15 sentyabr Bakının erməni işğalından azad edilməsi günüdür

20

Sentyabrın 15-i Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündür.

102 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Azərbaycan və türk əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir.

1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Belə olan halda Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək olmazdı. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığında hərbi qüvvələrini Azərbaycana göndərdi.

Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi.

Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.

Ümid Partiyasının sədri İqbal Ağazadə 15 sentyabr tarixi günü haqqında bunları deyib: “Hər kəs 15 sentyabr tarixini Azərbaycanın şanlı tarixlərindən biri kimi qeyd edir. Dəfələrlə Parlamentdə də səsləndirmişik, bu gün də deyirik, 15 sentyabr tariximizə rəsmi olaraq şanlı gün kimi də daxil edilməlidir.

Biz bu gün Nuru Paşanı, şəhid olan mehmetçikləri, o cümlədən dörd minə yaxın Azərbaycan türkünü daim anırıq və anacağıq. Allah bütün şəhidlərimizə rəhmət etsin”.

Qeyd edək ki, Osmanlı qoşunları bu döyüşlərdə 1130 şəhid verdi. Azərbaycan xalqı növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də bu hadisəni qeyd edir, şəhid əsgərlərin xatirəsini anır.

Ümid Partiyasının Mətbuat Xidməti

Şərh yaz