Cümhuriyyət dövründə qaçqınlar məsələsi – İLAHƏ SADIQOVA

Ah, Azərbaycan! Biz sənin haqqını  tələb etmək deyil, yalnız adını söyləmək üçün nə qədər məruzələrə rast gəldik, nə qədər töhmətlərə məruz qaldıq!

Azərbaycan muxtariyyəti diyorduq: soldan və sağdan hər növ hücuma məruz qalırdıq.

Biz, Azərbaycan torpaqlarını qızdıran atəşi-müqəddəsi köksümüzdə bəsləmək istiyoruz: bizə Moskvada yanacaq “məşəli” nişan veriyorlardı. Biz elmə, mədəniyyətə öz dilimizin, öz mədəniyyətimizin ruhu, rəngi ilə pərvərdə edilmiş bir millət çıxarmaq istiyoruz: bizə Ərəbistanı göstəriyorlardı.

M.Ə.Rəsulzadə

Dünya idarəetmə sistemində həm dövlət, həm də xalq üçün ən yaxşı idarəetmə sistemlərindən biri də demokratik sistemidir. Demokratiya xalqın azad şəkildə, sərbəst seçim ilə öz hakimiyyətində təmsil olunmasıdır. Burada azadlıq hüququ demokratiya hüququnun tərkibini təşkil edir. Hakimiyyət xalqın azad seçimi ilə yaranmış iradəli tərəf olmaqla, xalqın azadlıq hüququnu müdafiə edən tərəf və mexanizm rolunu da ifadə edir.

Bu məsələlərdən irəli gələn tələbləri müzakirə etmək üçün 1917-ci ilin may ayında Moskvada Rusiya müsəlmanlarının Qurultayı (Syezd) çağırıldı, mayın 1-də isə məclisin rəsmi açılışı baş tutdu.  Rusiya müsəlman ictimaiyyətinin hamısı gözləniləndən 3 dəfə çox, 900 nəfərlə bu məclisə toplandı. Qurultay ərazi muxtariyyəti tərəfdarlarının qalibiyyəti ilə nəticələndi.

Qurultayda ərazi muxtariyyəti ideyası qalib çıxdıqdan sonra əsas iş əhalini Müəssislər Məclisinə seçkilərə və öz milli təşkilatlarına səs verməyə səfərbər etmək idi. Bu ərəfədə bolşeviklər hakimiyyətə gəlir, lakin Müəssisələr Məclisi seçkilərinə qarışmadılar. Seçkilər zamanı Müəssisələr Məclisi qalib gəldi, bolşeviklərin seçkinin nəticəsini tanımaqdan imtina etmək qərarları Müəssisələr Məclisinə Cənubi Qafqazdan seçilmiş deputatları tamamilə bolşeviklərlə əməkdaşlıqdan imtinaya vadar etdi və onlar Tiflisdə Zaqafqaziya Seymini yaratdılar.

1918-ci ilin aprelində isə bu Seym rəsmi şəkildə Rusiya ilə federasiya ideyasından imtina edib, müstəqil Cənubi Qafqaz respublikasının yarandığını bəyan etdi. May ayında isə Cənubi Qafqaz Respublikasının parçalanması üç yeni, o cümlədən Azərbaycan Cümhuriyyətinin elan edilməsi ilə nəticələndi.

İlk Cümhuriyyətin yaradıcılarından biri M.Ə.Rəsulzadə yazırdı: “Azərbaycan Cümhuriyyətinin əsas iradəsi bütün vətəndaşların bərabər hüquqla yaşaması üzərində quruldu. Burada hər bir insanın möhtərəm şəxs, Azərbaycan vətəndaşı olduğu üçün hüququ saxlanılırdı. Xoşbəxt həyatın ancaq hürriyyətlə hasil olacağını Azərbaycan Cümhuriyyəti hökuməti ona izn verilməsini istəmişdi. Burada söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı yüksək dərəcəyə çatmışdı”.

Suveren Azərbaycan Cümhuriyyətinin elan edilməsi mühüm tarixi hadisə idi. Bu, milli dövlətçiliyin dirçəlişi demək idi və Azərbaycan xalqının geniş kütlələrinin öz istiqlaliyyəti və azadlığı uğrunda birləşməsinin əsasını qoydu. Azərbaycanın yerli əhalisi Cümhuriyyət hökumətinin milli mənafeyini müdafiə edən yeganə qanuni hökumət sayırdı.

Dövlətin sosial siyasətini reallaşdırmaq üçün aşağıdakı əsas göstəricilərə nail olunması nəzərdə tutulmuşdu: ümumi daxili məhsulda istehlak fondunun payının artırılması, əhalinin hər nəfərinə görə istehlak fondunun, ümumdaxili məhsulda milli gəlirin və məşğulluq səviyyəsinin artırılması; əmək şəraitinin yaxşılaşdırılması; təhsil, səhiyyə, mənzil və kommunal təminatı səviyyəsinin yüksəldilməsi. Lakin mürəkkəb beynəlxalq və daxili vəziyyət, iqtisadi çətinliklər, yolxucu xəstəliklər, keçmiş İrəvan quberniyası ərazisində ermənilər tərəfindən soyqırımına məruz qalan 150 mindən çox türk-müsəlman əhalinin öz tarixi vətənlərindən didərgin düşüb Cümhuriyyətə pənah gətirməsi, əhalinin çoxluğunu təşkil edən kəndlilərin həyat şəraitini yaxşılaşdırmağın əsas amili olan torpaq məsələsinin həll olunmaması və s. sosial vəziyyəti xeyli çətinləşdirirdi. Azərbaycan Demokratik Respublikası Parlamenti və hökuməti sosial gərginliyi aradan qaldırmaq məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirirdi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaçqınlar məsələsi XX əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı dəfələrlə törətdikləri soyqırımlar nəticəsində yaranmış və beynəlxalq səciyyə daşıyan bir problemdir. Bu problem dövrümüzdə də olduqca aktualdır. Belə ki, hazırda Azərbaycan torpaqları işğaldan azad olunsa da, 27-28 il qaçqınlıq həyatı yaşayan insanların psixoloji durumları və işğaldan olunmuş torpaqlara geri qaytarılması məsələsi gündəmdədir.

XIX əsrin əvvəllərindən başlayaraq, çar Rusiyası tərəfindən Azərbaycana ermənilərin köçürülməsi hadisəsi həyata keçirilirdi. Bu köçürmə nəticəsində ermənilər yerli əhali olan azərbaycanlılara qarşı dəfələrlə kütləvi qırğınlar törətmişlər, onları doğma ev-eşiklərindən didərgin salmışlar.

1918-ci ilin əvvəllərində Zaqafqaziya seyminin buraxılmasından sonra Daşnaksütun partiyası Ermənistanın müstəqilliyini elan edərək öz millətçi ideyasını həyata keçirməyə başladı. Daşnaklar əzəli Azərbaycan torpaqları olan Qarabağ və Naxçıvan ərazilərini ələ keçirmək üçün müxtəlif cəfəng iddialar irəli sürürdülər. Onlar qəzalarda azərbaycanlılara qarşı mübarizəni gücləndirdilər. Həmin mübarizə də ilk növbədə Ermənistanda, öz doğma ata-baba torpaqlarında yaşayan azərbaycanlılara qarşı çevrildi. Onlar kütləvi şəkildə evlərindən çıxarılaraq, didərgin salındılar. Dinc əhaliyə qarşı silah işlədilməsi nəticəsində azərbaycanlılar yaşadığı yerlərindən qaçmağa başladılar. Bu dövrdə yüzminlərlə azərbaycanlı Qərbi Azərbaycan, Naxçıvan, Qarabağ və digər bölgələrdən didərgin salınıblar. 1917-18-ci illərdə təkcə Yeni Bayazid, Üçmüədzin və İrəvan qəzalarından olan qaçqınların sayı 200 minə çatmış, İrəvan quberniyasında azərbaycanlılar yaşayan 211 kənd viran edilmişdir. Ümumiyyətlə, erməni qəddarlığı və təcavüzü nəticəsində 1918-20-ci illərdə İrəvan, Zəngəzur, Şuşa və Şamaxıdan 300 mindən çox azərbaycanlı qaçqın düşmüşdür. 1919-cu il oktyabrın 1-nə kimi Azərbaycanda təkcə İrəvan quberniyasından 5848 ailə, yaxud 30741 nəfər qaçqın var idi.

Azərbaycan Hökumətinin 1918-ci il iyul ayının 15-də keçirilən iclasında xarici işlər naziri M.N.Hacınski erməni separatçılarının Azərbaycanın müxtəlif bölgələrində törətdiyi cinayətkar hərəkətləri barədə məruzə ilə çıxış etmişdi. Məruzədə deyilirdi: “Artıq dörd aydır ki, Azərbaycanın müxtəlif yerlərində dinc Azərbaycan kəndlərində ermənilər görünməmiş vəhşiliklər göstərir, adamların həyatlarını və əmlaklarını məhv edirlər. Buna görə də ümumdövlət mənafelərini və əhalinin zərər çəkmiş qruplarının mənafeyini nəzərə alaraq təklif edirik ki, ayrıca bir təşkilat yaradılsın və onun qarşısında aşağıdakı vəzifələr qoyulsun:

  1. Bütün zorakı hadisələri dəqiq qeydə almaq;
  2. Bu hadisələrin baş verdiyi şəraiti müəyyənləşdirmək;
  3. Müqəssirləri və dəymiş zərərin həcmini müəyyənləşdirmək;

Bu təşkilat Fövqəladə İstintaq Komissiyası xarakteri daşımalı və onun məlumatları əsas Avropa dillərində-rus, fransız, alman və təbii ki, türk dilində yazılmalı və geniş yayılmalı. Əgər hökumət bu təklifə razıdırsa, mən xahiş edirəm ki, bu komissiyanın təşkil edilməsi nazirlərdən birinə tapşırılsın və bu komissiyanın xərcləri üçün müvəqqəti olaraq 50 min manat pul ayrılsın”.

Azərbaycan hökuməti M.N.Hacınskinin məruzəsini dinləyib müvafiq komissiyanın yaradılması haqqında qərar çıxartdı.

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti qaçqınlara kömək etmək üçün dərhal ciddi səylər göstərmiş və bu problemin həlli üçün Xudadat bəy Rəfıbəylinin baççılığı ilə Səhiyyə və Himayədarlıq Nazirliyi yaratdı. Milli Hökumət paytaxtı Bakıya köçürdükdən sonra qaçqınlar məsələsi ilə daha da ciddi məşğul olmağa imkan qazandı. Problemin dərinliyini və ciddiliyini nəzərə alan Hökumət 1918-ci ilin oktyabrında Səhiyyə və Himayədarlıq Nazirliyini iki müstəqil nazirliyə çevirdi. Qaçqınlar problemi ilə Himayədarlıq Nazirliyi məşğul olmağa başladı. Müharibə, hərc-mərclik, xüsusilə 1918-ci ildə güclənən erməni təcavüzü və soyqırımları nəticəsində ölkədə evsiz-eşiksiz qalan, tamamilə müflisləşən və sərgərdan vəziyyətə düşən on minlərlə adam dövlətin onlara göstərdiyi qayğı və yardım vasitəsilə yaşayırdılar. Hökumət onları maddi yardımla, müvəqqəti yaşayış yerləri ilə, həmçinin işlə təmin etmək, yetim və valideynləri tərəfındən atılmış uşaqları xilas etmək məqsədilə daimi idarələr yaratdı.

Qaçqınlar problemi ilə bağlı hökumətin qarşısında bir çox vəzifələr dururdu. Belə ki, hökumət qaçqınları lazımi ərzaq məhsulları ilə təmin edir, təsərrüfatlarının təşkili üçün faizsiz borc verir, əkin üçün toxum, iş heyvanları verir. Eyni zamanda, kimsəsiz uşaqlar üçün uşaq himayə evlərinin açılması, əhalinin yoxsul təbəqəsi üçün müvəqqəti yaşayış yerlərinin, qidalanma məntəqələrinin və ucuz yeməkxanaların, xeyriyyə cəmiyyətlərinin, qidalanma məntəqələrinin təşkili istiqamətində də zəruri tədbirlər həyata keçirdi. Bakıdan kənarda yerləşdirilən qaçqınlara kömək məqsədilə yerli ictimai qüvvələrdən, qaçqın və yerli əhalinin nümayəndələrindən ibarət qaçqın komissiyaları təşkil edilirdi. Bu komissiyalar qaçqınların işə düzəlməsi, yerləşdirilməsi yollarını axtarırdı.

1919-cu ilin ortalarından AXC hökuməti iqtisadi çətinliklər üzündən Bakıdan kənarda yaşayan qaçqınlara maddi yardım göstərə bilmirdi. Əvəzində, əhaliyə ərzaqla yardım göstərilirdi: adambaşına orta hesabla 20-25 funt buğda və arpa, çəltik, sabun, duz, parça, paltar və s.

Qaçqınlarla yanaşı, Şamaxı və Lənkəran qəzalarında daşnak-bolşevik qüvvələrinin, ağ qvardiyaçıların vəhşiliyinə məruz qalaraq müflisləşmiş, qaçqınlar qədər müəyyən köməyə ehtiyacı olan minlərlə insan vardır ki, 1919-cu ilin aprelindən hökumət onlara da məhsul yığımınadək, qaçqınlarla bərabər, ərzaq yardımı edirdi.

1919-cu ildə Şuşa, Cəbrayıl, Cavanşir, Ağdam, Qaryagin (İndiki Füzuli rayonu) və Bərdədə məskunlaşan 20 minədək qaçqına yardım olundu. Nuxa dairəsi və Gəncə qəzasında yerləşdirilən qaçqınlara 2 milyon manata qədər yardım edildi.

1918-ci ilin oktyabr ayında İrəvan quberniyasının Üçmüədzin qəzasından Qazax qəzasına qaçqınların kütləvi axını başladı və 1919-cu il  yanvarın əvvəllərində Zəngəzurda baş verən qırğınlar nəticəsində bu qəzanın dağlıq hissəsinin 40 minədək sakini Qarabağın Cəbrayıl, Şuşa, Cavanşir qəzalarına və respublikanın digər ərazilərinə qaçmağa məcbur oldular. Bu səbəbdən Azərbaycan hökuməti 1919-cu ilin aprel ayında Parlamentə Ermənistan ərazisində yaşayan müsəlman əhalisinə yardım göstərilməsi ilə bağlı qanun layihəsi təqdim etdi. Parlament qanun layihəsinə baxdıqdan sonra vəsait ayrılması ilə bağlı qərar qəbul etdi. Yardım üçün ayrılmış 3 milyon vəsait hesabına  İrəvana 15 vaqon taxıl, buğda və arpa göndərilmiş və əhalinin hər bir nəfərinə 10 funt olmaqla paylanılmışdır, İrəvanda müsəlmanlar üçün müalicəxana, habelə 85 nəfərlik uşaq evi açıldı.

Azərbaycan Hökuməti ilə yanaşı, xalq da qaçqınlara kömək edirdi. 1919-cu ildə Bakı şəhəri və mədən rayonlarında qaçqınlar üçün 308000 manat toplandı.

AXC hökuməti milliyyətindən asılı olmayaraq, bütün qaçqın və didərginlərə kömək edirdi. Belə ki, 1919-cu ildə yardım olaraq Müsəlman qadın xeyriyyə cəmiyyətinə 220 nəfərlik müsəlman uşaq sığınacağı üçün, Erməni Milli şurasına 217 nəfərlik 2 sığınacaq üçün, Rus xeyriyyə cəmiyyətinə 517 nəfərlik sığınacaq əlillər evi üçün, Uşaq evi cəmiyyətinə 80 nəfərlik sığınacaq üçün, 9-cu Sahə Komitəsinə 30 nəfər yaşlı adam üçün, Yəhudi Milli Şurasına ucuz yeməkxana üçün, Yəhudi xeyriyyə cəmiyyətinə qocalar və əmlakı olmayanlar üçün sığınacağa görə 2114501 manat vəsait ayırdı. 1918-ci il mart qırğınları zamanı zərər çəkmiş şəxlərə də birdəfəlik pul yardımları göstərdi. Bunun üçün ayrılan pulların ümumi məbləği 300000 manat təşkil edirdi.

Yardım göstərilməsi ilə bərabər, Hökumət çalışırdı ki, qaçqınları öz doğma yurd-yuvalarına qaytarsın. Bununla bağlı bütün xərcləri də öz üzərinə götürdü. Erməni və rus milli komitələrinin  rəyinə əsasən, 5000 ermənini və 2500 rusu daimi yaşayış yerlərinə yola saldı. Bundan əlavə 4000 müsəlman və 1000 nəfər digər millətlərin nümayəndələri də daimi yaşayış yerlərinə yola salındı.

O dövrdə erməni daşnaqları rus qoşunlarının köməyi ilə Anadoluda, xüsusilə Qarsda, İğdırda və başqa ərazilərdə yerli türk əhalisinin evlərini dağıdıb, on minlərlə günahsız insanı yurd-yuvalarından didərgin salmışdılar. Hökumət bu insanlara da Himayədarlıq Nazirliyi Müsəlman Xeyriyyə cəmiyyətinin vasitəçiliyi ilə Bakıda məskunlaşanlara 7000 nəfərin gündəlik çörəklə təminatını öz üzərinə götürdü. 1919-cu ilin noyabrından 1920-ci il yanvarın 1-dək olan dövrdə buna 562195 manat pul xərcləndi.

Hökumət parlamentdə keçirilən hər bir iclasda qaçqınlar məsələsini gündəmə gətirmiş və onlara xüsusi qayğını əsirgəmədi, lakin parlamentdə müzakirələr zamanı bəzi deputatlar var idi ki, yardımlara heç də birmənalı münasibət bildirmir, göstərilən yardımların formasına etiraz edirdilər. Məsələn,  deputat A.Aşurov hökumətin qaçqınların vəziyyətinin yaxşılaşdırılması istiqamətində uzunmüddətli proqramın olmamasına etiraz edirdi. Parlamentin 14 iyun 1919-cu il tarixli iclasında deputatların əksəriyyəti qaçqınlara maddi yardımdan çox, onların işlə təmin olunmasını düzgün hesab edirdilər. Əlbəttə, deputatların haqlı tərəfləri də var idi. Belə ki, onların bəziləri hökumətdən pulların qaçqınlara necə çatdırılması ilə bağlı izahat istəyir, mənimsəmə hallarının qarşısını almağı tələb edirdilər, bəziləri isə əmək qabiliyyəti olanları işlə təmin etmək lazım olduğunu bildirirdilər. İclasda Suraxanı-Mərdəkan dəmir yolu xəttinin çəkilməsini və qaçqınların orada işlə təmin olunması təklif olundu.

Azərbaycan Hökuməti qaçqınlara təkcə pulla deyil, ərzaqla da kömək edirdilər. Belə ki, 1920-ci il yanvar ayının 5-də parlamentdə qaçqınların 21 milyon manat dəyərində buğda ilə təchiz olunması haqqında qərar qəbul olundu. Ümumiyyətlə, 1919-cu ildə Hökumət əhalinin yoxsul təbəqələrinə kömək üçün 3082000 manat maliyyə yardımı etdi. Eyni zamanda, milli münaqişələr zamanı yetim və kimsəsiz qalmış uşaqların himayəsinə də xüsusi diqqət yetirilirdi. Bu sahədə görülən mühüm işlərdən biri də yerli xeyriyyə cəmiyyətlərinin maliyyə köməyi ilə valideyn himayəsindən məhrum olanlar üçün uşaq evlərinin təşkili, genişləndirilməsi və bu işə daim nəzarət edilməsi idi.

1918-ci ildə Mərkəzi Uşaq Evinin nəzdində yetim uşaqlara kömək etmək üçün xüsusi yardım bürosu yaradılmışdı. Büro üzərinə qoyulan vəzifələrin öhdəsindən təkbaşına gələ bilmədiyi üçün kömək almaq məqsədilə Himayədarlıq Nazirliyinə müraciət etmişdi. Nazirlik uşaq evindəki hər bir uşağa əvvəlcə ayda birdəfəlik 60 manat, sonra isə qaytarılmamaq şərti ilə 120 manat subsidiyaların ödənilməsi yolu ilə kömək ayırmışdı. Büro dağıldıqdan sonra isə nazirlik cəmiyyətlərə himayəyə götürülmüş hər bir uşaq evi üçün adambaşına ayda 200 manat subsidiya ödəyirdi. Bundan əlavə, cəmiyyətin bu və ya digər ehtiyacları üçün əlillər evi, gecəqondular və ucuz yeməkxanaların saxlanmasından ötrü də vəsait ayrılırdı.

O dövrdə qadın cəmiyyəti olan “Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyəti” – valideynlərini itirmiş uşaqlara, yoxsul ailələrə və qaçqınlara yardım etmək məqsədilə yaradılmış qeyri-hökumət xeyriyyəçilik qurumu, fəaliyyət göstərirdi. Cəmiyyət xəstə və yaralı əsgərlərə, yetim və yoxsul uşaqlara yardım göstərir, tez-tez müxtəlif tədbirlər keçirirdi, yoxsul qızlar üçün peşə məktəbi açmışdı. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti məktəbin səmərəli işləməsi üçün cəmiyyətə 30 min manat vəsait ayırmışdı. Məktəb azərbaycanlı qızların savadlanmasında, onlara milli-mənəvi dəyərlərin aşılanmasında, ailədə və cəmiyyətdə öz hüquqlarını anlamasında böyük rol oynadı. 1920-ci il aprel işğalından sonra cəmiyyət fəaliyyətini dayandırdı.

 

İlahə Sadıqova

Ümid Partiyası sədrinin ailə, qadın, uşaq problemləri və gender bərabərliyi məsələləri üzrə müavin,
“Kulturologiya və onun ümumi məsələləri” ixtisası üzrə dissertant

Şərh yaz