyyətinin imzaladığı təslimçi sazişi etirazla qarşıladı, Ankarada toplanan Türkiyə Böyük Millət Məclisi onu təsdiqləməkdən imtina etdi. Türk millətinin və Türkiyə dövlətçiliyinin var olduğunu dünyaya və Qərb müttəfiqlərinə qəbul etdirmək üçün isə hər şeydən öncə hərb meydanında zəfər gərək idi.

1921-ci ildə qalibiyyətlə başa çatan Sakarya savaşı türk ordusunun bu əzmini nümayiş etdirdi. 1922-ci ilin avqustundakı “Böyük Taarruz” (“Böyük Hücum”) zəfərinin təməli də Sakarya savaşında qoyuldu.

30 avqust Zəfər Bayramı naminə 13 min Türk Mehmetçiyi canını qəhrəmancasına fəda etdi…

Cənab Səfir!
30 avqust zəfəri böyük gün olaraq, Türk xalqının və Türkiyənin tarixində yeni bir səhifə açdı. Bu zəfər sayəsində “Sevr sazişi” tarixə gömüldü. Bir il sonra vətən torpağında suverenliyin bərqərar edilməsinin bünövrəsi olaraq, 1923-cü ilin 28 oktyabrında “Efendiler, yarın Cümhuriyyeti ilan edecegiz” deyərək, 29 oktyabrda Mustafa Kamal Paşa Türkiyə Cümhuriyyətini rəsmən elan etdi.

Qürur və şərəflə xatırladaq ki, qəhrəman Türk Mehmetçiyi 1918-ci ildə öz zəfər bayrağını Azərbaycan torpaqlarında da dalğalandıraraq, xalqımızı rus-erməni qoşunlarının həyata keçirdiyi soyqırım aktlarından xilas edib.

Qardaş Türkiyə Cümhuriyyəti onillər keçməsinə baxmayaraq, 102 il sonra yenə də 2020-ci ilin 27 sentyabrında Vətən savaşında yanımızda oldu, dəstəyini Azərbaycandan əsirgəmədi.

1918-ci ildə xalqımızı davamlı faciədən, məhv olmaqdan xilas etmiş Nuru paşa simasında bütün Anadolu Türk Xalqına dərin təşəkkürümüzü bildirir və doğma yurdumuzda şəhid olmuş Türk Mehmetciklərinə Allahdan rəhmət diləyirik!

Cənab Səfir!
Qardaş Türkiyə Cümhuriyyətinin Cumhurbaşqanı sayın Rəcəb Tayyib Ərdoğanı, Sizi və dəyərli Türk xalqını bu müqəddəs Zəfər Bayramı münasibətilə təbrik edir, dostluğumuzun, qardaşlığımızın daimi olmasını diləyirik!

Zəfərlərin bol olsun, Türkiyəmiz!

Şərh yaz

Warning: A non-numeric value encountered in /home/t52984/public_html/umidparty.org/wp-content/themes/Newspaper/includes/wp_booster/td_block.php on line 1009