Elman Pənahovdan təhsil yaşının aşağı endirilməsi ilə bağlı Emin Əmrullayevə sərt tənqid

“Təhsil yaşı altıdan beşə endirilməlidir” dedi təhsil nazirimiz.
Görəsən cənab nazir həqiqətənmi düşünür ki, 6 yaş təhsilə başlamaq üçün artıq gecdir, yoxsa sadəcə olaraq, bu cür absurd və realizasiya ilə az qala qeyri-mümkün olan fikirlər səsləndirib xalqın təhsil haqqında həlli mümkün olan boşluqlar və çatışmazlıqlar barəsində fikir və tənqidlərini hədəfdən yayındırır?!

Düşünürəm ki, cənab nazirimizin ümumiyyətlə təhsilə baxışı həndəsi terminlə ifadə etsək, “kor bucaq” altındadır.

Görünən bu ki, ölkəmizdə təhsil müəssisələrinin sayının azlığı, Bakı şəhəri üzrə ibtidai siniflərdə 40-45 və bəzən 50 uşağın bir sinifdə təhsil alması Emin bəy Əmrullayevi qətiyyən narahat etmir. Onu narahat edən yeganə məsələ 6 yaşın 5-ə endirilməsidir ki, normal məntiqlə düşünsək, onsuz da məktəb çatışmazlığından əziyyət çəkən ölkəmizdə hər sinifə düşən şagird sayı 45-50-dən 55-60-a qədər yüksələcəkdir ki, bu da öz növbəsində onsuz da son nəfəslərini verən təhsilimizin tabutuna sonuncu mismarı vurmağa bərabər olacaqdır.

Gördüyü işlərə bəraət qazandırmaq üçün inkişaf etmiş Avropa ölkələrini misal gətirmək adətinə malik hökümətimizi bu dəfə də ancaq yerində həmin ənənəyə sadiq qalmağa səsləyərək, Təhsil Nazirliyindən inkişaf etmiş ölkələrdə məktəbə getmək yaşını araşdırmağı da xahiş edirəm. Axı necə olur ki, adətən dünya birliyini və xüsusilə Avropa ölkələrini ikili standartlarda günahlandıran mövcud iqtidarımızın özü bəzi məsələlərdə elə həmin ikili standartı nümayiş etdirir?

Nə isə, siyasi məsələri kənara qoyub təhsil məsələrinə geri dönək. Adətən hər hansı bir dəyişiklik baş verirsə, həmin dəyişikliyi öncədən labüd edən səbəblər meydana çıxır. Məsələn, məni vətəndaş olaraq uzun illərdir düşündürən bir sual var. Görəsən bizim köhnə təhsil sistemimizin problemləri nə idi ki, biz onu yeni kurrikulum siteminə dəyişməyə ehtiyac duyduq?! Həqiqətənmi köhnə sistemimiz doğru-düzgün təhsil verə bilmirdi?! Belə olduğu halda bu gün hakimiyyətdə olan məmurların hamısının həmin “yarıtmaz” sistemdə təhsil almaları paradoksal görünmürmü? Yoxsa təhsil nazirimiz bizə subliminal mesajlar ötürərək, ölkədə olan bütün rüşvətin, korrupsiyanın və digər qanunsuzluqların səbəbini köhnə təhsil sistemində axtarmağı məsləhət görür? Hörmətli nazirimiz demək istəyir ki, narahat olmayın, mənim 5 yaşdan məktəbə qəbul edəcəyim uşaqlar 15 il sonra ölkəni ağ günə çıxaracaqlar, çıxarmasalar əgər, onda da təzə bir sistem tətbiq edib daha 15-20 il gözləyərik?! Nə deyim vallah…

Bu gün dünyanın aparıcı ölkələrindən olan Almaniyada hələ də bizim köhnə təhsil sisteminə analoji sistem tətbiq edilir və nəticə də göz qabağındadır. Çünki Almaniyanın Təhsil Nazirliyi ölkədə təhsil sistemini dəyişdirib qarışıqlıq yaratmaqla deyil, cari sistemi inkişaf etdirərək, mövcud boşluqları aradan qaldıraraq, təhsilin səviyyəsinin yaxılaşdırılması ilə məşğuldur.

Bir sualım da var cənab nazirimizə: Əgər dünyanın inkişaf etmiş ölkəllərində təhsil sistemləri fərqlidirsə, hətta, həmin ölkələrdə şagirdlərə və valideyinlərə yaradılan şərait bizim ölkədə şagird və valideyinlər üçün yaradılmadan o sistemləri tətbiq etmək nə dərəcədə uğurlu nəticə verə bilər?

Suallarımızın çox olmasına baxmayaraq, cavab verənin olmaması da bir ayrı dərddir, amma ümid edirəm ki, bu gün süni nəfəs aparatına qoşulmuş təhsilimiz bir gün bu xəstəliklərdən qurtulacaq və özündə savadsızlığa qarşı immunitet formalaşdıraraq, ölkəmizi yüksək inkişafa doğru aparacaqdır. Əlbəttə ki, əgər Emin bəy Əmrullayev o aparatı söndürməsə…

Hörmətlə, Elman Pənahov
Almaniya

Ümid Partiyasının üzvü

Şərh yaz