Alınmayan keşiş planı: Paşinyanın yarımçıq müqavilə israrı – TAMİLLA QULAMİ ilə MÜSAHİBƏ

“Ermənistanın şərti sərhəddə atəşkəsi pozmasının arxasında Rusiya dayanır”.

Bunu Azərbaycan Ümid Partiyasının sədr müavini Tamilla Qulami “Cebheinfo.az”-a müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

– Tamilla xanım, Ermənistanın Baş naziri Nikol Paşinyan hər dəfə sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif tarixlər verir. Son olaraq da COP29-a kimi Azərbaycanla sülh müqaviləsi imzalana biləcəyini deyib. Lakin Paşinyan hər dəfə sülh müqaviləsi ilə bağlı açıqlama verdikdən qısa müddət sonra təxribatlar olur. Bu dəfə bənzər prosesin yaşandığını, atəşkəsin pozulduğunu gördük. Buna səbəb nədir?

– Paşinyanın sülh müqaviləsi istiqamətində verdiyi bəyanatlara zidd olaraq, şərti sərhədlərdə atəşkəs pozulur. Bu isə məntiq etibarilə o deməkdir ki, Ermənistanın daxilində ikitirəlik var və Rusiya İrəvandan hələ də əlini çəkməyib. Yəni, atəşkəsin pozulması Paşinyanın öz sözünə qarşı çıxması deməkdir. Ona görə də Paşinyan hakimiyyətinin atəşkəsin pozulmasında maraqlı olmadığını düşünürəm.

Hesab edirəm ki, atəşkəsin pozulmasının arxasında Rusiya dayanır. Çünki Ermənistanla Azərbaycan arasında davam edən sülh danışıqlarında irəliləyiş olan kimi atəşkəs pozulur. Rusiya tərəfi isə bu təxribatların baş verməsində çox maraqlıdır. Nəzərə almaq lazımdır ki, Ermənistan ordusunda hələ də Rusiyaya bağlı adamlar var.

– Bəs təxribatlar davam edəcəkmi?

– Rusiya Cənubi Qafqazda olduğu müddətdə təxribatların olması qaçılmazdır. Üstəlik, Ermənistan bu gün Rusiyadan asılı vəziyyətdədir. Bu ölkənin iqtisadiyyatının demək olar ki, 80 faizi Rusiyadan asılıdır. Hətta Ermənistan əsas silahlarını belə Rusiyadan alır. Rəsmi İrəvan da bu səbəbdən ciddi-cəhdlə Qərbə inteqrasiya etməyə çalışır.

– Bəzi ekspertlər isə Paşinyanın ümumiyyətlə sülhdən yayınmağa çalışdığını düşünürlər. Siz də eyni fikirdəsiniz?

– Xeyr, belə düşünmürəm. Məncə, Paşinyanın sülh müqaviləsini imzalamaq istəməməsi üçün xüsusi əsasları yoxdur. O, sülh müqaviləsini imzalamayıb nə edəcək? Ümumiyyətlə, Azərbaycanla sülh müqaviləsi imzalamamaq ona hansısa dvidentlər qazandırmayacaq. 

Hətta dünya dövlətləri belə, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında maraqlıdırlar. Çünki dünyanın “Orta dəhliz” layihəsi var. Bu layihənin həyata keçməsi üçün həmin ərazidə yerləşən dövlətlərin konflikt içərisində olmamaları dünya dövlətlərinə sərf edir. Ona görə də Ermənistan da Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyir. Nikol Paşinyan sadəcə olaraq, daxilə də manipulativ çıxışlar edir.

– Elə isə Ermənistanın daxilinə keçək. Payızda Nikol Paşinyana qarşı yeni aksiyaların başlayacağı gözlənilir. Lakin ümumi olaraq, keşiş Baqrat Qalstanyanın aksiyalarının fiaskoya uğradığı düşünülür. Sizcə, keşiş planı nə üçün alınmadı?

– Paşinyan hakimiyyətini devirə bilməyən Rusiya keşiş Baqratdan istifadə etməyə çalışdı. Hətta Kreml Ermənistanda Paşinyanın devrilməsi üçün müxalifətə dəstək verdi. Lakin daxildə müxalifətin nəticəsizlik sindromu, erməni cəmiyyətinin artıq Serj Sarkisyan və Robert Köçəryana inanmaması, 44 günlük müharibədən sonra Ermənistanın itkiləri və ermənilərin özlərinin olmayan torpaqlara görə mübarizə apardıqlarını başa düşmələri vəziyyəti dəyişdi. Çünki onlar bütün bunların səbəbkarı kimi keçmiş hakimiyyəti, indiki müxalifəti günahlandırırdılar. 

Ona görə də Baqratın atdığı addımlar yüksələn deyil, azalan istiqamətdə davam etdi. Üstəlik, onun cəmiyyət içərisindəki nüfuzu da aşağı düşdü. Həmçinin, Paşinyan hakimiyyəti də keşişin aksiyalarının geniş vüsət almasına icazə vermişdi. O, ilk andan güc strukturları vasitəsilə buna nəzarət etdi. Əgər icazə verməsəydi, ocaq yerindəcə alovlanardı. Amma hər kəsin öz fikrini ifadə etməsinə icazə verdi. Paşinyan da bu səbəblə Azərbaycanla sülh müqaviləsinin uzanma prosesini uzatmağa çalışdı. O, cəmiyyətə bunun tərəfdarı olmadığını, amma başqa çarəsinin olmadığını da söylədi.

– Serj Sarkisyan, Robert Köçəryan və Baqrat Qalstanyan Nikol Paşinyanı devirə bilmədi. Hətta keşişin payızdakı aksiyalarının da nəticəsiz yekunlaşacağı proqnozlaşdırılır. Belə olduğu halda, Paşinyanın qarşsına çıxacaq yeni rəqib kim olacaq?

– Düşünürəm ki, Nikol Paşinyanı seçki yolu ilə məğlub edəcək və ya devirə biləcək hansısa yeni rəqibin ortaya çıxmayacaq. Nəzərə almaq lazımdır ki, Ermənistan xalqı 2021-ci ilin 20 iyunun da məğlub Baş nazir Nikol Paşinyanı yenidən seçdi.

Yəni Rusiyanın devirə bilmədiyi Paşinyanın Baqratın devirəcəyini zənn etmirəm. Artıq Baqratın nüfuzu da getdikcə tükənməyə doğru gedir. Bundan sonra Paşinyana rəqib olaraq, kimin Baqratı əvəz edə biləcəyi də müzakirə olunmağa başlayıb. Hərçənd ki, meydandakı etirazlarda Baqratı əvəzləyəcək hər hansısa bir siyasinin olacağını düşünmürəm.

Əvvəla bəzilərinin iddia etdiyinin əksinə olaraq, Samvel Şahramanyanın Paşinyana rəqib olması mümkün deyil. Bəlkə də onun yeni rəqibi Qarnik Danielyan ola bilər. Amma onun da liderə çevriləcəyi gözlənilmir.

Elmir Mustafa
“Cebheinfo.az”

https://cebheinfo.az/siyaset/alinmayan-kesis-plani-pasinyanin-yarimciq-muqavile-israri–musahibe_516

Şərh yaz