Ailə bütün cəmiyyətlər üçün ən universal institut hesab olunur. Bu institut nəsilartırmadan başqa bir sıra funksiyaları yerinə yetirir ki, onlar arasında iqtisadi, birgə istehsal və istehlak, sosiallaşmanın funksiyaları, uşaqların müdafiəsi, tərbiyəsi və təhsili, sevgi, birgə vaxt keçirmə və s. var.
Müasir dövrümüzdə fenomenlərin humanitar refleksiyası (Refleksiya dedikdə, birinci növbədə, insanın özünü, öz daxili aləmini dərk etməsi, özünün fikir və hisslərini təhlil etməsi, özünü, öz əməllərini, adamlarla münasibətlərini görmək bacarığını, özü haqqında mühakimələrini nəzərdə tuturlar. Bundan başqa refleksiya – başqa adamların sənə necə münasibət bəslədiyini, necə yanaşdığını, onların səni necə başa düşdüklərini görmək və dərk etmək deməkdir.) və ictimai həyat onu göstərir ki, əsrlər boyu insanlar arasında formalaşmış və sabitləşmiş kommunikasiya qaydalarının pozulması ilə bağlı narahatlıq və həyəcan əbəs deyil. Bununla əlaqədar, ailə probleminə müraciət edilməsi zəruridir. Fərdi qavrayış və ictimai şüurda “ailə” termini özünün humanist və təcrübədən asılı olan mənası ilə fərqlənir. Bu terminin nəzəri dərk edilməsi, çoxsaylı elmi və publisist məqalələrə baxmayaraq, özünün qeyri-müəyyənliyi ilə fərqlənir.
Məlumdur ki, ailə məsələləri təhsilin, elmin təşkiliylə bağlı problemlərin geniş dairəsinə, cəmiyyətdə sağlam həyat tərzinin reallaşdırması üçün şəraitin reallaşdırılmasına toxunur. Ailə sosial cəmiyyətin və sosial münasibətlərin ilkin tarixi formalarındandır və cəmiyyətin miniatür formasını özündə göstərir. Görkəmli qədim roma natiqi, siyasətçi, filosof, yazıçı Mark Tulli Siseron nikahı insan cəmiyyətinin ilk pilləsi sayırdı. Ailə müxtəlif tarixi inkişaf mərhələlərində özünəməxsus spesifik xüsusiyyətlərə malik idi. Cəmiyyətin müasir inkişaf mərhələsində ailə müvafiq olaraq özündə ər-arvad, uşaqlar və valideynlər, qohumlar arasında münasibətlər sisteminin dəyişən formalarını əks etdirir.
Dünyada XX əsrin əvvəllərində artıq kofiqurativ (kofiqurativ mədəniyyətin əsasını eyni mühitdə, eyni cəmiyyətdə yaşan insanların davranış modeli təşkil edir. Burada uşaqlar da, böyüklər də öz həmyaşıdlarından öyrənirlər.) mədəniyyətin təsiri hiss olunmağa başladı, belə ki, nuklear ailələr yaranmağa başladı və bu ailələrdə yaşlı nəslin nümayəndələri-nənə və babalar, ilə nəvələrin əlaqələri getdikcə azalmağa başladı. Ailə təkcə valideyn və övladlarından ibarət oldu. Azərbaycanda bu proses demək olar ki, 1990-cı illərdən sonra özünü göstərməyə başladı. Artıq ənənəvi Azərbaycan ailələri, böyük ailələr, öz aktuallığını itirməyə başladı. Övladlar daha çox valideynlərdən ayrı yaşamağa, müstəqil ailə sahibi olmağa can atırdı. Bu tip ailələrdə uşaqların tərbiyəsinə valideynlərin təsiri bir o qədər də hiss olunmur, əvəzində bu funksiyanı olduğu mühit, kütləvi informasiya vasitələri, məktəblər, cəmiyyətdə mövcud sosial qruplar və s. yerinə yetirir. Bu da təbii ki, nəsilərarası konfliktlərə, mədəniyyətdə varislik prinsipinin pozulmasına gətirib çıxarır. Buna səbəb də uzun illərdir Azərbaycan ailəsinin laqeyd və sistemsiz siyasətdən əziyyət çəkməsidir. Təəssüflər olsun ki, bu da cəmiyyətin formalaşmasına təsirsiz ötüşmür.
Qadınların Azərbaycan vətəndaşlarının 51%-ni təşkil etməsinə baxmayaraq, qadın və uşaqlara yönəlik siyasət də digər mühüm sahələr kimi ölkə vətəndaşlarının maraqlarına cavab vermir.
İctimai və sosial həyatda qadınların rolu və yeri elə də diqqət çəkmir, zorakılığa qarşı effektli mübarizə aparılmır, cinsi zorakılıq aradan qaldırılmır, dövlət və özəl müəssisələrdə gender bərabərliyinə əməl edilmir.
Uşaqlara yönəlik mövcud siyasət də ürəkaçan və gələcəyə yönəlik deyil, cari layihələrdən kənar dövlətin uşaq siyasəti layihələndirilmir. Bütün bu səbəblərdən dolayı, ailə, qadın, uşaq problemləri bizi ən çox narahat edən və prioritet hesab etdiyimiz sahələrdəndir.
Partiyamızın ailə, qadın və uşaq problemləri və gender bərabərliyi məsələləri üzrə öz proqramı var və bu proqramda vacib saydığımız bir çox məsələlərin həlli yolları öz əksini tapıb.
– Ailə sağlamlığının qorunması, uşaq dünyaya gətirilməsi, onların tərbiyə olunması , təhsili müvafiq qurumlar tərəfindən sistemli və ardıcıl proqramla qorunması və nəzarət edilməsi;
– Ailədə milli mənəvi dəyərlərin qorunması ilə yanaşı, azad şəxsiyyət formalaşdıran mühitin saxlanılmasını təşviq etmək;
– Çoxuşaqlılığın dövlət tərəfindən himayəyə götürülməsi;
– Hər bir uşağın doğulmasına görə ailəyə maddi vəsait ödənilməsi və bu vəsait uşaqlar 18 yaşına çatana qədər toxunulmazlığının təmin edilməsi;
– Analıq məzuniyyətinə çıxan qadınlara dövlət dəstəyinin təşkil edilməsi;
– Ailədaxili şiddəti önləyən tədbirlər görülməsi, bundan zərər çəkən qadın və uşaqları qoruyacaq hüquqi normalar, qaynar xətlər yaradılması və s.
Ailə məfhumu cəmiyyət üçün olduğu qədər, hər bir fərd üçün də önəmlidir. Nikaha daxil olmaq onu qorumaqdan, eyni zamanda, valideyn olmaq, ömür boyu valideyn qalmaqdan daha asandır. Bütün nikahlar qurulan zaman onları uğurlu hesab etmək olar, lakin birgə həyat başlayandan sonra bir sıra çətinliklər üzə çıxmağa başlayır.
Ailədə problemlərdən biri qadınlar və kişilərin arasında gender bölgüsüdür ki, bu da fəaliyyətin və sosial rolların növlərinin effektiv bölgüsünü təşkil edir.
Cəmiyyətdəki demokratik dəyişikliklər gender problemlərini yenidən işıqlandırmaqla qadınların cəmiyyətdə yeni maarifləndirici statusunun formalaşmasına şərait yaradır. Eyni zamanda, yeni münasibətlər patriarxal təsəvvür və stereotiplərlə səsləşərək, cəmiyyətin bu və ya digər sferalarında qadının iştirakının sərhədləri haqqında təsəvvürlər formalaşdırır.
Hesab edirəm ki, cəmiyyətin mədəni səviyyəsi onun qadına olan münasibətilə özünü göstərir. Qadınla xoşbəxt olmanın sirri onunla səmimiliyin mənəvi balansını qorumaqdır. Qadına və uşağa olan münasibət kişinin insanlara qarşı nə dərəcədə düzgün və mərhəmətli ola biləcəyinin qüsursuz mənəvi ölçüsüdür.
Ailənin qorunub saxlanmasında qadının rolu olduqca vacibdir. Qadın ailə üçün xilaskar ola biləcəyi qədər, onun dağılmasına səbəbkar da ola bilər. Özünün doğurqanlıq funksiyası ilə əlaqədar qadın nəsillə əlaqədar məsələlərdə sosial cəhətdən daha tez yetişir, ailə işlərində daha düşüncəli və dərin intuisiyaya malik olur.
Ölkə idarəçiliyində gender balansının gözlənilməsi müsbət faktor hesab olunur. Bunun nəticəsi olaraq, bir çox ölkələrin sosial-iqtisadi və idarəçilik sahələrindəki siyasəti gender bərabərliyi istiqamətində aparılır. Hazırki mərhələdə 170-dən çox ölkə 1979-cu ilə qəbul edilmiş Qadınlara qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Konvensiyaya qoşulub. Bu, qadının cəmiyyətdəki yeri və rolunun dərk edilməsi istiqamətində irəliləyiş deməkdir. Lakin, təəssüflə qeyd edə bilərəm ki, hələ də bir çox ölkələr bu istiqamətdə heç bir addım atmayıblar. Üzücü haldır ki, hələ də, heç bir ölkə iqtisadi, siyasi, sosial, mədəni, ailə-məişət sahələrində tam gender bərabərliyinə nail ola bilməyib. Biz də bu ölkələr sırasındayıq.
Gender problemlərinin həllinə yönəldilmiş konsepsiyalar və strategiyalar mövcud dövlət qərarlarının məntiqini əks etdirir. Onlar bu istiqamətdə sosial münasibətləri nizama salan hüquqi-normativ sənədlərlə, təlimatlarla və başqa qaydalarla möhkəmləndirilməlidir.
Qadınların təhsili istiqamətində təhsil modelinin yaradılması zəruridir. Qadın təhsili modeli qadına təhsili başa vurduqdan sonra onun cəmiyyətdə mütəxəssis kimi reallaşmasına, müxtəlif sosial və ailədaxili rolların reallaşmasına təminat verməldir. Qüvvədə olan maarif sistemlərinin tədqiqatı göstərir ki, onlar əsasən cəmiyyətdə kişilərin üstün mövqeyini əks etdirən ənənəvi iyerarxiyanı canlandırırlar. Bununla belə, gender bərabərliyinin milli strategiyalarının analizi onların fərqli xüsusiyyətlərini görməyə imkan verir. Beynəlxalq təcrübələri müqayisə edərkən qeyd edə bilərik ki, müxtəlif dövlətlər bu istiqamətdə öz milli mədəni ənənələr, spesifik siyasi vəziyyət, milli mental xüsusiyyətləri və s. özəllikləri ilə hərəkət edirlər. Məsələn, Fransa Milli Məclisində qadın deputatların payı ənənəvi olaraq, o qədər də çox deyil. Bunu nəzərə alaraq, 2000-ci ildə siyasətdə qadın və kişi bərabərliyinin təmin edilməsi istiqamətində bir sıra qanunlar qəbul edilib. Almaniya Bundestaqında isə əksinə, gender hüquq bərabərləyinin qorunması istiqamətində heç bir hüquqi-normativ aktlar, qanunlar qəbul edilmədiyi halda, bu ölkədə qadınlar demək olar ki, deputat yerlərinin ¾-nü tuturlar.
Azərbaycanda gender problemlərinin vəziyyəti və dinamikasını araşdırarkən qeyd edə bilərik ki, son illərdə Azərbaycan Respublikasında qadınların sosial funksiyalarında, sosial fəaliyyət formalarında müsbət mənada bir sıra dəyişiklik və yeniliklərin baş verir. Bu gün ölkəmizdə qadın problemləri ilə məşğul olan onlarla strukturlar və qeyri-hökumət qadın təşkilatları rəsmi şəkildə fəaliyyət göstərir. Bununla belə, Azərbaycan mədəniyyətində androsentrizm üstün mövqeyini qoruyub saxlayır. Bu isə gender asimmetriyasının, ənənəvi standartlaşmış təsəvvürlərin-gender stereotiplərinin qorunub saxlanılmasını təmin edir. Bu həqiqət genderin inkişafı yolunda ölkəmizdə sosial institutlar, o cümlədən təhsil sistemi qarşısında çox işlərin görülməsi məsələlərini irəli sürür. Müasir cəmiyyətin bütövlükdə və onun ayrı-ayrı institutlarının hərtərəfli inkişafı təhsil sisteminin inkişafı olmadan mümkün deyil. Məlumdur ki, son illər ölkəmizdə dövlət və qeyri-dövlət təhsil müəssisələrinin geniş şəbəkəsi yaradılıb. Azərbaycan Respublikasının qanunvericiliyi qadınların bu müəssisələrdə kişilərlə bərabər hüquqda təhsil almasını təmin edir. Ümumiyyətlə, Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul etdiyi ilk Konstitusiyasında və digər qanunverici sənədlərdə qadın və kişilərin hüquq bərabərliyi, azadlıqları birmənalı şəkildə qətiyyətlə təsbit edilmişdir. Konstitusiyanın 25-ci maddəsində deyilir ki, “kişi və qadının eyni hüquqları və azadlıqları vardır”. 14 yanvar 1998-ci il tarixində Qadın Problemləri üzrə Dövlət Komitəsi, 6 fevral 2006-cı il ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılsa da bu sahədə hələ də nəticələr üzrəkaçan deyil.
Regionlarda da gender bərabərliyi mövzusu bir qədər geridə qalır. Ənənəvi olaraq, qadın və kişilər arasında kəskin əmək bölgüsü mövcuddur. Müvafiq resurs mərkəzlərinin olmaması, stereotiplər və ev işlərinin çoxluğu, özünə inamın zəif olması qadınların sosial aktivliyinə birbaşa təsir edir. Gənc qızlar ictimai fəaliyyətlərə az maraq göstərir, düşünmürlər ki, bu onların gələcək ailə həyatına təsir edə bilər. Gənc xanımların ev, həyat yoldaşı və azyaşlı uşağının qayğısına qalmaq məcburiyyəti, böyüdükləri mühit, üstəlik həyat yoldaşının qısqanclığı onların sosial həyatda daha aktiv mövqeyinə mane olur.
Qaçqın və məcburi köçkünlər, ailə başçısını itirmiş və az təminatlı ailələrdəki qadınlar daha həssas qruplara aid edilir. Həyat yoldaşının vəfatı, müharibədən sonra fiziki imkanlarının məhdudlaşması və ya ölkəni tərk etməsi ailənin bütün yükünü qadının üzərinə salır. Bu cür ailələrdəki qadınlar şəraitdən dolayı daha az bacarıqlara, biliklərə, resurslara malik olduqlarından, digərlərinə nisbətən zorakılığa, ayrı-seçkiliyə daha çox məruz qalırlar. Bu və ya digər obyektiv səbəblərdən regionlarda yaşayan qadınlar təhsildən, inkişafdan geri qalır.
Cəmiyyətdə gender bərabərsizliyinin, qadına qarşı diskriminasiyanın aradan qalxmasına bir çox hallarda təhsil prosesinə edilən dəyişikliklər kömək ola bilər. Lakin bunun başlanğıcı ailə tərbiyəsində, valideynlər və yaxın qohumların bizim ənənəvi mədəniyyətimizdə oğlanlar və qızların assosiasiya olunduqları təsəvvürlərə və anlayışlara düzəliş etmək istəyinin olmasındadır. Uşağın gender identikliyinin qurulması erkən yaşlardan başlayır və insanın həyatı boyu ona düzəliş edilir. Təəssüflə qeyd etmək lazımdır ki, erkən yaşlarından oğlanlar və qızlar üçün informasiya proseslərinin seleksiyası mövcuddur. Məsələn, qızlara gəlinciklər, mətbəx əşyalarına bənzəyən oyuncaqlar almaq və ya nisbətən böyük yaşda musiqi, toxuculuq məktəbinə yazdırmaq və s., oğlanlar üçünsə maşın, robotlar, müharibə və ya fantastik qəhrəmanları əks etdirən oyuncaqlar, kompüterlər və s. almaq, şahmat məktəbinə, üzgüçülüyə yazdırmaq. Bununla da qızların rasional və mücərrəd düşüncə sahəsi bir qədər dar çərçivədə qalır. Onun geniş aspektdə düşünməsinə şərait yaradılmır.
Bu istiqamətdə partiyamızın ailə, qadın, uşaq problemləri və gender bərabərliyi üzrə siyasətinin bir çox istiqamətlər üzrə aparılması nəzərdə tutulub:
- insan və vətəndaş hüquqlarının və azadlıqlarının, xüsusilə, uşaq və qadın hüquqlarının qorunmasını və onların pozulmasının qarşısını almağın yollarını ictimailəşdirmək və təşviq etmək;
- müvafiq sahədə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş normativ tənzimləməni həyata keçirmək;
- müvafiq sahə üzrə dövlət proqramları layihələrinin işlənib hazırlanmasında təkliflərlə iştirak etmək;
- müvafiq sahə üzrə proqramlar və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
- qaçqın və məcburi köçkün qadınların, uşaqların, aztəminatlı ailələrin sosial problemlərini öyrənmək və onların həlli üçün əlaqədar dövlət orqanları qarşısında məsələlər qaldırmaq;
- müasir idarəetmənin və bazar iqtisadiyyatının əsaslarının öyrənilməsi istiqamətində, qadınlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, ailə kəndli təsərrüfatlarının yaradılmasında müvafiq aidiyyatı qurumlara təkliflərin verilməsini təmin etmək;
- məşğulluq strategiyasının həyata keçirilməsi istiqamətində partiya siyasətinə uyğun olaraq, qadınların müxtəlif yeni peşələrə yiyələnməsi və ixtisaslarının artırılması məqsədi ilə layihələr hazırlamaq və əlaqədar təşkilatlara təkliflər vermək;
- ailə başçısını itirmiş şəhid ailələrinin, tək anaların, xüsusilə əlil qadınların və uşaqların problemlərinin dövlət orqanları tərəfindən həlli məqsədi ilə proqram və vəsatətlərlə çıxış etmək və s.