Bu, bazarda meyvə satmaq deyil ki, piştaxta verməyələr – İQBAL AĞAZADƏ

İqbal Ağazadə “Siyasi Partiyalar Haqqında” yeni Qanun layihəsi ilə bağlı öz sosial hesabı vasitəsilə sərt mövqe sərgiləyib. Həmin mövqeni izləyicilərə təqdim edirik:

“Hesab edirəm ki, “Siyasi Partiyalar Haqqında” yeni Qanun layihəsinin çətin və cəmiyyət üçün, o cümlədən siyasi institutlar üçün qəbul olunmayan bir sıra tərəfləri var.

Əvvəla, “…siyasi partiyalar qeydiyyata alınmırsa, fəaliyyət göstərə bilməzlər…” anlayışı düzgün deyil. Bu, bazarda meyvə satmaq deyil ki, piştaxta verməyələr, və yaxud da onların hər hansısa bir şəkildə fəaliyyətinə qadağa qoyalar.

Biri söz danışacaq, mövqe ifadə edəcək və deyəcək ki, mən siyasi partiyayam. Bunu deyən “mən siyasi partiyayam” dediyinə görə cinayət məsuliyyətinə cəlb olunmayacaq və yaxud da hər hansı bir inzibati qaydada tənbeh tədbirinə məruz qalmayacaq. Bu, ümumiyyətlə, konstitusiyada təsbit olunmuş birləşmək hüququnun fəlsəfəsinə ziddir. Nə edəcəklər? Hesab edirəm ki, bu yanaşma doğru yanaşma deyil və qadağalar ümumiyyətlə dünyada normal hal hesab olunmur.

Siyasi partiyanın iki seçkidə iştirakı ilə bağlı:

Siyasi partiyaların seçkiləri boykot etmək hüququ var. Seçkilərdə iştirak hüququnu da, boykot hüququnu da partiya seçir. Hansı anda, hansı dövrdə seçkilərdə iştirak etməyi məqbul hesab edəcəksə, o zaman edəcək. Bunu inzibati qaydalarla və yaxud da məhdudiyyətlərlə kimsə siyasi partiyaya diktə edə bilməz.

Siyasi partiya özünün gücünü və imkanlarını bilir, qiymətləndirir, qələbə qazanacağını bildiyi vaxt seçkidə iştirakla bağlı qərar verir. Digər hallarda fərqli fəaliyyət növləri ilə məşğul ola, insanları ətrafına toplaya, sıralarını genişləndirə və yaxud da maarifləndirmə işi ilə məşğul ola bilər. Siyasi partiyaların vəzifəsi təkcə seçkilərdə iştirak və ya hakimiyyətə gəlmək deyil.

On min partiyanın üzvü olması məsələsinə gəlincə…

Əvvəla partiyaların qeydiyyatı məsələsi sadələşdirilməlidir, nəinki mürəkkəbləşdirilməlidir. On min üzvlə siyasi partiya qeydə alınırsa, istər prezident seçkilərində 45 min, istər parlament seçkilərində 450, istərsə də bələdiyyə seçkilərində 25, 50, 100 imza toplanılması ilə bağlı təkliflər indidən gündəmdən çıxarılmalıdır.

Partiyaların proseslərdə iştirakını təmin etmək üçün hakimiyyət daha yüngül şərtlər təklif etməlidir və siyasi partiyaların cəmiyyətdəki yerini və rolunu demokratik seçkilər müəyyən etməlidir. İnzibati üsullarla və siyasi partiyaların cəmiyyətdəki yerini və rolunu müəyyən etmək mümkün olmayacaq, bu da əlavə problemlər yaradacaq. Ona görə də hesab edirəm ki, mövcud dəyişikliklər Azərbaycanın getmək istədiyi və məlum kursla ziddiyyət təşkil edir və bu, siyasi partiyaların cəmiyyətdəki siyasi rolunu azaldır.

Öncəliklə qeyd edim ki, Ümid Partiyasının nə seçkilərlə bağlı, nə də on min partiya üzvü ilə bağlı heç bir problemi yoxdur. 68 rayon təşkilatımız, 57 mindən yuxarı üzvümüz var və təsisçilərimiz də 20 ildən yuxarı Azərbaycanda yaşayır və heç vaxt başqa ölkənin vətəndaşı olmayıblar.

Məsələ bizə aid deyil, məsələ ümumilikdə sistemin və siyasi partiyalar haqqında qanunun özünə aiddir.

Siyasi partiyaların iki dəfədən artıq seçkidə iştirak etməməklə bağlı qeydiyyatının ləğv olunacağı absurd bir qərardır. Çünki yuxarıda da qeyd etdiyim kimi seçkilərdə iştirak qərarını siyasi partiyalar özləri qəbul edirlər və optimal, məqbul bildiyi vaxtlarda seçkilərdə iştirak edirlər. Siyasi partiyalar hansı seçkilərdə qələbə qazanacaqlarını və hansı yeri tutacaqlarını o cümlədən boykot və iştirak qərarı onların ayrı-ayrı strukturlarına aid bir məsələdir. Hər hansı bir inzibatı üsullarla və yaxud da onun qeydiyyatının ləğv olunması təhdidi ilə siyasi partiyaların seçkilərdə iştiraka məcbur etmək olmaz. Bu, qanuna, Konstitusiyaya – Konstitusiyanın “Birləşmək” hüququ ilə bağlı maddəsinə ziddir.

Siyasi partiyalar haqqında qanuna dəyişikliklər təklif olunan formada qəbul ediləcəksə, bu, geriyə doğru addımdır və Azərbaycanın üzvü olduğu, həm də tərəfdaşlıq, əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlarla ciddi problemlər yaradacaq. Bura ATƏT- in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, o cümlədən Venesiya Komissiyası daxildir.”

Şərh yaz

Warning: A non-numeric value encountered in /home/t52984/public_html/umidparty.org/wp-content/themes/Newspaper/includes/wp_booster/td_block.php on line 1009