Respublikada günəş enerjisinin geniş tətbiqi üçün əlverişli şərait yaradılmalıdır. Bu sahənin inkişafı üçün vacib olan ilkin fundamental iş normativ hüquqi sənədlərin yaradılmasıdır, lakin qüvvədə olan mövcud sənədlər qüsurlu və qeyri-praktik olduğundan bu sahədə durğunluğu aşmaq mümkün deyil – Tahir Cəfərov
Avropa ölkələrindəki kimi Azərbaycanda da istənilən vətəndaş fərdi həyətyanı sahəsində kiçik bir günəş elektrik stansiyası tikib, enerji istehsal edib şəbəkəyə sata bilməməsinin səbəbi ölkədə bürokratik əngəllər və ya inhisarçıların mövcud olmasıdır – Elman Pənahov
-Xoş gördük, Tahir bəy. Energetika sistemi haqqında olan ötən səfərki söhbətimizdə bu sahəyə aid olan bir çox sualları cavablandırdığınız üçün sizə bir daha minnətdarlığımı bildirirəm.
Nə qədər paradoksal səslənsə də, sizin verdiyiniz geniş izahlar oxucularımızda bir çox sualların yaranmasıyla nəticələnib və icazənizlə elə bu suallar ətrafında bugünkü söhbətimizi qurmaq istəyərdim. Hal-hazırda bütün inkişaf etmiş ölkələrin əsas fikir verdiyi məsələ bərpa olunan energetikanın inkişafıdır. Bu sahənin inkişafına sivil ölkələr xeyli vəsait xərcləyirlər və bu gün artıq nəticəsi göz qabağındadır deyə bilərik. Hətta bir xəbəri də deyim ki, Almaniyada yeni qaydalara əsasən 01.01.2022-ci il tarixindən bütün yeni tikilən qeyri-yaşayış binalarında, 01.05.2022-ci tarixindən bütün yeni tikilən yaşayış binalarında, 01.01.2023-cü il tarixindən isə dam örtüyünü təmir edilən bütün yaşayış binalarında günəş elektrik stansiyalarının quraşdırılması məcburidir.
Bəs bizdə bu sahədə vəziyyət necədir? İstənilən vətəndaşın fərdi həyətyanı sahəsində kiçik bir günəş elektrik stansiyası tikməsi, enerji istehsal edib şəbəkəyə satması mümkündürmü, yoxsa burda da hansısa bürokratik əngəllər yaxud inhisarçılar mövcuddur?
-Xoş gördük, Elman bəy. Yaxşı olar ki, bugünkü söhbətimizi Qarabağın azad edilməsindən sonra dövlətimizin energetika strategiyasında “Yaşıl enerji”yə verdiyi önəmə diqqət yetirək. Bildiyimiz kimi bərpa olunan enerjidən istifadəni 2004-cü ildə bu sahədə yaradılan komissiya ilə dövlət gündəmə gətirmiş və 2009-cu ildə Dövlət Agentliyi yaradılmışdı. Dövlət tərəfindən bərpa olunan enerjinin ölkədə geniş tətbiqinə təşkilati və maddi cəhətdən yaxşı şərait yaradılmışdı. Lakin bu sahənin inkişafı gözlənilən səviyyədə olmadı, yəni bu gün günəş və küləkdən istifadə əhali arasında demək olar ki, maraq yaratmadı.
-Səbəbi nə idi?
-Elman bəy, sən özün bir neçə il bizdə günəş və külək elektrik stansiyalarında çalışmısan, indi də Almaniyada bu sahə üzrə ali təhsil alıb, orada mühəndis kimi fəaliyyət göstərirsən. Verdiyin sualın cavabını geniş oxucu kütləsinə problemsiz çatdırmaq üçün əks sual verim, bəs sizdə bərpa olunan enerji sahəsində vəziyyət necədir?
-Elə isə icazə verin, mövcud vəziyyəti konkret nümunə üzərindən təsvir edim. Hal-hazırda çalışdığım şirkət günəş elektrik stansiyalarının, əsasən də qeyd etdiyiniz kimi əhalidə, yəni fərdi evlərdə stansiyaların quraşdırılması ilə məşğuldur. Reallığı daha aydın təsvir etmək üçün 1 il qabaq fərdi evdə quraşdırdığımız 5 kilovatt (kVt) gücündə bir stansiyanı araşdıraq.Ə saslı vəsait (Kapital qoyuluşu) xərcləri – 11464 avro, o cümlədən:
Stansiya – 8 477 avro
Akkumulyatorlar – 2 987 avro
İllik enerji istehsalı – 5 300 kVt.s
İllik fərdi evdə istehlak – 2 500 kVt.s
Elektrik enerjisinin şəbəkədən alış qiyməti – 0,32 Avro
Elektrik enerjisinin şəbəkəyə satış qiyməti – 0,12 Avro
Beləliklə, ev sahibi günəş qurğuları vasitəsi ilə il ərzində 5300 kVt.saat elektrik enerji istehsal edərək, onun 2500 kVt.s-nı özü istehlak edir. Qalan hissəsini ortalama 0.12 avro tariflə şəbəkəyə satır. Xırda riyazi hesablama aparsaq, görərik ki, abonent il ərzində özü istehsal etdiyi elektrik enerjisi hesabına 2500×0,32+2800×0.12= 1136 avro gəlir əldə edir. Özünüödəmə müddətini kobud formada hesablamaq üçün günəş qurğusunu quraşdırma xərclərini, yəni 11464 avronu illik qazanca, yəni 1136 avroya bölsək, təxminən 10 il alınar.
Quraşdırılan avadanlığın işləmə müddəti ortalama 25-30 il qəbul edildiyini nəzərə alsaq, abonent 10 ilə öz sərmayesini geri alır və növbəti 20 il ərzində isə pulsuz elektrik enerjisindən faydalanmaqla yanaşı, gələcəkdə qazın qiymətinin qalxmasından enerji tariflərinin də yüksələcəyini nəzərə alarsaq, ödədiyi məbləğdən 2-3 dəfədən daha artıq qazanc əldə edəcəkdir. Bir şeyi deməyi unutdum ki, yuxarıda qeyd etdiyim avadanlığın alınması və quraşdırılması xərcləri nağd deyil, 10 illik arenda müqaviləsi əsasında olan qiymətidir. Yəni qiymət nağd alışda 11464 avro deyil, təxminən 8000-8500 avro təşkil edir. Bilirəm soruşacaqsınız ki, arenda müqaviləsi necə və hansı şərtlərlə bağlanır? Müştəri bizim şirkətə müraciət edir və biz layihə hazırlayıb, smeta çıxarıb öz qazancımızı da üzərinə gəlməklə müştəriyə konkret aylıq ödəniş təklif edirik. Məsələn, konkret bu layihə üçün aylıq arenda qiyməti 95 avrodur. Bundan sonra müştəri ilə 5 illik arenda müqaviləsi bağlayırıq, 5 ilin tamamında müştəri ya imtina edə bilər, ya da daha 5 ilə uzada bilər. Uzadıldığı halda növbəti 5 ilin, yəni ümumi 10 ilin sonunda müştəri simvolik olaraq, 1 avro bizim şirkətə ödəməklə bütün avadanlıqlara sahiblənə bilir. Əslində bu cür müqavilə müştəriyə də sərf edir, çünki ayda 65-70 avro işıq pulu ödəmək əvəzində 95 avro stabil bizim şirkətə pul ödəyir. İllik 1136 avronu da 12 aya bölsək, elə təxminən 95 avro edir. Dolayısı ilə müştəri bizə ödədiyi pulu istehsal etdiyi enerjinin satışından əldə edir və itirəcəyi heç nəyi olmur. Digər tərəfdən dünya bazarında qazın bahalaşması, birjalarda qiymətlərin necə olmasından asılı olmayaraq, stabil 95 avro ödəmək daha sərfəlidir. Hələ indiki vəziyyətdə, Ukrayna-Rusiya müharibəsi fonunda qaz qiymətlərinin Avropada “kəlləçarxa” qalxmasını nəzərə alsaq, şəxsi günəş stansiyaları olan insanlar bu durumdan daha ağrısız çıxırlar. Buyurun, Tahir müəllim, qayıdaq, Azərbaycanımıza. Necə edək ki, əcnəbi balonlarda seyrə çıxanda, biz də heç olmasa avtomobil minə bilək?
-Elman bəy çox sağ ol ki, mənim işimi xeyli yüngülləşdirdin. İcazənlə, bu layihənin dövlətə faydalığı ilə əlaqədar bəzi əlavələr edim. Almaniyada aparılan işlərin vətəndaşlar üçün cəzbediciliyi onların heç bir vəsait xərcləmədən bu layihələrdən maddi faydalanması, dövlətin isə bir tərəfdən istehsal edilən enerjini vətəndaşdan 0, 12 avroya alıb, 0,32 avroya satması, yəni hər kVt.saatdan 0,2 avro vəsait əldə etməsi, digər tərəfdən isə hər kVt.saat elektrik enerji istehsalına sərf edəcəyi 0,25 kub metr təbii qaza qənaət etməsidir. Əgər təbii qazın 1000 kub metrinin Avropada ən azı 1000 avrodan çox olduğunu nəzərə alsaq, hər kVt.saat elektrik enerji istehsalında 0,2 avroya, ümumilikdə isə dövlətin bu layihənin icrasından əldə etdiyi vəsait hər kVt.saat üçün 0,40 avrodur. Bu xərclərə atmosferə atılan qazların kvota tarifini, elektrik stansiyalarındakı istehsal, elektrik şəbəkələrindəki itki və xidmət xərclərini də daxil etsək və nəzərə alsaq ki, Almaniya kimi ölkələrdə bu tip ev layihələrində 15 mln. abonent iştirak edərək, 80 mlrd. KVt saat elektrik enerjisi istehsal edilir, onda layihənin faydası, hər il dövlətə 50 mlrd. avro qənaət etməyə imkan verir.
İndi bu məsələnin güzgü əksini bizdə yaradaq, yəni fərqli cəhətləri göstərək. Almaniyda ev üçün quraşdırılan günəş qurğusunun dəyəri deyildiyi kimi, 11464 avro, yəni 21800 manatdır. Bütün “ucuzlaşmaları” nəzərə alsaq, deyək ki, bu qurğu bizə 18000 manata başa gəldi. Almaniyadan fərqli olaraq, bizdə günəş boldur (+ 30%) və istehsal da 5300yox, 7 500 kVt.saat olacaqdır.
Günəş qurğuları üçün “naməlum metodika” əsasında müəyyən edilmiş mövcud tarifə əsasən (0,057man./kVtsaat) illik gəlir 7500 kVtsaat x 0,057man./kVtsaat = 427,5manat edər. Qoyulan vəsaitin geri qaytarılma müddəti 18000/427,5 = 42,1 il edər ki, yəqin ki, belə biznesə kimsə sərmayə yatırmaz.
Səbəb – respublikada günəş enerjisinin geniş tətbiqi üçün əlverişli şəraitin yaradılmamasıdır. Yəni investorları cəlb edəcək nə hüquqi, nə iqtisadi, nə də texniki normativ sənədlər yaradılıb. Bu sahənin inkişafı üçün vacib olan ilkin fundamental normativ hüquqi iş sənədlərin yaradılmasıdır, lakin qüvvədə olan mövcud sənədlər qüsurlu və qeyri-praktik olduğundan bu sahədə durğunluğu aşmaq mümkün deyil. Aydındır ki, hər bir hüquqi və texniki normativ sənədin texniki-iqtisadi əsaslanması olmalıdır, əks təqdirdə normativ sənəd praktiki tətbiq üçün faydasızdır, xüsusən son vaxtlarda bu sahə üzrə tərtib edilmiş hüquqi normativ sənədlərə diqqət yetirsək, bunu aydın görərik.
İlk növbədə, ölkədə sahə üzrə siyasəti həyata keçirən dövlət orqanı tariflərdən başlamalıdır, yəni tarif siyasətinə uyğun müvafiq metodika əsasında günəş, külək, su və bioenerji üzrə tariflər hesablanmalı və bu optimal tariflər sahəyə qoyulacaq vəsaitlərin bir neçə ildən sonra geri qaytarılmasını təmin etməlidir.
İkinci kredit və gömrük məsələləri (qismən var) öz həllini tapmalı, lazımi avadanlıqların rəqabət şəraitində istehsalı təmin edilməlidir.
Əslində dövlət üçün günəş enerjisindən istehsal edilən elektrik enerjisi ənənəvi istilik stansiyalarında istehsaldan daha ucuz başa gəlir. Belə ki, təbii qazın 1000 kub metrinin ixrac qiyməti 300 dollar hesabı ilə hər kVt.saat elektrik enerjisinə 12,75 qəp. vəsait xərclənmış olur. Halbuki günəş stansiyasında bu xərc yoxdur və əlavə istismar xərcləri də günəşdə dəfələrcə istilik stansiyalarından aşağıdır (istismar müddəti isə təmirsiz 25-30 ildir). Deməli, energetika sisteminə qoyulacaq investisiyaların ağırlıq mərkəzi günəş, külək və su elektrik stansiyalarına istiqamətlənməlidir. Bu gün energetika sahəsinin “Yaşıl enerji” strategiyasına transformasiyası, gələcəkdə ölkəyə böyük dividendlər gətirə bilər. Belə ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionu üçün yeni strategiya Cəbrayılda 240 MVt günəş, Kəlbəcərdə 100 MVt külək stansiyaların quraşdırılması, 80 MVt-a yaxın KSES-lərin (kiçik su elektrik stansiyaları) bərpası və 140 MVt Xudafərin, Qız Qalası SES-lərində quraşdırma işlərinin başa çatdırılması regionun və ölkənin enerji təchizatının “Yaşıl enerji” mənbələri hesabına təmin etməyə imkan verəcəkdir. Abşeron regionunda da 240 MVt gücündə günəş və 240 MVt gücündə külək stansiyalarının quraşdırılması ekoloji təmiz enerji hesabına elektrik enerjisinin ixrac potensialını artırmaqla yanaşı, energetikaya sərf edilən 5,6mlrd. kub metr təbii qazın qənaət edilmiş hissəsinin ixraca yönəldilməsi ölkə üçün əlavə gəlir mənbəyidir.
Elektrik stansiyalarında karbohidrogen yanacağına qənaət edilməsi hesabına atmosferə atılan milyon tonlarla karbon dioksidinin qarşısı alınmaqla, ölkənin ekolji sağlamlaşma prosesinə güclü təkan veriləcəkdir. Bununla beynəlxalq konvensiyalara uyğun atqılar kvotasının icrası da sürətləndirilmiş olacaqdır.
Beləliklə, ölkənin artan enerji tələbatının nəinki “yaşıl enerji” hesabına ödənilməsi, həm də yaradılan bu izafi elektrik güclərinin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan üzərindən qardaş Türkiyəyə Cumhuriyyətinə ötürülməsi də mümkün olacaqdır.
-Tahir bəy, keçən söhbətimizdə “hardan başlayaq?” sualına “başlamaq mənim üçün gecdir, lakin haradan başlamağın yerini deyə bilərəm” kimi cavab vermişdiniz. Təklif edirəm, elə bugünkü söhbətimizin bir hissəsini də “hardan başlayaq” sualının cavablandırılmasına həsr edək. Energetika sistemində islahatların vacibliyini vurğulamışdınız. Mümkünsə, bu barədə bir az daha geniş izah verərərdiniz.
-Azərbaycan energetikasının bugünki durumunda “Yaşıl enerji” strategiyasının özü artıq yeni başlanğıcdan xəbər verir, o cümlədən səninlə qeyd etdiyimiz fərdi və yaşayış evlərində günəş qurğularınin quraşdırılması bu strategiyanın əhəmiyyətli tərkib hissəsi ola bilər. Lakin inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, energetikada əsaslı dəyişiklər yalnız islahatlardan keçir və açıq bazara keçid elektrik enerji qiymətlərinin 25-50 %, itkilərin 20-40 %, elektrik stansiyalarında ehtiyat güclərin isə 10-15 % azaldılmasına səbəb olur.
Ümumiyyətlə ötən əsrin 90-cı illərinədək energetika sistemində şaquli inteqrasiya olunmuş idarəçilik sistemi tətbiq edilirdi, lakin sonradan bir sıra dövlətlər elektroenergetikada rəqabəti gücləndirmək məqsədilə energetika şirkətlərində şaquli inteqrasiyanı üfüqi inteqrasiya (ötürücü sistem) ilə əvəz edib. Rəqabət qabiliyyətli elektrik enerji istehsalı və satışı sahələri, təbii inhisarçı sahələrdən – ötürürmə və paylama sahələrindən ayırılıb.
Beləliklə, elektroenergetikada idarəçilik prinsipi 4 model əsasında qurulur:
Bütün səviyyələrdə inhisarçılıq;
“Vahid alıcı”;
Topdansatış bazarında rəqabət;
Pərakəndə satış bazarında rəqabət.
Birinci modeldə elektrik enerjisi istehsalçıları öz aralarında rəqabət aparmır və kiminsə enerji istehsalçısını seçmək hüququ yoxdur. Elektrik enerjisinin istehsalı, ötürülməsi və sonuncu istehsalçıya çatdırılması yalnız bir inhisarçı şirkət tərəfindən həyata keçirilir.
İkinci modeldə istehsalçılar arasında rəqabət yaradılmaqla məhsulun alınması yalnız bir alıcı agentlik tərəfindən həyata keçirilir. Bu “vahid alıcı“ ötürücü sistem üzərində və eyni zamanda elektrik enerjisinin tələbatçılara və ya paylayıcı kampaniyalara satışı üzrə inhisarçıdır.
Üçüncü modeldə pərakəndə satışla məşğul olan paylayıcı kampaniyalar elektrik enerjisini birbaşa istehsalçıdan almaqla ötürücü sistem vasitəsilə onu tələbatçıya çatdırır. Lakin paylayıcı kampaniyalar sonuncu tələbatçını elektrik enerjisi ilə təchiz etməkdə hələ də inhisarçı mövqedə qalırlar.
Dördüncü modeldə bütün tələbatçılara öz enerji təchizatçısını seçmək hüququ verilir. Onlar üçün həm ötürücü, həm də paylayıcı şəbəkə açıqdır. Son dövrlərdə bir sıra ölkələrin elektroenergetika sistemində köklü dəyişikliklər zamanı xüsusən 3-cü və ya 4-cü modeller tətbiq edilib.
-Tahir bəy, mən də sözünüzə qüvvət olaraq əlavə edə bilərəm ki, hal-hazırda Almaniyada energetika sistemində dördüncü model tətbiq edilir. Yəni burda hər bir vətəndaş çox rahatlıqla istədiyi enerji təchizatı müəssissəsi ilə müqavilə bağlaya bilər. Yaranan bazar rəqabətinin nəticəsində enerji qiymətləri ən pis halda bahalaşmır, yaxşı halda isə ucuzlaşma baş verir. Bildiyiniz kimi Almaniyada elektrik enerijisinə görə hesablaşma dövrü Azərbaycandakı kimi 30 gün deyil, 1 ildir. Öz şəxsi təcrübəmdən deyə bilərəm ki, hər ilin yanvar ayı ərzində telefonuma ən çox zəng müxtəlif enerji təchizatçılarından gəlir. Bəziləri daha ucuz qiymət təklif edirlər, bəziləri eyni tarifi təklif etsələr də ilin sonunda televizor, telefon, ütü və s. bu kimi məişət avadanlıqları hədiyyə edirlər. Ölkəmizdə isə bu cür halların baş verməsi nəinki mümkün deyil, hətta ildən ilə qiymətlərin qalxması nəticəsində – Azərbaycanda 2006-cı ildən 2022-ci ilə qədər 2 qəpikdən 13qəpiyə qədər, yəni 6,5 dəfə bahalaşma olub. Almaniyada isə 2000-ci ildən 2022-ci ilə qədər 13.4 sentdən 32 sentə qədər, yəni təxminən 2.4 dəfə bahalaşma olub – vətəndaşlarımız evlərində olan məişət avadanlıqlarını belə maksimum qənaətlə işlətməyə macbur olurlar.
Maraqlı söhbətə görə bir daha minnətdarlığımı bildirirəm, Tahir bəy, lakin oxucuların sualları cavabsız qalmasın deyə razılığınız olarsa, Azərbaycan Energetika Sisteminin texniki, iqtisadi, yeni texnologiyalar və maraq doğuracaq məsələlər ətrafında silsilə müsahibələr keçirərdik, necə baxırsınız?
-Əgər oxucular maraq göstərərlərsə, onlara yararlı olmaq bizim borcumuzdur. Sənə də işlərində müvəffəqiyyətlər arzulayıram, Elman.
Hörmətli oxucular, sonda bugünkü müsahibəmizi məşhur alim Nikola Teslanın 1893-cü ildə elektrik haqqında dediyi fikirlə bitirmək istərdik:
“Elektrik”in nə olduğunu dəqiq öyrənəcəyimiz gün bəşər tarixinə müqayisə olunmayacaq əlamətdar bir hadisə kimi daxil olacaqdır. Elə bir gün gələcək ki, insanın rahatlığı və gələcək müqəddəratı bu ecazkar hadisədən asılı olacaqdır…
Ümid Partiyasının Almaniyada yaşayan fəalı Elman Pənahovun Energetika Nazirliyinin “Energetika” şöbəsinin sabiq müdiri Tahir Cəfərovla müsahibəsi