İnkişafın yeganə yolu rəqabətdir – ELMAN PƏNAHOV yazır

Dünən elektrik enerji təchizatçısından məktub almışam. Nə az, nə çox – düz 4 səhifə məktub yazıb, dünya bazarında təbii qazın qiymətlərinin çox yüksək olduğunu, Almaniya Federativ Respublikasında elektrik enerjisinin istehsalında təbii qazdan, daş kömürdən, bərpa olunan enerji mənbələrindən və s. istifadənin hansı faiz nisbətində olmasını diqqətimə çatdıraraq, elektrik enerjisinin tarifinin cari tarifdə saxlaya bilmədiklərini və artıq 2022-ci ilin yanvar ayından elektrik enerjisinin qiymətinin 29,21 sent/kVt.saat-dan 32,84 sent/kVt.saat-a qalxacağını məyusluqla bildirirdilər.

Enerji Təchizatçısı bu qiymət artımının bizim ailə büdcəmizə vuracağı mənfi təsiri anladığını, lakin buna məcbur olduqlarını izah edərək, onları anlayışla qarşılamağımızı xahiş etdilər.
Bir anlıq yuxuda olduğumu düşünərək, oyanmaqdan ötrü özümü çimdiklədim də hətta. Yox, bu yuxu deyildi…

Çünki Azərbaycanda qiymət artıran şəxsin və yaxud şəxslərin vətəndaşa məktub yazmasını, üzrxahlıq etməsini ancaq yuxularımızda görə bilərik desəm, yalan olar, çünki, bu böyüklükdə fantastik hadisə nəinki yuxumuza girə bilər, hətta dahi yazıçı Jül Vern belə fantastik hekayə düşünə bilməzdi.

Bizdə belə məsələlərə çox maraqlı izah olur belə. Məsələn, abonent sayı artdığı üçün qiymət bahalaşıb deyirlər, amma izah edən yoxdur ki, abonent sayının artımı qiymət bahalaşmasına necə gətirib çıxarır?! Çünki normal məntiqlə artan abonent sayı azalan tariflə nəticələnməlidir. Sən demə, məsələ ayrı imiş.

Azəriqaz qazı topdansatışçıdan daha aşağı qiymətə alırmış və məbləğin çatışmayan hissəsini dövlət subsiyalaşdırırmış. Abonent sayının artması isə Azəriqazın topdansatışçıdan daha çox qaz almasına gətirirmiş ki, bu da dövlətin topdansatışçıya ödəməli olduğu subsidiyanın məbləğinin artmasına gətirib çıxarır. Dövlət də bu məbləği əvvəlki səviyyədə saxlamaqçün subsidiyanın məbləğini yerində saxlayır və nəticədə topdansatış qiyməti artmış olur. Artmış qiymətlə də qazı topdansatışçıdan Azəriqaz alır və həmin artımı kompensasiya etmək üçün pərakəndə satış tarifini qaldırır.

Dolayısı ilə tək qaz deyil, elektrik enerjisinin də qiyməti artır, çünki ölkəmizdə elektrik enerjisi istehsalının mütləq əksər hissəsi təbii qaz hesabına başa gəlir.

Xub… Bura qədəri aydındır, amma aydın olmayan dünya bazarında qazın və neftin qiymətinin artması fonunda büdcəyə gələn gəlirlərin artdığını nəzərə alaraq, dövlətin subsidiyasını azaltmasıdır. Axı sonucda ola bilməz ki, neft və qazı idxal edən Almaniyada da neft və qazı ixrac edən Azərbaycanda da kommunal qiymətlər bahalaşsın.

Digər tərəfdən kommunal qiymətlərin bahalaşması ölkədə bütün sferalarda qiymətlərin bahalaşmasına, yəni inflyasiyanın xeyli yüksəlməsinə səbəb olduğu halda Almaniyada ərzaq qiymətlərində yüksəlmə nəzərə çarpmır.

Almaniyada və ümumən bütün Avropada qalxan qaz və elektrik enerjisinin qiyməti çörəyi, əti, yağı 1 sent də olsa belə, qaldırmayıb. Qiyməti qalxan digər məhsullar ki, onlarda da artım çox cüzi həddədir.

Bir maraqlı nüans isə ondan ibarətdir ki, elektrik enerjisinin, təbii və sıxılmış qazın, benzin və dizel yanacağının qiymətinin artmasına görə onlardan dolayı asılı olan məhsulların da qiyməti artdığı halda, benzin və dizel yanacağını birbaşa istehlak edən taksi xidmətlərinin qiyməti nəinki sabit qalır, hətta bəzən azalır da. Bu isə dolayısı ilə sübut edir ki, ölkədə yeganə açıq bazar rəqabətində olan xidmət taksilərdir və onu da sübut edir ki, açıq bazar rəqabəti olan sferalarda xammalın qiymətindən asılı olmayaraq, rəqabət nəticəsində qiymətlər azalmağa doğru meyl edir.

Dəfələrlə dediyimiz bir fikri bir daha təkrar edərək, bildirmək istəyirəm ki, inkişafın yeganə yolu rəqabətdir. Yəni, ölkədə qazı yalnız Azəriqaz, elektrik enerjisini yalnız Azərişıq satdığı sürəcə dünyada enerji daşıyıcılarının birjada qiymətinin artıb-azalmasıından asılı olmayaraq, bizdə yalnız artan tendesiya ilə davam edəcək.

Sonda bir gülməli faktı da səsləndirərək, izninizlə sağollaşıram.

1 fakt: Azərbaycanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti var

Elman Pənahov

Ümid Partiyasının Almaniyadakı fəal üzvü

Şərh yaz