İqbal Ağazadə jurnalistləri təbrik etdi

Əsası Həsən Bəy Zərdabi tərəfindən qoyulan Azərbaycanın milli mətbuatının yaranmasından 146 il ötür. Bu müddət ərzində Azərbaycan mətbuatı çətin bir tarix yaşayıb, ağır sınaqlardan keçib.

Birinci Qarabağ savaşı, 44 günlük Vətən müharibəsi, demokratiya uğrunda mübarizə, keçid dövrü və digər mərhələlərdə, proseslərdə jurnalistlər, mətbuat işçiləri də çətin və şərəfli bir missiya daşıyıblar.

Bütün dövrlərdə jurnalistlər peşə borcunu yerinə yetirərkən dövlətimizin və millətimizin maraqlarını qorumağa çalışıb, ölkədə insan haqlarının qorunması və demokratikləşmə, söz və mətbuat azadlığı uğrunda mübarizədə əvəzsiz rol oynayıb, Azərbaycanın nüfuz və imicinin yüksəldilməsi üçün əllərindən gələni ediblər.

Təəssüflər olsun ki, bu gün Azərbaycan mətbuatı da problemlərdən uzaq deyil, müstəqil reklam bazarı yoxdur, bu səbəbdən azad və müstəqil mətbuat hələ də formalaşmayıb, bu gün də müstəqil jurnalistlərin təqib olunması proseslərinə rast gəlinir. Bütün bunlarla yanaşı fəaliyyətlərinə məhdudiyyət qoyulan saytlar var.

Hesab edirik ki, mətbuatın problemləri dövlət səviyyəsində həll edilməli, Diffamasiya haqqında qanun qəbul olunmalı, azad reklam mühiti yaradılmalı, jurnalistlərin azad fəaliyyəti üçün heç bir məhdudiyyət olmamalıdır.

Ümid Partiyasının sədri İqbal Ağazadə və Rəyasət Heyəti 22 iyul – Milli Mətbuat Günü münasibəti ilə Azərbaycan jurnalistlərini təbrik edir, böyük və yenilməz Azərbaycan uğrunda mübarizədə onlara uğurlar arzulayır.

Şərh yaz