İqbal Ağazadə erməni təxribatı ilə bağlı xalqa səsləndi

33

Ümid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadə Azərbaycanın cəbhə bölgəsindən uzaq olan şəhər və rayonlarının Ermənistan tərəfindən atəşə tutulması və bununla da mülki əhali arasında qorxu yaratmağa cəhd edilməsi ilə bağlı xalqa müraciət edib.

Müraciətdə deyilir:

“Əziz həmvətənlər! Müzəffər ordumuz Ermənistanın uzun illər işğalda saxladığı əraziləri azad etdikcə düşmən azğınlaşır. Mülki əhalini, cəbhə bölgəsindən uzaq şəhər və rayonlarımızı atəşə tutur, ölkədə panika, qorxu mühiti, həyəcan və təlaş yaratmağa çalışır.

Azərbaycan xalqının birlik və bərabərliyi, vahid mövqeyimiz, siyasi və mənəvi bütövlüyümüz düşməni sarsıdır. Bu addımlarıyla düşmən dinc əhali arasında təşviş yaratmaq, haqq işimizi durdurmaq niyyəti güdür.

Hər kəsə səslənirəm!

Vətən müharibəsi aparırıq. Düşmən hiyləgər və qəddardır. Nə hiyləgərlik birliyimizi pozmalı, nə də qəddarlıq bizi qorxutmalıdır. Yersiz həyəcan və təşvişə ehtiyac yoxdur. 

Gəncə, Beyləqan, Bərdə, Şəmkir və digər sərhəddən uzaq ərazilərin raket atəşinə tutulması onun göstəricisidir ki, Ermənistan ordumuzu durdura bilmir, dinc əhalini hədəfə almaqla çarə arayır.

Hamını birliyə, qardaşlığa, vətən qarşısında məsuliyyətli olmağa çağırıram. 

Heç kim həyəcanlanmasın, qorxmasın, möhkəm olsun, birliyimizi qorusun.

Qarabağ Azərbaycandır!”

 

Ümid Partiyasının Mətbuat Xidməti

Şərh yaz