İqbal Ağazadə Ramazan bayramı münasibətilə xalqı təbrik etdi

60

Hörmətli həmvətənlər, dəyərli soydaşlarımız!

Sizi Müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi çatdırıram.

Oruc tutan bütün müsəlmanların ibadət və dualarının qəbul olunmasını diləyirəm!

İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edir. Müsəlmanlar bu ayda Allah və din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.

Hər şeydən əvvəl bu bayramın millətimizə, bütün dünyaya, insanlığa xeyir, bəşəriyyətə sülh gətirməyini, işğal altında olan torpaqlarımızın azad olunmağını, xalqın azad, demokratik bir cəmiyyətdə xoşbəxt, əmin-amanlıq və firavanlıq içərisində yaşamağını, küskünlüklərin aradan qalxmağını, qardaşlıq və dostluq duyğularının qüvvətlənməyini arzulayıram.

İnanıram ki, bu müqəddəs bayram günlərində etdiyiniz dua və diləklər, saf niyyətlər Tanrı dərgahında qəbul olunacaq, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcək.

Bu əziz gündə bir daha sizi, dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı bayram münasibətilə təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.

Allah oruc və dualarınızı qəbul etsin!

Sevgi və sayğılarla

İqbal Ağazadə

Ümid Partiyasının sədri

 

Şərh yaz