Gənclərimizə “narkoman”, yaşlılarımıza “xuliqan” damğası vururlar – Günel İbadova

424

Tofiq Yaqublu ilə bağlı mövqeyimi əvvəl də bildirmişəm: qondarma məhkəmələrin qondarma hakimləri qondarma qərarlarını ali ədalətə dəyişməyənədək Qarabağa qayıtmaq bizə xəyal olacaq. Bu gün ölkəmizdə haqqı pozulan vətəndaşına sahib çıxmayan xalq torpağını, vətənini necə geri ala bilər?!

Azərbaycan vətəndaşı şərlənib həbs edilə bilməz! Azərbaycan vətəndaşı etmədiyi cinayətə görə, ömrün ən dəyərli neməti – azadlığından məhrum edilə bilməz! Buna kimsənin nə hüququ, nə haqqı var!

Bu sözləri Ümid Partiyasının Ali Məclisinin sədr müavini Günel İbadova Ümid Partiyasının Mətbuat Xidmətinə müsahibəsində deyib.

-Günel xanım, “Tofiq Yaqubluya azadlıq” aksiyasında etirazçı qadınların və onları həbs edən polis qadınların aktivliyini gördük. Bəzən deyirlər ki, qadın siyasətçi ola bilməz. Amma ictimai-siyasi həyatda qadınların ciddi rolunu görürük. Siz bu haqda nə deyə bilərsiniz?

Əvvəlcə bu aksiyanı doğuran səbəblə bağlı danışmaq istərdim. Hazırda bütün ölkə Tofiq Yaqublunun haqsız həbsinin, şərlənərək azadlıqdan məhrum edilməsinin və barəsində ədalətsiz məhkəmə qərarının əsəbini yaşayır. Ümid Partiyası dəfələrlə bu məsələ və digər siyasi məhbusların həbsi ilə bağlı öz sərt mövqeyini sərgiləyib.

Mən də Tofiq bəy ilə bağlı mövqeyimi  bildirmişəm: qondarma məhkəmələrin qondarma hakimləri qondarma qərarlarını ali ədalətə dəyişməyənədək Qarabağa qayıtmaq bizə xəyal olacaq. Bu gün ölkəmizdə haqqı pozulan vətəndaşına sahib çıxmayan xalq torpağını, vətənini necə geri ala bilər?!

Azərbaycan vətəndaşı şərlənib həbs edilə bilməz! Azərbaycan vətəndaşı etmədiyi cinayətə görə, ömrün ən dəyərli neməti – azadlığından məhrum edilə bilməz! Buna kimsənin nə hüququ, nə haqqı var!

Aksiya iştirakçıları arasında qadınlar çoxluq təşkil etməyinə gəlincə… Oradakı video görüntülərdə polis tərəfindən kobudcasına maşınlara mindirilənlər arasında gənc oğlanların olduğu da  görünür. Siyasətlə məşğul olan, haqsızlığa etiraz edən fərd vətəndaşdır, onun hansı cinsə mənsub olmağının fərqi yoxdur. Bu ölkədə dünyaya göz açan hər kəs vətənin taleyinə, xalqın rifahına laqeyd olmamalıdır. Siyasi mənsubiyyəti olmasa belə, Azərbaycanda baş verən proseslərə biganə qalmamalıdır. Buna da gücü yoxdursa və ya enerji, zaman sərf etmək istəmirsə, heç olmasa məşğul olduğu sahədə peşəkar olmağa çalışmalı, qanunlara uyğun fəaliyyət göstərməlidir. Burada cinsi fərqləndirmənin və ayrıca təhlilin tərəfdarı deyiləm. Xalqı o qədər fərqli bölümlərə,  qruplara ayırmağa çalışırlar ki… Bu ayırmaların da səbəbi məlumdur: Yuli Sezarın “parçala, hökmranlıq et” siyasi manerası.

Bu gün ölkəmizdə yaşayan vətəndaşları etnik milli aidiyyatına, dini təriqətinə, peşəsinə, mənsub olduğu siyasi partiyaya, ideoloji təsəvvürünə, yaşına, hətta həyat tərzinə görə belə bir-birilə üz-üzə qoymağa çalışırlar. Olmaz! Biz xalq olaraq, hamılıqla eyni hüquq və azadlıqlara malikik. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində isə kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır, dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir, deyilib. Bu maddələr bizi xalq olmaq müstəvisindən daha ali varlığa – Millət olmağa aparacaq müddəalardır.

-Amma yəqin siz də gördünüz ki, aksiyada xanımlar çoxluq təşkil edirdi. Sizcə bunun səbəbi nə idi?

Aksiyada xanımların çoxluq təşkil etməyinin səbəbi təşəbbüskarlardan biri Tofiq bəyin qızı Nigar Həzinin olmağı, Nigar xanıma dəstək olan qruplar arasında feminist təşkilatların üzvlərinin mövcudluğu da ola bilər.  

Uzun illərdir Nigar xanımın da, dünyasını dəyişən bacısı Nərgiz xanımın da, bu aksiyada iştirak edən digər xanımların da fəaliyyətini izləyirəm. Nərgiz xanımın yas məclisində Yaqublular ailəsinə baş çəkməyə getmişdik. Bu boyda acını çox böyük dəyanətlə yaşadıqlarının şəxsən şahidi olmuşdum. Bu ailənin başına gələnlərə baxmayaraq, bu qədər əzmli olmaları və davamlı mübarizələri təqdirə layiqdir.

Aksiyada iştirak edən xanımlar ölkə taleyinə biganə olmayan, zərif çiyinlərində dövlət yükü gəzdirən məsuliyyətli  fərdlərdir. Onların hər biri gənclərimiz üçün nümunə, yaşlılarımızın fəxridir.

Bu dünyada heç bir əmək, heç bir sərf edilən enerji boşuna itmir, xərclənmir. O xanımların aksiyalarla, Ümid Partiyası olaraq bizim maarifləndirmək, barış və hüquqi yolla mübarizəmiz vəhdətdə bu xalqı uzun illər eyni hakimiyyətin təmsil etməyindən qurtaracaq. Mən buna əminəm. Ona görə ki, partiyamızın sədri İqbal Ağazadə dediyi kimi, hakimiyyətlər yalnız pis olduğu üçün yox, idarəetməyə yenilik gətirmədikləri üçün dəyişilir və dəyişməlidir.

-Tofiq bəyin ittihamı və yalançı şahidləri barədə nə deyə bilərsiniz?

Tofiq bəyə qarşı irəli sürülən ittihamı ilk dəfə oxuyanda ictimai fəalın yol hərəkəti hadisəsi əsnasında hansısa alətlə, yolun ortasında vətəndaşa xəsarət yetirmə ehtimalını irəli sürən hakimiyyətin öz imicinə nə boyda xələl yetirdiyini anlamadığına çox təəccübləndim. Gənc fəallarımıza narkoman, yaşlılarımıza xuliqan damğası vuran bu hakimiyyət bir gün hakimiyyətdən gedəndə özlərinin nə ilə ittiham olunacağını heç düşündülərmi, görəsən?!

Məhkəmə sistemi, ədalət – dövlətin sərvətidir. Onu idarə etmək, yönəltmək, təzyiq etmək, qanunsuzluğa məcbur etmək isə cinayətdir. Bu hakimiyyət ölkənin ali qanunu pozmaqla törədilən cinayətlərin cəmiyyəti hara apardığının fərqindədirmi?!

Bəs o hakimlər?! Bir zaman qanunsuz qərarlarına görə vicdanları və övladları qarşısında cavab verəcəklərini düşünüblərmi?! Onlar kainatın “BUMERANQ” qanunundan qorxmurlarmı?!

Yalançı şahidləri də videoçarxlarda izlədim. Nə deyə bilərəm?! Bədbəxt, məzlum, savadsız kəslərdir. Onları belə bilgisiz və görgüsüz yetişdirən də bu hakimiyyətdir. Təəssüf ki, maddiyat üçün hansı qanunsuzluqlar edənləri, saç yolan, adam sürüyənləri 9 fevralda və ondan əvvəlki seçkilərdə də az görməmişik…

-Bu hakimiyyət öz xoşuyla gedəcək ya..?

Fərqi yoxdur. Düşünürəm ki, yaxın zamanda mövcud iqtidar da gedəcək. Biz Ümid ailəsi olaraq, arzulayır və çağırış edirik ki, ölkədə hakimiyyət dəyişikliyi demokratik seçki nəticəsində həll olunsun. Əks halda, baş verə biləcək hadisələr Azərbaycan xalqına, dövlətinə, elə bu hakimiyyətdə olanların özlərinə də sərf etməyəcək!

Ümid Partiyasının Mətbuat Xidməti

Rəsm Gündüz Ağayevə məxsusdur

 

 

 

 

 

 

 

 

 

 

 

Şərh yaz