20 Yanvar tariximizin ŞƏRƏF və QƏHRƏMANLIQ səhifəsidir

SSRİ-nin dağılma prosesinin başlanması ilə keçmiş birliyə daxil olan ölkələrin bir çoxlarında milli azadlıq hərəkatları baş qaldırmışdı. O cümlədən Azərbaycanda da azadlıq və ərazi bütövlüyü uğrunda mübarizə gedirdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycanda kommunist rejimini saxlamaq və milli azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya 35 minlik ordu yeridildi. Yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Yanvarın 19-u axşam saatlarında Azərbaycan televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə
Bakı şəhərinə fövqəladə vəziyyət elan edilmədən keçmiş Sovet İttifaqının qoşun hissələri  yeridildi, dinc əhaliyə divan tutuldu, yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin düşdü. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir. Fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız səhər saat 7-00-da respublika radiosu ilə elan olundu.

20 Yanvar hadisəsi Azərbaycanda ondan əvvəlki faciəli hadisələr kimi XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırım, sovet hakimiyyəti illərində torpaqlarımızın tədricən ilhaq olunması, nəticədə 125 min kv.km-dən 86.6 min kv.km-dək azalması, sovet hakimiyyətinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin nəticəsidir.

O dövrdə Azərbaycanda, eləcə də Qazaxıstan, Gürcüstan və Litvada törədilən vəhşiliklər milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirdi.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqiliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu göstərdi.

Həmin faciədən 31 il ötür. 1990-cı il nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, mübarizə əzmini qıra bilmədi. O gecə həlak olan vətən övladları Azərbaycan tarixinə parlaq səhifə yazdılar və xalqın müstəqilliyi, milli azadlığı üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə Qanlı 20 Yanvar xalqımızın ŞƏRƏF və QƏHRƏMANLIQ səhifəsi kimi yazılmışdır.

Vətən azadlığı və suverenliyi uğrunda özlərini qurban verən şəhidlərin xatirəsi hər zaman qəlbimizdə yaşayır və yaşayacaqdır. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm.

Yaşasın Müstəqil Azərbaycan!
Var olsun Azərbaycan ordusu!

İlahə Sadıqova
Ümid Partiyası sədrinin ailə, qadın, uşaq problemləri və gender bərabərliyi məsələləri üzrə müavini

Şərh yaz